Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:57

Rusiyanı nə gözləyir


Siyasi karikatura
Siyasi karikatura

Son seçkilərdən sonra ölkənin seçki qanunlarına azı 19 dəfə baxılıb. Məsələn, səsvermə üç gün ərzində keçiriləcək ki, bu da saxtalaşdırma imkanlarını artırır, elektron səsvermə tətbiq olunur və sairə

Rusiyada müxalifət fəallarına, müstəqil jurnalistlərə, tanınmış vətəndaş cəmiyyəti qurumlarına təzyiqlər artır. Bu, Kremlin idarəçiliyi ilə keçiriləcək daha bir seçkinin prelüdüdür, yoxsa ölkənin yenidən formalaşdırılmasının əlaməti? AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşları Mumin Shakirov, Aleksandra Vaqner və Robert Koalson bu suallara cavab axtarırlar.

Prezident Vladimir Putinin Dövlət Dumasına 17-19 sentyabr seçkisilə bağlı əndişəsinə çox az adam şübhə edir.

Axı, hakim Vahid Rusiya partiyasına dəstək ölkə üzrə 30 faizdən az, Moskvada 15 faiz civarındadır. Üstəlik, Putinin şəxsi reytinqinin azaldığı bir dönəmdə parlamentin aşağı palatasında üçdə iki çoxluğu təmin etmək çətinləşə bilər.

Daha repressiv diktatura

“Mümkün saxtalaşdırmaya rəğmən, onların qarşısında çətin məsələ dayanır, çünki hər şeyi saxtalaşdıra bilməzsən”, – Corctaun Universitetinin siyasi təhlilçisi Mariya Sneqovaya deyib.

Amma müşahidəçilərin fikrincə, Rusiya boyunca təzyiqlərin miqyası seçkilərə nəzarət etmək istəyini aşır. Axı, tarixçilər, akademiklər də hədəfə alınıb. Aktyorlar, teatrlar da yaddan çıxmayıb. Seçkiylə birbaşa əlaqəsi olmayan vəkillər, araşdırmaçı jurnalistlər də hədəfə tuş gəlir.

“Bu repressiv dalğanın seçkidən sonra dayanacağını düşünmürəm. Səbəb ancaq seçkiylə bağlı deyil, baxmayaraq ki, Kreml gərəkən nəticələrin əldə olunmayacağından qorxur. Söhbət rejimin təbiətindən gedir – daha repressiv diktaturaya çevrilir”, – Sneqovaya vurğulayıb.

Ölkə boyunca rəsmilər aylardır müstəqil və müxalifətdən potensial namizədləri seçki prosesindən kənarlaşdırmaq üzərində işləyirlər. Özəlliklə də son üç ildə yerli şuralara seçilənlər hədəfə alınıb.

FSB-nin qanunsuz fəaliyyəti

Son seçkilərdən sonra ölkənin seçki qanunlarına azı 19 dəfə baxılıb. Sneqovaya bunu şokedici rəqəm adlandırır. Məsələn, səsvermə üç gün ərzində keçiriləcək ki, bu da saxtalaşdırma imkanlarını artırır, elektron səsvermə tətbiq olunur və sairə.

Bəs görəsən, tarixi cinayətləri üzə çıxarmaqla məşğul olan təşkilat və fərdlərə təzyiqlər nəylə bağlıdır? Kareliyadan tarixçi Yuri Dmitriyev öz regionunda Stalin dövrünə aid kütləvi məzarlıqları üzə çıxarıb. O, ötən il övladlığa götürdüyü qızına qarşı cinsi təcavüzdə təqsirli bilinərək 13 il həbsə məhkum edilib. Yaxud ötən həftə hökumət Dosye araşdırmaçı jurnalist layihəsinin və həbsxanalarda işgəncələri xəbərləyən Gulagu.net vebsaytlarını bağlayıb.

Putinin mühacirətdə yaşayan opponenti, keçmiş neft maqnatı Mixail Xodorkovskinin sözçüsü Maksim Dbar deyir ki, söhbət FSB-nin qanunsuz fəaliyyətini faş edən hesabatdan gedir: “Bir neçə yüz səhifəlik hesabat var... Təhlükəsizlik xidmətlərinin qanunsuz fəaliyyəti diqqət mərkəzimizdədir. FSB, GRU (hərbi kəşfiyyat xidməti) və SVR (xarici kəşfiyyat xidməti) barədə danışıram. Bu mövzularda əlimizdə xeyli material var”.

Maskasız

Sneqovaya deyir ki, Putin hökuməti daha Qərblə yola getməkdən ötrü nazik demokratiya pərdəsini qorumağa da ehtiyac görmür.

“Beynəlxalq ictimaiyyət davranışına görə Rusiya hökumətinə cavab vermək mövqeyi tutmayıb. Hətta müxalifətçi Aleksey Navalnının zəhərlənməsindən sonra belə uyğun reaksiya olmadı. Yetərincə sərt sanksiyalar qoyulmadı. Rejim daha sərt formada yenidən doğulur, maskalar kənara atılır”, – o söyləyir.

Sneqovayanın fikrincə, hökumətdə bir çoxları, hətta ola bilsin, Putinin özü belə Rusiya ilə Qərb arasında elan olunmamış “hibrid” müharibə aparıldığına inanır, teatrlarda, məktəblərdə, mediada “xarici agentlər”dən ibarət beşinci kolonun onlara təhdid yaratdığını düşünür. Rusiyanı “Qərbin onlara təhdid yaratmasına dair sovet düşüncəsini saxlayan spesifik adamlar” idarə edir, o deyir.

Patruşev

Belə fiqurlardan biri də Təhlükəsizlik Şurasının başçısı, keçmiş KQB zabiti, Putinin “çox inandığı” Nikolay Patruşevdir, Moskvadan siyasi təhlilçi Valeri Solovey belə deyir.

“Patruşev bir strategiya formalaşdıraraq prezidentə təqdim edir, o da təsdiqləyir. Bu strategiyanın mahiyyəti çox sadədir – aydındır ki, əsas məsələ rejimə hər hansı təhdidlərə yol verməməkdir”, – Solovey vurğulayıb.

Sneqovaya düşünür ki, Kreml Duma seçkisindən sonraya, 2024-cü ildə Putinin prezidentlik müddətinin bitəcəyi dönəmə fokuslanır.

“Ümumi fikir belədir ki, konstitusiya 2020-ci ildə dəyişdiriləndə Putinin ömürlük hakimiyyətdə qalmasına qərar verilib. Bundan sonra müəyyən qənaətlər çıxarılıb. Belarusda baş verənlər, Dumanı nəyin bahasına olursa-olsun qazanmaq niyyətinin də rolu olub. Daha keçmişdəki kimi heç nədən çəkinməmək qərara alınıb”, – Sneqovaya deyir.

XS
SM
MD
LG