Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:19

Rusiya yəhudi agentliyini qadağan edir


Vladimir Putin Yerusəlimdə (Arxiv fotosu)
Vladimir Putin Yerusəlimdə (Arxiv fotosu)

Rusiya Ədliyyə Nazirliyi Rusiyada yəhudilərin repatriasiyası ilə məşğul olan İsrail agentliyi – “Soxnut”un bağlanmasını tələb edib.

Bu məsələyə Moskva məhkəməsinin iyulun 28-də baxacağı bildirilir.

Ədliyyə Nazirliyinin biu tələbinin nə ilə bağlı olduğu bilinmir.

Qeyd olunur ki, ölkədə 1980-ci illərin sonlarından fəaliyyət göstərən qurum Rusiyanın qanunlarını pozur.

Hələ iyulun 5-də Rusiya hakimiyyət orqanları təşkilata fəaliyyətini dayandırmaq tələbi ilə məktub göndərmişdi.

Moskva izahat vermir

Belə bir məktubun alınmasını agentliyin rəsmiləri və İsrailin Repatriasiya və İnteqrasiya Nazirliyi də təsdiq edib.

İsrailin Walla internet portalı yazır ki, İsrailin Moksvadakı səfiri Aleks Ben-Tsvi ötən həftə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşərək Rusiya hökumətinin “Soxnut” təşkilatına hansı iradlarının olması barədə izahat istəyib.

“Soxnut” bütün dünya boyunca yəhudilərin İsrailə köçüb məskunlaşmasına kömək edir.

İsrailin The Jerusalem Post qəzeti yazır ki, agentliyin Rusiyada fəaliyyətini dayandırması bu ölkədən mühacirət etmək istəyən yəhudilər üçün çətinliklər yaradacaq.

Onlardan bir çoxu narahatdır ki, “Soxnut” bağlandıqdan sonra onların Rusiyadan çıxmalarına qadağan qoyulacaq.

Rusiya kommunistlərinin antisemitizmi

2005-ci ildə Rusiya Kommunist Partiyasının Dövlət Dumasındakı fraksiyası ölkədəki bütün yəhudi təşkilatlarının yoxlanması və onların qanunları pozduqları təqdirdə bağlanmaları üçün Baş Prokurorluğua müraciət etmişdi.

Həmin müraciətdə deyilirdi ki, “bugün bütün demokratik dünya yəhudiliyin pul və siyasi təsiri altındadır”.

Sonradan müraciətin altındakı bir çox imzaların sahibləri belə bir məktuba qol çəkmədiklərini bildirmişdilər.

Həmin vaxt Moskvanın baş ravvini Pinxas Qoldşmidtə Rusiyaya daxil olmaq qadağan edilmişdi.

Lakin hakimiyyət yəhudi təşkilatlarını qadağan etməmişdi.

2022-ci ildə Qoldşmidt Rusiyanı tərk edib. Nəvəsinin sözlərinə görə o Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmək istəməyib.

XS
SM
MD
LG