Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:16

'Qərbin sanksiyaları fonunda hətta Rusiyaya yaxın dövlət bu ittifaqa qoşulmaz'


Rusiya-Belarus İttifaq dövlətinin əsası 1996-cı ildə qoyulub.
Rusiya-Belarus İttifaq dövlətinin əsası 1996-cı ildə qoyulub.

Bugünlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Rusiya 2021-ci ildə bu ölkəni Rusiya-Belarus İttifaq dövlətinə üzv etməyə çalışıb: "Erməni xalqı parlament seçkilərdə öz seçimini edərək onun bu planını pozub".

Üstəlik, hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü Qaqik Melkonyan "Azatutyun"a açıqlamasında bildirib ki, Ermənistan sözügedən ittifaq dövlətinə qoşulsa, ölkəsi müstəqilliyini itirəcək.

Artıq bir neçə ildir keçmiş SSRİ respublikalarını həmin ittifaqa üzv etmək planları barədə söhbətlər gedir.

2021-ci ildə Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko "2021-2023-cü illərdə Belarus və Rusiya İttifaq dövlətinin yaradılması haqqında Müqavilənin icrasının əsas istiqamətlərinə dair" sənədləri qarşılıqlı imzalayıblar. Anlaşma iki dövlət arasında müdafiə, xarici siyasət daxil olmaqla 28 sahə üzrə daha da sıx inteqrasiyanı nəzərdə tutur.

Bəzi ekspertlər bunu yeni SSRİ-nin yaradılmasına doğru bir addım kimi qiymətləndirirlər.

Bəs Azərbaycan da oxşar təkliflər ala bilərmi və alarsa, onun tutumu necə olmalıdır?

E.Məmmədov
E.Məmmədov

Deputat: "Kiminsə xəyalından yenidən Sovet İttifaqı keçirsə..."

Suala, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov "Turan"a bildirib ki, Azərbaycan 2022-ci ildə Rusiya Federasiyası ilə müttəfiqlik haqqında sənəd imzalayıb: "Bundan başqa da, Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvüdür. Azərbaycan da, Rusiya da, Belarus da MDB-nin üzvləridir. Kiminsə xəyalından keçirsə ki, yenidən bir Sovet İttifaqı yaranacaq, hesab edirəm ki, bu olmayacaq".

Deputat daha sonra da Ermənistanla bağlı deyib: "Bugünlərdə onlar baş nazir Paşinyanın tapşırığı ilə məqsəd qoyublar ki, Avropa İttifaqına üzv olsunlar. Bu, absurd fikirlərdir. Eyni zamanda onlar Rusiya ilə əməkdaşlıqdan tam imtina etmək və istiqamətlərini Qərbə çevirmək məsələsini gündəmdə saxlayırlar. Hesab edirəm ki, Rusiya Ermənistanın bu meyllərinə biganə qalmayacaq".

E.Şahinoğlu
E.Şahinoğlu

"Azərbaycan, yəqin ki, bundan imtina edəcək"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə mövzu ilə bağlı AzadlıqRadiosuna açıqlamasında ehtimal edib ki, Rusiya-Belarus İttifaq dövlətinə üzv olmaq təklifi bir neçə ölkəyə edilib: "Ermənistandan başqa bu təklif Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərə edilə bilər".

Ekspert Azərbaycana belə bir təklif olunduğunu zənn etmir: "Bizim Rusiya və Belarusla münasibətlərimiz normaldır. Amma biz nə KTMT, nə də Avrasiya İqtisadi Birliyinə üzvük. Biz Qoşulmama Hərəkatına ona görə üzv olduq ki, belə bir siyasi və hərbi bloklardan uzaq olaq. Bütün bunlar varkən, belə təklif olsa belə, Azərbaycan, yəqin ki, bundan imtina edəcək".

E.Şahinoğlunun fikrincə, heç bir dövlət Rusiya-Belarus birliyinə qoşulmaq istəmir: "Əlbəttə ki, Rusiya istəyərdi ki, həmin ittifaq güclənsin. Amma Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə görə Qərbin tətbiq etdiyi sanksiyalar fonunda hətta Rusiyaya yaxın heç bir dövlət bu ittifaqa qoşulmaz".

XS
SM
MD
LG