Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:54

Moskva Rusiya-Ukrayna sərhədyanı bölgəsində döyüşlərin getdiyini təsdiq edib


"Rusiyanın azadlığı" legionu Rusiya ərazisində (Arxiv fotosu)
"Rusiyanın azadlığı" legionu Rusiya ərazisində (Arxiv fotosu)

Rusiya hakimiyyəti və teleqram kanalları bildirirlər ki, Kursk vilayətinin Tyotkino və Belqorod vilayətinin Spodaryuşino kəndləri yaxınlığında “diversiya-kəşfiyyat” qruplarına qarşı döyüşlər aparılır.

Rusiya qvardiyası – Rosqvardiya Rusiya silahlı qüvvələrinin hərbçiləri və Rusiya FTX sərhəd xidmətinin əməkdaşları ilə birlikdə Tyotkino qəsəbəsi yaxınlığında “döyüşdüyünü” bildirib.

Kursk vilayətinin qubernatoru Roman Starovoyt yazır ki, diversantlar Rusiya ərazisinə soxulmaq cəhdlərindən əl çəkmirlər, amma Rusiya FTX sərhəd xidmətinin və Rusiya silahlı qüvvələrinin döyüşçüləri buna yol verməyiblər və verməyəcəklər.

Belqorod meriyası xəbər verib ki, Qrayvoron şəhəri atəşə tutulur və sakinlərdən sığınacaqlara enmək xahişi edilib.

FHN-nin yerli idarəsinin bundan əvvəl verdiyi məlumatda Qrayvoron rayonunun Spodaryuşino kəndinin atəşə tutulduğu bildirilmişdi.

Hərbi müxbirlər döyüşlərdən yazırlar

Rusiyanın hərbi müxbirlərindən Aleksandr Kots yazır ki, “hazırda Spodaryuşino sərhəd postuna hücum dəf edilir”:

"50 metrlik məsafədə olan düşmən bizimkilərə qumbara atır. Əraziyə tanklar, Bradley zirehli maşınları gətirilir, aviasiyadan, raket-zenit qurğularından istifadə olunur. Düşmən Velikaya Pisarevkanın qənşərində olan Kozinki yaşayış məntəqəsindən zirehli texnika ilə irəliləməyə çalışır”.

Shot teleqram kanalı mənbəyə istinadla bildirir ki, “Belqorod vilayətinin sərhədində hücumun dəf edilməsi əsnasında “12 Ukrayna diversantı və iki Bradley zirehlisi məhv edilib”:

"Diversiya-kəşfiyyat qrupu Ukraynanın Popovka kəndindən Spodaryuşino kəndinə yaxınlaşıb. Hazırda orada döyüşlər gedir. Qrupun tərkibində cəmi 30-dək diversant var. Hazırda Rusiya döyüşçüləri onları atəşə tuturlar. Aviasiya havaya qaldırılıb”.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Rusiya hərbi birləşmələri “Ukrayna silahlı qüvvələrinin Spodaryuşino rayonunda Rusiya ərazisinə soxulmaq üçün növbəti cəhdini dəf ediblər”.

Təxliyəyə çağırış

Bundan əvvəl Ukrayna tərəfində döyüşən “Rus Könüllü Korpusu” (RKK) Belqorod və Kursk vilayətlərinin sakinlərini təxliyə olunmağa çağırmışdı:

“Biz sərhədyanı bölgədəki hərbi obyektlərə cavab atəşi açmağa məcburuq! Dərhal evakuasiya olunun!”

RKK bunu da xəbər verib ki, Belqorodda atəşə tutulan maşında hərbçi Dmitri Qolışkin həlak olub.

Qubernator Vyaçeslav Qladkov bundan əvvəl avtomobilə mərmi düşməsi nəticəsində bir şəhər sakininin həlak olduğunu xəbər vermişdi.

Shot teleqram kanalı bildirir ki, 48 yaşlı Valeri B. vergi xidmətinin əməkdaşı olub.

Bundan əvvəl

Martın 12-də Belqorod və Kursk vilayətlərinin sərhədyanı rayonlarında Rusiya hərbçiləri ilə Ukrayna tərəfində vuruşan “Rusiyanın azadlığı”, RKK və “Sibir batalyonu” döyüşçüləri arasında toqquşmalar olmuşdu.

Adı çəkilən qruplaşmalarda əsasən Rusiya vətəndaşları döyüşürlər.

Qruplaşma nümayəndələri iddia edirdilər ki, Rusiya sərhədini keçiblər və döyüşlər bilavasitə Rusiyanın ərazisində olub.

Rusiya Müdafiə Nazirliyi isə iddia edir ki, “dövlət sərhədinin pozulmasına yol verilməyib” və 230-dan çox diversant “məhv edilib”.

“Rusiyanın azadlığı” qruplaşması martın 13-də hələ də Kursk vilayətinin ərazisində qaldığını bildirmişdi.

XS
SM
MD
LG