Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:58

Əhali Xersondan niyə çıxarılır? Etnik təmizləmə, qorxu...


Xersondan evakuasiya olunanlar avtobus gözləyir
Xersondan evakuasiya olunanlar avtobus gözləyir

Ukrayna qüvvələri Xersona doğru irəlilədikcə yüzlərlə şəhər sakini ən vacib əşyalarını götürərək şəhəri tərk etmək üçün qayıqlara minir. Rusiyanın fevralda tutduğu Xerson hazırda işğal altında olan yeganə region mərkəzidir.

Xersona Moskvanın təyin etdiyi “hökumət” Ukrayna qüvvələrinin ərazini azad etməsindən öncə 60 minədək insanı şəhər və regiondan evakuasiya etmək istədiyini deyib. Onlar bu addımı “humanitar addım” adlandırıblar. Rusiya həmçinin heç bir dəlil göstərmədən Kiyevin yerli əhalidən qisas alacağını deyərək qorxu yaymağa çalışır.

Gizli motivlər

Ukrayna rəsmiləri və qərbli ekspertlər deyirlər ki, mülki obyektləri, o cümlədən enerji infrastrukturunu bombalamağa davam edən Rusiyanın regionun etnik tərkibini dəyişməkdən tutmuş partizan diversiyası ilə bağlı narahatlığadək çox sayda gizli motivləri var.

Ərazidən qaçanların bəziləri bunu könüllü etsə də, digərləri qorxudulur və ya məcbur edilir. Könüllü gedənlər arasında Rusiyanın işğalını dəstəkləyənlər də var, Xersona ruslar tərəfindən sonradan göndərilənlər də.

Rusiyanın Xersondakı işğalçı administrasiyasının başçı müavini Kiril Stremousov oktyabrın 20-də “Telegram”da bildirib ki, 15 minədək insan ərazidən köçürülüb. Bu sayı müstəqil yoxlamaq mümkün deyil.

Avtobuslar boş qayıdır

Xerson şəhərinin ətrafındakı kəndlərdən insanları toplamaq üçün göndərilən avtobuslar əsasən boş qayıdıb. Çünki sakinlər qorxaraq gizləniblər. Bu məlumatı “Nastoyaşeye Vremya”ya oktyabrın 20-də Xersonda yaşayan jurnalist Oleh Baturin verib. O, “hökumətin” çox israr etdiyini, ancaq adamların köçməyə məcbur edilməsi haqda bir şey eşitmədiyini deyib.

Təhlilçilər Kremlin bu qədər böyük sayda insanı köçürmək qərarını Rusiyaya və ya yerli əhaliyə köməkdən çox Ukraynaya zərər vurmaq istəyi ilə əlaqələndirirlər.

"Rusiya onminlərlə ukraynalını Rusiyaya könülsüz köçürməkdən iqtisadi fayda götürənə oxşamır. Bu isə o deməkdir ki, bu köçürmələrin məqsədi həm ərazisini geri alan Ukraynanın uzunmüddətli iqtisadi bərpasına zərər vurmaq, həm də, daha vacibi, Rusiyanın etnik təmizləmə kampaniyasını dəstəkləməkdir. Rusiya Ukrayna etnosunu və mədəniyyətini yer üzündən silməyə çalışır", – deyə ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutu oktyabrın 19-da çıxan hesabatında yazır.

İndiki durum

Rus ordusu Dnepr çayının qərb sahilində yerləşən Xerson şəhərini hücumun başlanmasından sonrakı ilk həftələr ərzində, 2014-cü ildə ilhaq olunmuş Krım yarımadasından şimala doğru irəliləyərək işğal edib.

Ancaq son bir neçə ay ərzində Ukrayna qüvvələri Qərb silahlarından yararlanaraq regionda rus qüvvələrini əzməyə, onların silah-sursat anbarlarını dağıtmağa, Xersona canlı qüvvə daşıyan körpüləri sıradan çıxarmağa davam ediblər.

İndi şəhərdəki Rusiya qüvvələri ukraynalıların mühasirəsində qalmaq təhlükəsi ilə üz-üzədir. Bəzi Qərb ekspertləri onların qarşıdakı həftələr ərzində çayın şərq sahilinə doğru çəkiləcəyini, bununla da Putinin kampaniyasına ciddi zərbə dəyə biləcəyini deyirlər.

Ancaq oktyabrın 21-də Ukrayna ordusu Rusiyanın 2 minədək yeni səfərbər edilmiş rusiyalını Xerson regionuna göndərdiyini bildirib. Rusiya bu iddiaya cavab verməyib.

Təchizat problemi

Vaşinqtonda fəaliyyət göstərən Uilson Mərkəzinə (Wilson Center) bağlı Kennan İnstitutunun direktoru Uilliam Pomeranz Rusiya ordusunun artıq başqa yerlərdə ciddi təchizat və qabiliyyət problemləri ilə üzləşdiyini bildirib. O qeyd edib ki, Moskva, özünün bildirdiyi kimi, 300 minə yaxın yeni əsgəri yer, qida və təlimlə təmin etməkdə çətinlik çəkir.

"Əgər onlar səfərbər etdikləri adamları yerləşdirməkdə problem yaşayırlarsa, deməli, Xersondan köçürülənlərə sığınacaq tapmaqda da problem yaşayacaqlar”, – o deyib.

Moskva artıq işğal edilmiş ərazilərdən köçürdüyü on minlərlə ukraynalını Rusiyanın şərqinə, o cümlədən Uzaq Şərq kimi boşalmış regionlara yerləşdirib.

Ukrayna bu prosesi “deportasiya” adlandırıb. Ukraynalıların çoxu Rusiyaya öz iradələrinin əksinə, təzyiq altında köçürülüb. Uşaqların köçürülməsi ciddi tənqid və soyqırımı ittihamlarına səbəb olub.

“Canlı sipər”

Pomeranz deyir ki, insanların köçürülməsi Rusiya qüvvələrinin Ukraynanın içərisində ilişib qalmasına və yolların tıxanmasına səbəb ola bilər. Onun sözlərinə görə, Rusiya qüvvələri Ukrayna ordusundan qorunmaq üçün Ukrayna vətəndaşlarından "canlı sipər” kimi istifadə edə bilərlər.

Rusiyanın təyin etdiyi yerli “liderlərin” evakuasiyaya başlamasından az öncə Putin Xerson və Ukraynanın Rusiyanın əsassız olaraq öz ərazisi adlandırdığı daha üç regionunda hərbi vəziyyət elan edib. Rusiya qanununa görə, bu elan işğalçı rəsmilərə vətəndaşları köçürmək və orduya cəlb etmək üçün formal səlahiyyət verir.

ABŞ-da fəaliyyət göstərən “RAND Corporation” beyin mərkəzinin təhlilçisi Uilliam Kortni deyir ki, Rusiya Xersondan köçürülən ukraynalı kişiləri öz ordusuna cəlb etməyə çalışa bilər. Rusiyanın son zamanlarda üzləşdiyi uğursuzluqlar əsasən canlı qüvvə çatışmazlığı ilə bağlıdır.

Ukrayna ordusuna kömək

Ancaq Moskvanın yerli əhalinin Ukrayna ordusuna kömək edə biləcəyi ilə bağlı qorxuları daha ciddi motivdir. Ukraynanın daha öncə Rusiyanın işğal etdiyi digər regionlarında yerli sakinlərin işğalçı qüvvələrin yerini bildirən mühüm məlumatları Ukrayna ordusuna ötürdüyü bildirilir.

"Ruslar Ukrayna vətəndaşlarının orada olmasını istəmirlər, çünki onların hamısının Ukraynaya işləyən potensial casus və ya diversant ola biləcəyini düşünürlər”, – Kortni deyir.

Prezident Corc Buş zamanında Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə mütəxəssis olmuş, hazırda Nyu Yorkda yeləşən Xarici Əlaqələr Şurasının tədqiqatçısı olan Tomas Qrəhəm söyləyir ki, ukraynalıların Xersonu geri alacağı halda Ukrayna ordusunu qarşılamağa nə qədər az adam qalsa, ruslar üçün keçirilən referendumun saxta olmadığını iddia etmək o qədər asanlaşacaq. Bu zaman Kreml Ukrayna əsgərlərini salamlamağa çalışanların orada qalmış “tullantı” və “xəyanətkar” olduğunu deyəcək.

XS
SM
MD
LG