Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:29

Peyk görüntüləri göstərir ki, Rusiya Ukraynaya qarşı savaşı üçün istehsal həcmini artırır


"Rusiya müharibəni bitirmək niyyətində deyil".
"Rusiya müharibəni bitirmək niyyətində deyil".

AzadlıqRadiosu Ukrayna xidmətinə aid "Sxemı" araşdırma layihəsi peyk görüntülərini incələyərək Rusiyanın silah istehsalı sahəsində imkanlarını genişləndirməyə çalışdığı qənaətinə gəlib. Ukraynaya qarşı tammiqyaslı müharibənin sonunun görünməməsi fonunda Rusiya yeni silah zavodları qurmağa məcburdur.

Hərbi təyyarələrdən döyüş helikopterlərinə, hərbi dronlardan yönəldilə bilən mərmilərədək ən müxtəlif silahlar istehsal edən bu müəssisələrin arasında dövlət nəzarətində olan hərbi zavodlar da var, dövlət-özəl tərəfdaşlığı prinsipi ilə işləyən müəssisələr də, mülki qurumların işlətdiyi silah-sursat istehsalı və təmiri zavodları da. "Sxemı" peyk görüntülərini təhlil edərək bəzi zavodların genişləndirildiyini, bəzilərinin isə sıfırdan yaradıldığını üzə çıxarıb.

"Rusiya bu müharibəni hələ çox uzatmaq fikrindədir"

Sentyabr ayında Rusiya hökuməti gələn ilə təklif olunan büdcə layihəsini açıqlayıb. Yeni tarixdə ilk dəfədir ki, Rusiya ÜDM-sinin 6 faizi hərbi xərclərə sərf olunacaq və müdafiə xərcləri sosial xərcləri üstələyəcək.

Ukraynalı hərbi təhlilçi Mixaylo Jiroxov deyir ki, belə hərbi zavodların ölkə boyunca sürətlə tikilməsi Kremlin Ukraynaya qarşı müharibəni yaxın zamanlarda bitirmək fikrində olmadığının göstəricisidir.

"Rusiya bu müharibəni hələ çox uzatmaq fikrindədir və onu bitirmək niyyətində deyil", - Jiroxov "Sxemı"ya söyləyib.

AzadlıqRadiosunun müxbiri Kırılo Ovsyaninin yazdığı məqalədə deyilir ki, aşkar edilən müəssisələrdən birincisi "Rostex" Rusiya dövlət hərbi şirkətinin nəzarətindəki aviasiya zavodudur. Zavod Kazandakı Borisoqlebskoye mülki hava limanının yaxınlığında yerləşir. Bura Moskvadan 830 kilometr uzaqlıqdadır.

Kazan Aviasiya Zavodu
Kazan Aviasiya Zavodu

"Sxemı" bu anqarın tikilmə prosesini ABŞ-ın "Maxar Technologies" və "Planet Labs" şirkətlərinin təqdim etdiyi peyk görüntülərinin yardımı ilə izləyib. Görüntülərdən bilinir ki, tikintiyə hələ 2018-ci ildə başlansa da, Ukrayna üzərinə hücumun başlanmasınadək inşaat ləng gedib. Daha sonra iş sürətlənib; son görüntülərsə anqarın, demək olar, tamamlandığını göstərir.

Adında "mülki" sözü olsa da…

Bu zavod uzun zamandan bəri mülki və hərbi təyyarələrin təmiri və ehtiyat hissələrin istehsalı ilə məşğul olub. Sovet və Rusiya hava gəmiləri üzrə mütəxəssis Anatoli Xrapçinski "Sxemı"ya bu kompleksin sovet dönəmində ən mühüm strateji müəssisələrdən biri olduğunu deyib. Onun sözlərinə görə, bu kompleks hərbi təyyarələrin, özəlliklə Tu-16, Tu-22, Tu-160 kimi bombardmançı təyyarələrin istehsalında mühüm halqa olub.

İyun ayında Rusiyanın "Rossiya-1" dövlət televiziya kanalı zavod, yeni anqar və müəssisənin tarixi haqda reportaj yayımlayıb. Reportajda yeni anqarın uzunluğunun 300 metr olduğu və zavodda Tu-214 sərnişin təyyarələrinin istehsal edildiyi bildirilib.

Xrapçinskiyə görə, bu zavod hər zaman strateji təyyarələr üzərində işləmək gücündə olub. Sovet modellərinin çoxu hələ də Rusiya hərbi hava qüvvələri tərəfindən istifadə edilir. Onun sözlərinə görə, peyk görüntüləri bu müəssisədə Ukraynada istifadə edilən köhnə təyyarələrin təmiri və yenilənməsi üçün yeni imkanların yaradıldığını göstərir. O, belə təyyarələrə misal olaraq Tu-22M3 və Tu-160 modellərinin adını çəkib.

İrkutsk Aviasiya Zavodu
İrkutsk Aviasiya Zavodu

Dövlətə aid başqa bir təyyarə zavodu Moskvadan 5 min kilometr şərqdə, İrkutsk şəhərində yerləşir. Məqalədə deyilir ki, bu zavod Su-30 döyüş təyyarələri üçün ehtiyat hissələri istehsal etmək gücünü artırmaqdadır.

Ural Mülki Aviasiya Zavodu isə adında "mülki" sözü olsa da, eyni zamanda Mi-2, Mi-8, Mi-24 və Ka-52 kimi hərbi helikopterlərdə istifadə edilən mühərrik və sürət qutuları buraxır. Rusiya ordusu bütün bu helikopter modellərindən Ukraynada apardığı müharibədə geniş istifadə edir.

Ural Mülki Aviasiya Zavodu
Ural Mülki Aviasiya Zavodu

Mediada işçi çatışmazlığına diqqət çəkilib

Uralda, Yekaterinburqda yeləşən bu zavodda istehsalın son zamanlar artdığı görülür. Sentyabr ayında bir neçə yerli media orqanı zavodda istehsal artdığından işçi çatışmazlığının yarandığına diqqət çəkib.

Bu zavodda əlavə sex binasının tikintisinə 2021-ci ildə başlandığını, ancaq müharibə başlayandan sonra tikintinin sürətlə bitirildiyini peyk görüntülərindən görmək mümkün olub.

Moskvadan şimalda, Dubna şəhərində yeləşən maşınqayırma zavodu Taktiki Raket Silahları Korporasiyası nəzdində fəaliyyət göstərən "Raduqa" şirkətinə məxsusdur. Həmin korporasiya dövlətə məxsus müdafiə şirkətidir.

Dubna maşınqayırma zavodu
Dubna maşınqayırma zavodu

Bu şirkət X-22, X-55 və X-101 raketlərini istehsal edir. Rusiya bu raketlərin hər birindən geniş yararlanır və bunlarla Ukraynaya məxsus enerji infrastrukturunu, yaşayış binalarını və digər mülki obyektləri vurub.

2021-2023-cü illərə aid peyk görüntülərinin müqayisəsi göstərib ki, zavodun ərazisində 2021-ci ildən etibarən tikilən yeni iri bina bu il tamamlanıb.

İctimaiyyətə açıq bilgilərə görə, yeni zavodun özəl sahibi təməli 2021-ci ildə qoyulan "Kronştadt" şirkətidir. Bu şirkət insansız hava maşınlarının (İHM) istehsalı ilə məşğuldur. Şirkət "Orion" və "Helios" modelləri də daxil, hərbi dronlar istehsal edir.

XS
SM
MD
LG