Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:31

Rusiya Severodonetskin bir hissəsini ələ keçirir


Severodonetskdə ağır döyüşlər gedir
Severodonetskdə ağır döyüşlər gedir

Kiyev rusiyalıların Severodonetsk yaxınlığındakı Toşkivka kəndindən çıxarıldığını bildirir. Bu isə Moskvanın ərazini mühasirəyə almaq cəhdlərini əngəlləyə bilər

Rusiya qüvvələri Ukraynanın şərqində yerləşən Severodonetsk şəhərinə nəzarəti qismən ələ keçirib. Severodonetskin bir hissəsi “artıq Rusiya ordusunun əlindədir” və Rusiya əsgərləri “tədricən şəhər mərkəzinə doğru irəliləyirlər”, Luqansk vilayət hərbi administrasiyasının başçısı Sergey Qayday mayın 31-də deyib.

Severodonetskin meri Oleksandr Stryuk milli televiziyaya rusiyalıların şəhərin “təxminən yarısı”na nəzarət etdiyini bildirib. Rayon administrasiya rəhbəri Roman Vlasenko Rusiya əsgərlərinin şəhərin 50 faizini tutduqlarını, döyüşlərin şəhər mərkəzinə çatdığını təsdiqləyib.

Bu arada Norveç Qaçqın Şurasının məlumatına görə, Severodonetskdə 12 minədək dinc sakinin yardıma ehtiyacı var. Şuranın başçısı Yan Eqeland həmin şəxslərin su, ərzaq, dərman və elektriksiz qaldığını vurğulayıb. “Demək olar, daimi bombardman dinc sakinləri sığınacaqlara və zirzəmilərə sığınmağa vadar edir, çox az sayda adam qaça bilir”, – o deyib.

Rusiyanın Müdafiə Nazirliyi isə mayın 31-də bildirib ki, Mariupoldakı Azovstal polad zavodunun altından tapılmış 152 ukraynalı əsgərin meyiti təhvil veriləcək. Nazirlik cəsədlərin soyutma bölümündə saxlandığını, onların altından “dörd mina”nın tapıldığını iddia edib.

***

Britaniya kəşfiyyatı mayın 31-də Severodonetsk şəhərinin atəşə tutulduğunu, şəhər ətrafında isə küçə döyüşləri getdiyini bildirib.

“Proqres ləng getsə də uğur əldə olunur”, – Britaniyanın Müdafiə Nazirliyi gündəlik bülletenində bildirir və əlavə edir ki, Moskvanın siyasi məqsədi Donetsk və Luqansk vilayətlərini nəzarətdə saxlamaq və tam tutmaqdır.


Ancaq Britaniya kəşfiyyatı onu da bildirir ki, Moskva uğurları nisbətən kiçik ərazidə nəhəng qüvvələr və silahla əldə edir.

Mariupoldan ilk gəmi çıxıb

Ukraynanın Mariupol limanı bir neçə ay çəkən döyüşdən sonra Rusiyanın əlinə keçəndən bəri buradan ilk gəmi çıxıb. Bunu mayın 31-də Ukraynanın şərqində separatçı lider Denis Puşilin deyib. O, metal daşıyan gəminin Rusiyanın şərqinə yollandığını bildirib.

“Bu gün Maripol limanından 2 min 500 ton metal yüklənmiş gəmi çıxaraq Rostov-na-Don şəhərinə yollanıb”, – Puşilin Telegram-da yazıb.

Ukrayna Rusiyanın Mariupoldan metal daşımasını quldurluq hesab edir.

***

Mayın 31-də Rusiya qüvvələri Ukraynanın şərqindəki Severodonetsk şəhərinin mərkəzinə yaxınlaşıblar. Küçə döyüşləri şəhərin böyük hissəsində dağıntılara səbəb olub.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin şərqi Donbas regionunda vəziyyətin “həddən artıq çətin” olduğunu deyib. Region bir neçə həftədir bombardman altındadır və Rusiya ordusu oraya “maksimum döyüş qüvvəsi” cəmləyib.

Severodonetskin üçdə biri...

Ukraynanın şərqi Luqansk vilayətinin separatçı lideri Leonid Paseçnik TASS agentliyinə deyib ki, Severodonetskin üçdə biri “artıq bizim nəzarətimizdədir”, amma Rusiya ümid edildiyindən daha ləng irəliləyir.

Moskva Severodonetskdə irəlilədikcə Rusiya qüvvələri Ukraynanın şimal-şərqini də atəşə tutmaqdadır.

“Donbasda vəziyyət həddən artıq çətindir. Rusiya ordusu müdafiəçilərimizə təzyiqi artırmaq üçün müəyyən ərazilərə böyük qüvvələr yığırlar. Donbasa isə Rusiya ordusunun maksimum döyüş qüvvəsi cəmləşib”, – Zelenski mayın 30-da gecə çıxışında deyib.

Kiyev rusiyalıların Severodonetsk yaxınlığındakı Toşkivka kəndindən çıxarıldığını bildirir. Bu isə Moskvanın ərazini mühasirəyə almaq cəhdlərini əngəlləyə bilər.

Mikolaivka kəndi

Ukrayna ordusunun məlumatına görə, Rusiya qüvvələri Xerson vilayətinin sərhədində yerləşən İnhulets çayının cənub sahilində Andriyivka, Lozove və Bilohorka kəndlərində müdafiə mövqelərinə oturdulub. Moskva Xersona nəzarəti gücləndirməyə çalışır.

Baş qərargahın bəyanatında deyilir ki, “düşmən itki verərək Xerson vilayətində Mikolaivka kəndindən çıxıb, bu isə Rusiya Federasiyası silahlı qüvvələrinin digər bölmələrindən əsgərlər arasında panikaya səbəb olub”.

Bu informasiyanı müstəqil təsdiqlətmək mümkün olmayıb. Amma Rusiya qüvvələrinin Mikolaivkadan çəkilməsi Ukrayna üçün bir neçə kilometrlik irəliləyiş demək olar.

Siverskiy Donetsk çayının sahillərində yerləşən Severodonetsk və Lisiçansk şəhərləri Rusiyanın Donbasın zəbtini tamamlaması üçün vacibdir. Moskva bunu Ukraynanın müdafiəsini gücləndirəcək Qərb silahları gəlməmiş başa çatdırmaq istəyir.

XS
SM
MD
LG