Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:43

Moskva ABŞ-ı Rusiya vətəndaşlarının ‘ovuna çıxmaqda’ ittiham edir


Aleksey Burkov (ortada)
Aleksey Burkov (ortada)

Rusiyanın Vaşinqtondakı səfirliyi, İsrail Rusiya vətəndaşını ABŞ-a ekstradisiya etdikdən sonra rəsmi diplomatik etiraz notası verdiyini bildirib.

Sözü gedən Rusiya vətəndaşı ABŞ-da kart fırıldağı yolu ilə Amerika vətəndaşlarından 20 milyon dollar oğurlamaqda şübhəli bilinir.

Aleksey Burkov iki il əvvəl İsraildə ABŞ-ın orderi əsasında saxlanmışdı.

Rusiya səfirliyi noyabrın 13-də özünün Facebook səhifəsində yazıb ki, Vaşinqton bütün dünya boyunca Rusiya vətəndaşlarının “ovuna” çıxıb.

Bəyanatda deyilir ki, bu xüsusda ABŞ Dövlət Deparamentinə göndərilmiş rəsmi notada Aleksey Burkovun hüquqlarına ehrtiram göstərilməsi tələb edilir.

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Burkova qarşı “internet vasitəsilə fırıldaqçılıq, bank kartları fırıldaqçılığı, kompüter müdaxiləsi, kimlik oğurluğu və çirkli pulların yuyulması” ittihamları irəli sürülüb.

Noyabrın 12-də Virciniya məhkəməsinin dinləməsində deyilib:

"Məhkəmə sənədlərində Burkovun “Cardplanet” saytını idarə etdiyi iddia olunur. İddia edilir ki, o bu sayt vasitəsilə kompüter müdaxiləsi ilə əldə etdiyi kart nömrələrini satırmış. Onun satışa çıxardığı kartların əksəriyyəti ABŞ vətəndaşlarına məxsusdur. Bu da iddia edilir ki, Burkovun satdığı kredit kartları məlumatı vasitəsilə ABŞ-da 20 milyon dollarlıq fırıldaqçı alış əməliyyatı aparılıb”.

Əgər bütün ittihamlar üzrə təqsirli bilinərsə, Burkovu 80 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Burkov 2016-cı ilin dekabrında İsraili tərk edərkən saxlanıb.

Ötən ay İsrailin ədliyyə naziri Amir Ohana şübhəlinin ABŞ-a ekstradisiya olunmasına dair orderi imzalyıb.

Noyabrın 10-da İsrailin Ali Məhkəməsi Burkovun bu orderdən şikayətini rədd edib.

Bundan əvvəl Rusiya Burkovu ABŞ-İsrail vətəndaşı, hazırda Moskva həbsxanasında olan Naama Issachar-la dəyişməyi təklif etmişdi. Xanım Issachar üstündə marixuana tutulduğuna görə 7 il yarım azadlıqdan məhrum edilib.

26 yaşlı Issachar-ın mümkün bağışlanması məsələsi Rusiya prezidenti Vladimir Putin İsrail baş naziri Benjamin Netanyahuya onu 70 yaşı münasibətilə təbrik etmək üçün zəng edəndə də müzakirə olunmuşdu.

Nyu Cersi doğumlu Issachar aprel ayında Moskva hava limanında həbs edilmişdi. Polis onun baqajından 10 qram anaşa tapdığını bildirmişdi.

Issachar həbs olunanda Hindistandan İsrailə uçurdu və Rusiya hava limanında tranzit zonanı tərk etməməli idi.

XS
SM
MD
LG