Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:39

Rusiya və İran Türkmənistan-Azərbaycan qaz kəmərinə qarşıdır


Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov Şərq-Qərb kəmərinin açılışında
Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov Şərq-Qərb kəmərinin açılışında

AzadlıqRadiosunun müxbiri Bruce Pannier yazır ki, avqustun 12-də Türkmənistanın Xəzər sahilindəki kurort şəhəri Avazada Xəzər İqtisadi Forumu keçirilib.

Bu tədbir Qazaxıstanın Aktau şəhərində Xəzər Dənizinin Hüquqi Statusuna dair Konvensiyanın imzalanmasının ildönümünə təsadüf edir.

Bir il əvvəl Aktauda imzalanmış sənəd Xəzər dənizinin 5 sahil dövləti – Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan arasında necə bölünməsinə aydınlıq gətirməli idi.

Söhbət ilk növbədə su səthinin və dəniz dibinin bölüşdürülməsindən gedirdi.

Dəniz dibinin bölüşdürülməsi ilə bağlı razılaşmaya habelə sualtı kəmərlərin, o cümlədən Trans-Xəzər Kəmərinin (TCP) çəkilişi də daxildir.

Türkmənistan qazının Azərbaycan ərazisi ilə Avropaya gətirilməsi məsələsi 1990-cı illərin ortalarından bəri müzakirə olunur.

Bu məsələ Avazada keçirilən forumda da gündəmə gəlib.Amma buna baxmayaraq sözü gedən kəmərin bu yaxınlarda tikiləcəyinə dair heç bir ümid ifadə edilməyib.

İlham Əliyev və Gurbanguly Berdymukhammedov
İlham Əliyev və Gurbanguly Berdymukhammedov

Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan TCP kəməri barədə məsələ az qala yarım əsrdir ki, müzakirə olunsa da, Rusiya və İran bu layihəyə qarşı çıxıblar.

Avazada keçirilən forumda da Rusiya və İran nümayəndələri bu barədə mövqelərinin dəyişmədiyini bildiriblər.

Bu forumda çıxış edən İran Milli Qaz şirkətinin nümayəndəsi Behrouz Namdari deyib ki, Tehran Xəzərin dibi ilə çəkiləcək hər hansı kəmərlərin tikintisinə qarşıdır.

O bildirib ki, Xəzərin şərqindən qərbinə hər hansı qaz nəqli İranın kəmərlər şəbəkəsi ilə həyata keçirilə bilər. Hərçənd ekspertlər İranın kəmər şəbəkəsinin planlaşdırılan həcmlərdə qazın nəqlinə hazır olduğuna şübhə edirlər.

Avaza forumunda Rusiyanın baş naziri Dmitry Medvedev də olub. O deyib ki, Xəzər dənizində həyata keçirilməsi istənilən bütün layihələr 5 Xəzəryanı dövlət tərəfindən diqqətlə təhlil edilməlidir.

2018-ci ildə Aktauda keçirilən sammitdə Türkmənistan və Azərbaycan prezidentləri Gurbanguly Berdymukhammedov və İlham Əliyev Xəzər dənizinin ekologiyasının Bakı və Aşqabad üçün nə dərəcədə mühüm olduğunu vurğulamışdılar.

Xəzərin İran sahili
Xəzərin İran sahili

Lakin Medvedev və Namdarinin Avazada ifadə etdikləri “ekoloji narahatlıq” o deməkdir ki, Azərbaycan və Türkmənistan arasında Trans-Xəzər kəmərinin çəkilişi asan olmayacaq.

Əslində Moskva və Tehran lap əvvəldən belə layihələrə qarşı çıxıblar.

Təhlilçilər bildirirlər ki, İran və Rusiyanı Xəzərin ekologiyası yox, Avropaya öz qazlarını satmaq maraqlandırır.

Namdari Rusiyanın Ekonomika Segodnya nəşrinə müsahibəsində daha “səmimi” olub. O deyib ki, “biz özümüzə rəqib yaratmaqda maraqlı deyilik”.

Avropa hazırdır

Lakin Avaza forumunda Trans-Xəzər kəmərinə dəstək verənlər də olub.

Avropa İttifaqının Mərkəzi Asiya üzrə nümayəndəsi Peter Burian deyib ki, Türkmənistanla enerji əməkdaşlığı sahəsində ciddi danışıqlar aparılır.

Avropa İttifaqı Cənub Dəhlizi təşəbbüsü çərçivəsində Trans-Xəzər kəməri vasitəsilə Türkmənistandan 30 milyard kubmetr qaz əldə etməyə ümid bəsləyir.

Avropa İttifaqı bu layihə ilə Rusiyadan qaz asılılığını azaltmağa çaışır.

Türkmənistan hökumətinə bağlı Orient.tm saytı avqustun 13-də yazıb ki, Avropa İttifaqının Edison Technologies, MMEC Mannesmann, Air Liquide Global E&C Solutions və Çinin Sinopec şirkətlərinin nümayəndələri Türkmənistanın xarici işlər naziri Rashid Meredov və Türkmənistan prezidentinin neft və qaz məsələləri üzrə müşaviri Yashigeldy Kakaevlə Trans-Xəzər Kəməri layihəsini müzakirə edəcəklər.

Eyni mənbə xəbər verir ki, Edison Technologies şirkətinin direktoru Edison Kasapoglu deyib:

“Biz bir konsorsiumda birləşmişik və biz Türkmənistandan Azərbaycana Xəzərin dibi ilə kəmər çəkilməsi kimi cəsarətli layihənin icrasına hazırlıq”.

Hüquqi baxımdan Türkmənistan və Azərbaycan üçün türkmən qazının Xəzər üzərindən Azərbaycana gətirilməsi məsələsində problem olmamalıdır.

Azərbaycana nəql olunan türkmən qazı buradan Avropa İttifaqına nəql oluna bilərdi.

Əslində ötən il imzalanmış Konvensiyada da belə bir layihənin əleyhinə heç bir müddəa yoxdur.

Konvensiyada deyilir ki, iki Xəzəryanı dövlət öz şərikli sərhədləri üzərindən dənizin dibi ilə kəmər çəkə bilər.

Konvensiya və reallıq

Amma Konvensiya və reallıq tamam başqadır.

Bu Konvensiyanın imzalanmasından heç bir həftə də keçməmiş Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Igor Bratchikov deyib ki, Trans-Xəzər Kəmərinin çəkilməsinə 5 Xəzəryanı dövlətin razılığı olmalıdır.

2018-ci ilin avqustunda Azərbaycan prezidenti İlham Əliyev demişdi ki, Türkmənistan tərəfi Trans-Xəzər kəmərinin tikintisinə pul qoymağa hazırdır.

Bundan əvvəl Azərbaycan Trans-Anadolu Kəmərinin (TANAP) çəkilişinə vəsait yatırıb.

Məsələ burasındadır ki, Trans-Xəzər Kəməri ilə Türkmənistandan nəql olunacaq qaz da Avropa İttifaqına TANAP vasitəsilə vurulmalıdır.

Lakin həqiqətdə Türkmənistan öz sərhədlərini aşan heç bir kəmər tikmir və qazı onun sərhədinə çəkilmiş kəmərlərə doldurur.

Üstəllik Türkmənistan hazırda dərin iqtisadi böhran içərisindədir.

Moskva və Tehran Xəzərin dibi ilə çəkiləcək kəmərlərin mümkün ekoloji ziyanından narahat olduqlarını bildirirlər.

TCP ŞimalAxınından təhlükəlidirmi?

Rusiya və İran Şahdəniz 2 yatağından Azərbaycan sahilinə çəkilmiş 85 kilometrlik kəmərdən heç vaxt şikayətçi olmayıblar. Onlar Qazaxıstanın Kaşaqan mədənlərindən Qazaxıstan sahillərinə çəkilmiş 95 kilometrlik kəmərdən də narahat deyillər.

Lakin Rusiya və İran Türkmənistan qazının Azərbaycana nəql olunması perspektivindən narahatlıq keçirirlər.

Pannier yazır ki, Qazaxıstan və Azərbaycan Kaşaqan yatağındakı neftin sualtı kəmərlə Azərbaycana nəqli barədə razılığa gəlsələr Rusiyanın buna reaksiyasının necə olacağı maraq doğurur.

Maraqlısı budur ki, Xəzərin ekologiyasından narahat olan Rusiya Türkiyəyə Qara dənizin dibi ilə TürkAxını qaz kəmərini çəkib və Baltik dənizinin dibi ilə Almaniyaya ŞimalAxını 2 kəmərinin çəkilişinə hazırlaşır.

Ekspertlərin fikrincə Trans-Xəzər kəməri müqayisədə MaviAxın, TürkAxını və ŞimalAxını 2 kəmərləri qədər ekoloji baxımdan daha çox təhlükəli deyil.

Amma indi məlum olur ki, Xəzər Konvensiyasında ekoloji təhlükəsizliyə dair müddəlar Xəzəryanı ölkələrin öz aralarında kəmərlər çəkməsinin başlıca əngəli kimi düşünülüb.

Belə bir vəziyyətdə Rusiya, habelə Tehranın razılığı olmadan Türkmənistandan Azərbaycana heç bir kəmər çəkilə bilməz.

XS
SM
MD
LG