Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:17

Ukraynalı qaçqınların sayı 5 milyonu keçir


Azovstal yaxınlığında Rusiya əsgəri
Azovstal yaxınlığında Rusiya əsgəri

Azovstal-da ukraynalı komandir kömək istəyib, dəniz piyadalarının “son günlərini, bəlkə də saatlarını yaşadığını” deyib

Rusiya Ukraynaya səbəbsiz təcavüzə başlayandan 5 milyondan çox ukraynalı ölkəsindən qaçqın düşüb. Bu, 2-ci Dünya müharibəsindən bəri Avropada ən böyük qaçqın axınıdır. Məlumatı BMT-nin qaçqın agentliyi (UNCHR) yayıb.

Qurumun aprelin 20-də yaydığı məlumata görə, fevralın 24-də müharibə başlayandan 5 milyon 34 mindən çox ukraynalı ölkəsindən qaçıb.

Onların 90 faizinin qadınlar və uşaqlar olduğu bildirilir, çünki Kiyev hakimiyyəti hərbi xidmət yaşında kişilərin ölkədən çıxmasına icazə verməyib.

BMT-nin aprelin 5-də yaydığı məlumata görə, Ukrayna daxilində 7.1 milyonadək insan müharibəyə görə evindən didərgin düşüb.

Qaçqınların təxminən 2.83 milyonunun Polşaya getdiyi bildirilir. İkinci yerdə Rumıniya gəlir, 757 mindən çox qaçqını qəbul edib.

***

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel aprelin 20-də Kiyevə qəfil səfər edib. Məqsəd Rusiyanın səbəbsiz işğalına qarşı Ukraynaya dəstək nümayişidir.

“Bu gün Kiyevdəyəm. Azad və demokratik Avropanın ürəyində”, – deyə Mişel dəmiryolu vağzalından fotosunu paylaşıb.

Mişeldən öncə Avropanın bir sıra liderləri, Britaniyanın Baş naziri Boris Conson, Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen Ukraynaya dəstək məqsədilə bu ölkədə olublar.

Mariupoldan evakuasiya üzrə ilkin razılaşma

Kiyev aprelin 20-də mühasirədə olan Mariupol şəhərindən qadınların, uşaqların və yaşlıların evakuasiyasından ötrü humanitar dəhlizlə bağlı Rusiya ilə ilkin razılaşma əldə edib. Məlumatı Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk verib.

“Mariupolda fəlakətli humanitar vəziyyəti nəzərə alsaq, bu gün cəhdlərimizi buraya cəmləməliyik”, – Vereşçuk Facebook-da yazıb.

O, evakuasiyanın yerli vaxtla günorta 2-də başlanacağını deyib.

Mariupolun meri Vadim Boyçenko deyib ki, şəhərdən 90 avtobusla 6 min insanın çıxarılacağına ümid edirlər.

Boyçenko Mariupolda 100 minədək dinc sakinin qaldığını, indiyədək onminlərlə insanın öldürüldüyünü söyləyib.

Martın 5-dən Mariupoldan dinc sakinlərin çıxarılması baş tutmayıb. O vaxtdan dəfələrlə humanitar dəhliz açmaq cəhdləri alınmayıb və tərəflər buna görə bir-birini ittiham edib.

***

Rusiya mühasirəyə aldığı Mariupol liman şəhərində sənaye kompleksini qoruyan ukraynalıların təslim olması üçün yeni ultimatum verib.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, “sırf humanitar prinsiplərə əsaslanan Rusiya silahlı qüvvələri millətçi batalyonlardan olan döyüşçülərə və əcnəbi muzdlulara aprelin 20-də Moskva vaxtıyla 14:00-dək döyüş əməliyyatlarını dayandırmağı, silahı yerə qoymağı təklif edir”.

“Hərəmizə 10 düşmən əsgəri düşür”

Ukrayna ordusunun aprelin 20-də səhər yaydığı məlumata görə, Rusiya qüvvələri Azovstal polad zavoduna hücumu davam etdirir. Zavodda Ukrayna əsgərləri və dinc şəxslərin olduğu deyilir.

Azovstal-da ukraynalı komandir kömək istəyib, dəniz piyadalarının “son günlərini, bəlkə də saatlarını yaşadığını” deyib.

“Hərəmizə 10 düşmən əsgəri düşür”, – 36-cı dəniz piyadaları briqadasından Sergey Volina deyib.

Mariupolun tam tutulması Rusiya üçün 2014-cü ildə ilhaq etdiyi Krımla Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazilər arasında quru əlaqəsi deməkdir.

Ukrayna ordusu son 24 saat ərzində Donetsk və Luqanskda Rusiya qüvvələrinin 10 hücumunu dəf etdiyini bildirir.

Danışıqlar alınmır

Kiyevlə Moskva martın 29-dan üzbəüz danışıq aparmayıblar. Tərəflər bir-birini danışıqların alınmamasına görə ittiham edir.

“Danışıqların növbəti üzbəüz raundunun nə vaxt keçiriləcəyini demək çətindir, çünki rusiyalılar ‘xüsusi əməliyyatın ikinci mərhələsi’ndən ciddi şəkildə danışırlar”, – Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak deyib.

Aprelin 19-da ABŞ Prezidenti Co Baydenin bir sıra ölkələrin liderləri ilə videokonfransından sonra Ukraynaya daha çox hərbi yardım barədə razılığa gəlinib. Bayden ABŞ-ın Ukraynaya artilleriya göndərəcəyini deyib.

Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya Kiyevi, digər iri və strateji şəhərləri tuta bilməyib. Hazırda Moskva məqsədinin Donetsk və Luqansk vilayətlərinin tam tutulması olduğunu deyir. Rusiya 2014-cü ildən Ukraynanın şərqindəki separatçıları dəstəkləyir.

XS
SM
MD
LG