Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:47

Rusiyada müstəqil medianın kökünü kəsirlər. 'Saxta' xəbərə görə 15 il


Arxiv fotosu
Arxiv fotosu

AzadlıqRadiosu-nun Rus xidmətinin vebsaytına giriş əngəllənir

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının şiddətləndiyi bir vaxtda ölkənin özündə az sayda qalmış müstəqil media qurumlarının təqibi gücləndirilib.

Müstəqil “Novaya gazeta” qəzetinin redaksiyası cinayət təqibi təhlükəsi ilə üzləşdikdən sonra öz saytından və sosial şəbəkə hesablarından Ukrayna müharibəsinə dair bütün materialları çıxaracağını bildirib.

Rusiya mediasına “müharibə” sözünü işlətmək ümumiyyətlə qadağan olunub.

Rusiyanın media gözətçisi Roskomnadzor bütün media qurumlarına yalnız “xüsusi əməliyyat” ifadəsini işlətmək icazəsi verib.

Novaya gazeta redaksiyasının bəyanatında deyilir:

"Bizim öz yoldaşlarımızın azadlığını risk altında qoymaq haqqımız yoxdur. Lakin biz sizin – oxucularımızın da mövqeyini görməzliyə vura bilmərik. Oxucularımız birmənalı şəkildə hərbi senzura şəraitində də fəaliyyətimizi davam etdirməyimizi dəstəkləyiblər”.

Bundan əvvəl qəzetin sponsorları Ukrayna münaqişəsini işıqlandırarkən dövlətin tələblərinin yerinə yetirilməsinə səs veriblıər.

Rusiyadan kütləvi gediş

Rusiya hökuməti kütləvi informasiya vasitələrindən hərbi əməliyyatlar barədə material verərkən yalnız rəsmi mənbələrə istinad etməyi tələb edir.

Məhz bu qaydalara görə Rusiyada AzadlıqRadiosu və onun regional layihələri, Current Time televiziyası, “Amerikanın səsi”, BBC radiosu, Dojd telekanalı, Exo Moskvı radiostansiyası, Znak.com və bir sıra başqa saytlar, habelə The New Times, Alman dalğası kimi xarici və yerli media qurumları ya bloklanıblar, ya da Rusiyadakı fəaliyyətlərini dayandırıblar.

Exo Moskvı radiostansiyası efirdən çıxarıldıqdan sonra redaksiya özünün bütün sosial media hesablarını və saytını bağlayıb.

Xarici media qurumlarından bəziləri fəaliyyətlərini Rusiya xaricində davam etdirəcəklər.

Rusiya parlamenti – Dövlət Duması habelə Rusiya ordusu barədə “saxta” məlumatların yayılmasını cinayət əməli sayan qanunvericilik aktı qəbul edib. Bu qanunu pozanları 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Dövlət Dumasının qəbul etdiyi daha bir qanun antimüharibə aksiyasına çıxanların 6 ilədək azadlıqdan məhrum edilməsini nəzərdə tutur.

Rusiya 2021-ci il Dünya Mətbuat Azadılığı indeksində 180 yerdən 150-ci pilləni tutub.

Rusiyada vebsaytlar bloklanır.

“Roskomnadzor” martın 4-də müstəqil media vebsaytlarına girişi “məhdudlaşdırdığını” açıqlayıb.

Sosial media və onlayn tətbiq mağazalarının niyə hədəfə alındığı aydın deyil. Moskva uzun müddət idi texnologiya provayderləri ilə istifadəçi datası məsələləri ilə bağlı mübahisə yaşayırdı.

“Putin rusiyalıları Ukrayna müharibəsinin miqyası və bədəli barədə sərt yalan pəhrizində saxlayır. AzadAvropa/AzadlıqRadiosu Rusiyadakı izləyicilər üçün belə bir kritik məqamda kontentin senzurasından imtina edir. Onlar həqiqətə layiqdirlər, biz onlara hökumətlərinin hərəkətləri, onların dözməli olacaqları fəsadlarla bağlı faktiki informasiya verməkdə davam edəcəyik”, – AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay martın 4-də deyib.

ABŞ Dövlət Departamenti bu günlərdə Moskvanı “media azadlığı və həqiqətə tam hücuma” keçməkdə suçlayır, rəsmilərin müharibə haqda informasiyanı “yanlış istiqamətə yöndləndirdiyini və boğduğunu” deyirdi.

***

Martın 4-də Dövlət Duması Rusiya Silahlı Qüvvələrinin Ukraynada hərəkətləri barədə saxta məlumatlara görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu dörd oxunuşda qəbul edib. Bu qanun layihəsində uzunmüddətli həbs cəzaları nəzərdə tutulur.

Məhkəmə ordunun fəaliyyəti haqda “qəsdən yalan məlumat” verildiyini təsbit edərsə, buna görə cərimə, yaxud 3 ilədək həbs cəzası kəsilə bilər.

Bu zaman xidməti vəzifədən istifadə edilərsə, mənfəət güdülərsə, yaxud “saxta dəlil düzəldilərsə”, 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə gözlənir.

Saxta (feyk) informasiya ağır nəticələrə səbəb olarsa, 15 ilədək həbs cəzasının kəsilməsi mümkündür.

***

Rusiyada AzadAvropa/AzadlıqRadiosu-nun (RFE/RL) çoxsaylı vebsaytları, BBC və Deutsche Welle-in Rusiyadakı saytları, Facebook, Twitter sosial şəbəkələri və Apple, Google tətbiq (əpp) mağazaları bloklanıb. Bunu GlobalCheck veb monitorinqi qrupu və digər indikatorlara əsasən demək olar.

Bloklanma martın 3-dən 4-nə keçən gecə başlanıb. Bir həftəydi AzadlıqRadiosu və digər media orqanları Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsini işıqlandırması ilə əlaqədar bloklanmaqlala təhdid olunurdu.

AzadlıqRadiosu-nun vebsaytları

GlobalCheck Rostelecom abunəçilərinin saytlardan bəzilərini aça bildiyini xəbər verir.

AzadlıqRadiosu-nun Rusiya xidmətinin vebsaytına giriş əngəllənir.

Radionun regional rusdilli Sever.realii və Sibir.realii vebsaytları, Tatar-Başqır xidmətinin azatliq.org və idelreal.org vebsaytları, Şimali Qafqaz Xidmətinin Kavkaz.realii saytı da bloklanır.

AzadlıqRadiosu-nun Amerikanın Səsi (VOA) ilə birgə rusdilli layihəsi olan “Current Time” fevralın 28-dən bloklanıb, amma xidmət blokdan yayınmaq üçün metodları yayıb.

Latviyada yerləşən rusdilli və ingilisdilli Meduza xəbər orqanı isə Rusiyadakı saytının bloka məruz qaldığını bildirib. “Bunlar keçəcək. Biz işimizi davam etdirəcəyik”, – qurum əlavə edib.

Müharibə xəbərləri

Martın 2-də AzadlıqRadiosunun Rusiya xidmətinin redaksiyalarına “Roskomnadzor”dan altı bildiriş gəlmişdi. Mediaya dövlət nəzarəti agentliyi Ukrayna münaqişəsi ilə bağlı materiallarla əlaqədar xidmətin vebsaytını bloklamaqla hədələyirdi.

Roskomnadzor bildirib ki, Svoboda.org-un Xarkovun bombalanması, Ukraynaya rəğbət bəsləyən hakerlərin Rusiyada bəzi vebsaytlara hücumu və müharibəyə sosial mediadakı reaksiyalar haqda materialları bloklamaq səlahiyyətindən istifadə edəcək.

Dövlət qurumu bu materialların bilərəkdən saxta informasiya yaydığını, “əhali arasında panika yarada” biləcəyini bildirib.

XS
SM
MD
LG