Ötən həftəsonu Rusiyanın 100-dək şəhərində antikorrupsiya etirazları keçirildi. Kreml bu etirazların miqyasına və gözlənilməzliyinə hazır deyildi. Amma deyəsən, hətta etirazların təşkilatçılarına belə daha çox gənclərin küçəyə çıxması təəccübləndirdi. «The New York Times» qəzetində Andrew Higgins və Andrew E.Kramer yazırlar ki, yeniyetmə çağlarında, yaxud 20 yaşlarında olanlar, çoxu 17 illik Vladimir Putin idarəçiliyindən savayı bir şey görməyənlər bu etirazların ən yaddaqalan sifəti idi.
BUZUN NAZİKLİYİ ÜZƏ ÇIXDISA...
«Onların …hakimiyyətə meydan oxuyan entuziazmının qısamüddətli olacağı, yaxud yeni bir eraya yol açacağı aydın deyil. Heç bu qəzəbin Putin-in populyarlığına təsir göstərəcəyi də bilinmir. Amma bazar günü etirazlarına reaksiyanın sərtliyi Putin iyerarxiyasının işi şansa buraxmadığını üzə çıxardı», – məqalədə deyilir.
Rusiyalı jurnalist, illərdir ölkədə gənclər mədəniyyətini araşdıran Artyom Troitsky deyir ki, Moskvadakı etirazlara bu qədər gəncin çıxması özəlliklə vacibdir. Çünki gənclər həmişə dəyişikliyin katalizatoru olublar və onların varlığı son illər sərgilədikləri siyasi həvəssizliyin geridə qaldığını ortaya qoyur.
Korrupsiyaya qarşı etirazların təşkilatçısı Aleksei Navalny 15 sutkalığa həbs olunub.
Navalny Rusiyada donmuş siyasi üfüqlərin buzunu aça bildi və postputin erasının da nə vaxtsa gələcəyini, bunun mümkünlüyünü üzə çıxardı. London Kral Kollecinin Rusiyada etiraz hərəkatları üzrə eksperti Samuel A.Greene belə düşünür. «Adamlar buzun nazikliyinə əmin olandan sonra onun qalınlığının əhəmiyyəti qalmır və bundan sonra hər şey sürətlə dəyişə bilər», – o, sözlərinə əlavə edir.
HAKİMİYYƏTİN RESURSU AZALIB
YouTube sosial şəbəkəsində baş nazir Dmitry A.Medvedev-in yol verdiyi iddia olunan korrupsiyadan söz açan videoya 13 milyondan çox adam baxıb. Elə etirazlara səbəb də Navalny-nin korrupsiya araşdırmasını hakimiyyətin gözardı etməsi olub.
Müəlliflər yada salırlar ki, Kreml nə vaxtsa gənc rusiyalıların enerjisini məharətlə müxalif cəbhədən uzaqlaşdırır, «Bizimkilər» (Naşi) və digər putinpərəst gənclik hərəkatlarına yönəldirdi. Vaxtilə prezidentin daxili siyasət müşaviri işləmiş Aleksei A.Chesnakov deyir ki, son illər hökumət bu dəstəyi geri çəkib. Artıq hakimiyyət əks-etirazlar keçirə, gəncləri məşğul edə bilmir.
«İndi hökumət polisdən tələb edir ki, administrativ metodlarla müxalifətin xətti keçməsinə imkan verməsin», – o vurğulayır.
PUTIN-İ DƏSTƏKLƏYƏNLƏR
Amma məqalədə o da qeyd olunur ki, paytaxtdakı dinamikaya baxmayaraq, rusiyalıların çoxu Putin-i dəstəkləyirlər. «Levada» Mərkəzinin fevralda keçirdiyi rəy sorğusunda respondentlərin 84 faizi prezident kimi Putin-in işindən razı olduğunu deyib. 2015-ci ildə bu cavabı verənlər 86 faiz idi.
Moskvada daha öncəki etirazlardan sonra Kreml, əsasən, şəhərdə yaşam keyfiyyəti məsələlərinə fokuslanırdı. Hətta hökumətyönlü təhlilçilər belə bunun yanlış olduğunu deyir, narazılığı yatırmayacağını bildirirdilər.
«Orta sinif və gənclər xoşbəxt deyillər. Onları səkilər və parklar narahat etmir. Səkilər və parkların olması yaxşıdır, amma camaat istəyir ki, hökumət onlara qulaq assın. Orta sinif heç də ona heç nə çatmadığından narazı deyil, istədiyi başqa şeydir. Hökumət soruşur ki, «səkinin genişləndirilməsini istəyirsiz?». Onlarsa «daha şəffaf hökumət istəyirik» cavabını verirlər, – təhlilçi Chesnakov söyləyir.