Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:56

Qeyri-sabit Yaxın Şərqdə Rusiyanın indiki qazanc, risk və hədləri hansılardır?


Rusiya prezidenti Vladimir Putin Kazan şəhərində BRICS sammiti çərçivəsində iranlı həmkarı Məsud Pezeşkianla görüşür.
Rusiya prezidenti Vladimir Putin Kazan şəhərində BRICS sammiti çərçivəsində iranlı həmkarı Məsud Pezeşkianla görüşür.

Oktyabrın 16-da Suriyanın İdlib vilayətindəki mülki obyektlərə Rusiyanın hava zərbələri nəticəsində bir uşaq, 10 mülki şəxs həlak olub. AzadlıqRadiosunun əməkdaşı Stiv Qutterman (Steve Gutterman) bu olayı xəbərləyərkən Böyük Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Monitorinq Mərkəzinin və könüllülərdən oluşan "Ağ dəbilqələr" şəbəkəsinin bilgilərinə istinad edib.

İki gün sonra Rusiya prezidenti Vladimir Putin BRICS sammitindən öncə ölkəsini Yaxın Şərqdə sülh istəyən dövlət kimi qələmə verib və hətta Qəzza zolağında mülki obyektlərə "dəhşətli" zərbələrə son qoymaq üçün əlindən gələni etməyə hazır olduğunu deyib. Putin öz vasitəçi xidmətlərini də təklif edərək söyləyib: "Ümid edirəm, münaqişənin genişlənməsindən qaçmaq mümkün olacaq".

Suriyadakı hava zərbələri ilə bəyanatı üst-üstə düşməsə də, Putinin daha böyük savaşdan qaçmaq istəyi səmimi səslənə bilər. Təhlilçilərin fikrincə, Yaxın Şərqdə zorakılığın indiki səviyyəsi Kremli qane edir. Moskva bölgədəki, Ukrayna və dünyanın digər nöqtələrindəki qeyri-sabitlikdən faydalanaraq öz maraqlarını təmin edə bilər.

"Yaxın Şərqdəki savaş, nizamsızlıq və ABŞ-nin xaotik siyasəti Rusiyanın manevr imkanlarını asanlaşdırır", - ABŞ-də yerləşən "Century International" beyin mərkəzinin direktoru Tanassis Kambanis AzadlıqRadiosuna yazılı şərhində belə deyib.

İndiki durum bir neçə səbəbdən Moskvanı qane edir.

Onlardan biri Berlində fəaliyyət göstərən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin böyük elmi işçisi, Rusiya xarici siyasəti üzrə ekspert Hanna Nottenin adlandırdığı "fikir yayındırmaq dividendi"dir.

"Bu münaqişə dünyanın diqqətini Ukraynadan yayındırır. Az qala hər gün Rusiya qüvvələri mülki şəxsləri qətlə yetirir. Rusiyanın dördüncü ildir sürən qəddar müdaxiləsinin sonu görünmür", - Nottenin sözləridir.

İnsanlar Beyrutda İsrailin hava hücumu nəticəsində vurulan binanın çökməsini izləyirlər.
İnsanlar Beyrutda İsrailin hava hücumu nəticəsində vurulan binanın çökməsini izləyirlər.

Belə durum Rusiyanın işğalçı müharibəsinin önünü kəsmək istəyən Vaşınqton və müttəfiqlərini pul, silah və resursları Yaxın Şərqdə xərcləməyə məcbur edir.

Üstəlik, Moskva həmin durumdan özünün təbliğatında yararlana bilir. Ukraynadakı müharibəni ABŞ və Aİ-yə qarşı sivilizasiyalararası qarşıdurma kimi təqdim etmək istəyən Rusiya mümkün qədər çox tərəfdaş ölkəni öz yanına cəlb etmək istəyir.

"Artmaqda olan meyl"

"2022-ci ilin fevralından sonra Ukrayna uğrunda Qərblə qarşıdurma məntiqi Rusiyanın Yaxın Şərqdəki xarici siyasətini də müəyyənləşdirir", - yenə Notte AzadlıqRadiosuna deyib.

Rusiya Yaxın Şərqdəki zorakılığı Qərbin və özəlliklə ABŞ-nin dağıdıcı siyasətinin nəticəsi sayır və bunu başqa ölkələrə də belə təqdim edir.

"Kreml, heç şübhəsiz, Yaxın Şərq böhranını və Qəzzadakı müharibəni Vaşınqtonla qarşıdurmasında istifadə edir", - Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunda İran Proqramının direktoru Aleks Vatankanın sözləridir.

Ancaq Rusiyanın Yaxın Şərqdəki rıçaqlarının da həddi var. Daha önəmli rola iddia edən Rusiya çox səy göstərmədən də bölgədəki imkanlarını aşa bilər. Di gəl, bölgədə daha böyük savaş baş versə, zəiflikləri də üzə çıxacaq.

Nottenin sözlərinə görə, Ukrayna müharibəsi Moskvanın bölgədə antiqərb qüvvələrinə meylini gücləndirib. Həmin qüvvələr arasında Rusiyaya silah tədarük edən və sanksiyalardan yayınmaqda ona yardım göstərən İran və onun "Dirəniş oxu" da var. Söhbət ABŞ və Aİ-nin terror qurumu elan etdiyi HƏMAS-dan, Aİ-nin hərbi qanadını, ABŞ-nin isə bütövlüklə terrorçu təşkilat saydığı "Hizbullah"dan və Yəməndəki husilərdən gedir.

Rusiya prezidenti Vladimir Putin Moskvada Kremldə görüş zamanı Suriya prezidenti Bəşər Əsədlə əl sıxır.
Rusiya prezidenti Vladimir Putin Moskvada Kremldə görüş zamanı Suriya prezidenti Bəşər Əsədlə əl sıxır.

Məhdud rıçaq

Rusiya Yaxın Şərqdə hələ də güc tarazlığı axtarır, İsraildən, Körfəz ölkələrindən uzaqlaşmaq istəmir. Bununla belə, Rusiyanın bəzi sahələrdə əməkdaşlıq etdiyi bəlli ölkələri də ABŞ-yə qarşı çevirə bilmək imkanları ya məhduddur, ya da heç yoxdur.

Vatankanın fikrincə, "Rusiya və İran çox fərqli sistemə və dünyabaxışına sahibdir, səylərini birləşdirmələri də daha çox antiamerika xarakteri daşıyır".

Ardınca da deyir ki, Rusiya həmin modeli Türkiyə kimi digər regional güclərə tətbiq edə bilməz və əlavə edir: "Hansısa bir ölkə Şanxay Əməkdaşlıq Təşkilatının, yaxud BRICS-in üzvüdürsə, heç də demək deyil ki, istədiyin zaman düşərgəsini dəyişəcək və ABŞ-dən uzaqlaşacaq".

"Ruslar "Dirəniş oxu"na yetki vermək istəmir, sadəcə, ondan yararlanmaq istəyir", - yenə Vatankanın sözləridir. O, fikrini belə yekunlaşdırır: "Təhlükə və töküləcək qandan asılı olmayaraq, Putin bölgədə indiki status-kvonu qorumaq istəyir".

Bəlli gücsüzlük

"Bugünədək gözə dəyən gərginlik və hadisələr Rusiyanın maraq və mövqeyinə təhdid yaratmayıb",- bunu Notte deyir və davam edir: "Ancaq İsrail İrana zərbələr endirsə və ya Suriyada durum pisləşsə, balans dəyişə və risklər qazancdan çox ola bilər".

Nottenin sözlərinə görə, xeyli resurs tələb edən Ukrayna savaşı Rusiyanın öncəliyidir. Rəsmi Moskva Suriyada qeyri-sabitliyə aparacaq vəziyyəti görmək istəmir, axı orada səylərini artırmalı olacaq.

İsrail hücumlarının İranın müdafiə sənayesində gərginlik yaradacağını deyən ekspert İranla genişlənən tərəfdaşlığı fonunda Rusiyanın bu ssenarini arzulamadığına əmindir: "İsrail İrana hücum edərsə, Rusiyanın öz tərəfdaşına kömək etməkdə bəlli gücsüzlüyü üzə çıxa bilər. …Belə bir gərginlik və İsrailin cavabı olsa, Rusiya kənardan izləməyə məcbur qalacaq və bu da onun nüfuzuna zərbə vuracaq".

Ekspertin fikrincə, Moskva bölgədə balansı qorumağa səy göstərəcək. Amma husilər və "Hizbullah"a - İranın tərəfdaşlarına təzyiq artsa, onlara yardım edə və bu halda "Rusiya daha uzaqgörən ola bilər".

XS
SM
MD
LG