Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 13:54

Rusiya hərbi texnikasının Şimali Koreya sərhədinə doğru cəmləşdiyi xəbər verilir


YouTube saytında dərc olunmuş videolardan birində ağır tanklar yüklənmiş qatarlar hərəkət edir
YouTube saytında dərc olunmuş videolardan birində ağır tanklar yüklənmiş qatarlar hərəkət edir

Rusiya özünün Şimali Koreya ilə 40 kilometrlik sərhədi zonasına ağır hərbi texnika və canlı qüvvə cəmləşdirir.

Reuters və Qərb mediası xəbər verirlər ki, Moskvanın bu addımı ABŞ və Şimali Koreya arasında hərbi toqquşmanın baş verə biləcəyi ehtimalı ilə bağlıdır.

Bundan bir qədər əvvəl BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanın raket sınaqları pislənib və Pxenyana qarşı yeni saksiyalar müzakirə olunub.

AzadlıqRadiosu yazır ki, Rusiya Pxenyana gələcək raket sınaqlarını qadağan edən qətnamənin qəbulunu bloklayıb, halbuki Şimali Koreyanın ənənəvi müttəfiqi Çin ABŞ tərəfindən tərtib olunmuş birgə bəyanatı dəstəkləyib.

Rusiya bu qətnaməyə problemin “dialoq yolu ilə həlli zərurəti” barədə müddəanın əlavə edilməsini istəyirdi.

Ötən ay BMT TŞ Pxenyanın üç raket sınağı keçirməsini pisləyən bəyanatı yerkdilliklə qəbul etmişdi.

Bu arada Şimali Koreya hakim Fəhlə Partiyasının “Rodonq Sinmun” qəzeti aprelin 20-də yazıb ki, “əgər supergüclü önləyici zərbə endirilərsə, bu nəinki ABŞ imperialistlərinin Cənubi Koreyadakı müdaxilə qüvvələrini yer üzündən siləcək, o hətta ABŞ-ın öz torpağını külə döndərəcək”.

Belə görünür ki, bu, Rex Tillerson-un Şimali Koreya üzərinə təzyiqləri artırmağın zərurəti barədə bəyanatına Pxenyanın cavabı olub.

Xəbər verilir ki, ABŞ-ın Carl Vinson təyyarədaşıyanı Şimali Koreya sularına doğru hərəkət edə bilər. ABŞ hərbi gəmilərindən ibarət eskadrilya hazırda Hind okeanındadır.

Cari təlim?

Bu arada Rusiyanın Uzaq Şərqindəki sakinlər və yerli media ağır texnika daşıyan hərbi karvanların Koreya sərhədinə doğru hərəkət etdiyini bildiriblər.

Rusiya internet istifadəçilərinin videolarında ağır tankları daşıyan dəmir yolu qatarlarının hərəkət etdiyi görünür.

Vostok Medianın verdiyi xəbərlərə görə Xabarovsk-Vladivostok magistralı boyunca həm də hərbi helikopterlər uçur.

Rusiyanın hərbi rəsmiləri hərəkətlərin cari təlimlə bağlı olduğunu bildirirlər.

Şərq Hərbi Rayonunun sözçüsü polkovnik Aleksandr Qordeyev deyib ki, hazırda Baykaldan Çukotkayadək hərbi hissə və bazaların döyüş hazırlığı yoxlanır.

Qordeyev Xabarovsk yaxınlığında şəkilləri çəkilmiş Tor raketlərinin Buryatiyadakı hərbi təlimlərdən qayıtdığını bildirib.

Qoşunların hərəkəti barədə Kremldən heç bir rəsmi bəyanat olmayıb.

Rusiya mediasında yayılmış xəbərlərdə deyilir ki, Moskva, ABŞ və Şimali Koreya arasında toqquşma baş verəcəyi təqdirdə Şimali Koreyadan böyük qaçqın axını ola biləcəyindən narahatdır.

XS
SM
MD
LG