Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:51

Azərbaycan Rusiyadan üçtərəfli bəyanatın yerinə yetirilməsini istəyir


Xankəndində Rusiya qoşunları
Xankəndində Rusiya qoşunları

Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistanın Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə silahlı qüvvələr göndərməsinə dair məlumatlara münasibət bildirib.

Açıqlamada qeyd edilir ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin üçtərəfli bəyanatına uyğun Ermənistan silahlı qüvvələrinin qalıqlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən tam çıxarılması təmin olunmayıb: "Son günlər Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur".

Açıqlamaya görə, Azərbaycan ordusu adekvat tədbirlər görür və bu kimi hallara imkan verilmir. Bildirildiyinə görə, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır: "Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutyunyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da "yeni müharibələr, yeni ərazilər" adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi...".

Vurğulandığına görə, Azərbaycan ordusu bütün adekvat tədbirlərin görülməsini təmin edəcək.

Nazirlik hesab edir ki, Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.

Bu açıqlamaya, hələlik, Rusiya Federasiyası sülhməramlı qüvvələrinin və Ermənistan tərəfinin münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG