Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:47

Rusiyada dron zərbəsi nəticəsində neft bazasında böyük yanğın baş verib


Rusiyanın Bryansk vilayətindəki Klintsı neft bazasında dron zərbəsindən 4 yanacaq çəni alışıb.

Yanğına “2-ci mürəkkəblik” kateqorisyasının verildiyi deyilir.

Yanğının söndürülməsinə 140 nəfər cəlb olunub, 32 nəfər təxliyə edilib.

Bu barədə məlumatları regionun qubernatoru Aleksandr Boqomaz verib.

TASS regionun operativ xidmətlərinə istinadla yanğının min kvadrat metrlik sahəni əhatə etdiyini bildirib. İlkin məlumata görə insan tələfatı yoxdur.

Qubernator iddia edir ki, yanvarın 19-da səhər Ukrayna silahlı qüvvələri Rusiya ərazisində, Ukrayna sərhədinin 50 kilometrliyində olan Klintsı şəhərinin obyektlərinə hücum etmək istəyib.

Boqomazın sözlərinə görə təyyarə tipli dron Rusiyanın radioelektron mübarizə sistemi tərəfindən sıradan çıxarılıb, amma dronun içindəki sursat neft bazasının ərazisinə tökülüb.

Bundan əvvəl Bryansk vilayəti üzərində dron vurulduğunu Rusiya Müdafiə Nazirliyi də bildirmişdi.

Hücumun hədəfi və nəticələri barədə açıqlama verilmirdi.

Lakin yerli sosial şəbəkələrdə yanğını və “şəhərin bütün nöqtələrindən” görünən qara tüstünu görüntüləyən foto və videolar dərc olunub.

"Осторожно, новости" saytı şəhərə gələn qatarın sərnişinləri tərəfindən çəkilmiş videoları yayıb.

Moskva dəmir yolları idarəsi bildirib ki, yanğının söndürülməsinə yanğınsöndürən qatar cəlb ediləcək.

Klintsı şəhərindəki neft bazasının sahibi Rosneftdir. Bu baza artıq mayın 11-də dron hücumuna məruz qalmışdı. Bryanskdakı başqa bir neft bazasına 2022-ci ilin aprelində hücum edilmişdi.

Ukrayna kəşfiyyatındakı mənbələr

Yanvarın 18-də Ukrayna müharibəsi başlanandan bəri ilk dəfə olaraq Rusiya hava hücumundan müdafiə qüvvələri Leninqrad vilayəti üzərində təyyarə tipli dron tutublar. Həmin dronun qırıntıları Peterburq neft terminalının ərazisində tapılıb.

“Ukrainskaya pravda” qəzetinin Ukraynanın xüsusi xidmətlərindəki mənbəyi bildirib ki, sözü gedən hücum əməliyyatını Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi həyata keçirib.

Mənbə deyib ki, zərbənin əsas hədəfi Leninqrad vilayətindəki neft bazası olub.

Ukrayna sənayenin strateji sahələri naziri Aleksandr Kamışin daha əvvəl demişdi ki, yanvarın 18-də Sankt-Peterburqa hücum edən dron Ukraynada istehsal olunub və “hədəfə dəyib”.

Rusiya üzərinə dron hücumları 2023-cü ilin yazından artıb. Bu da qeyd olunur ki, dron zərbələrinə təkcə həmsərhəd şəhərlər deyil, həm də təmas xəttindən yüzlərlə kilometr aralıda olan obyektlər məruz qalır.

Kiyev rəsmi olaraq belə hücumları şərh etmir, lakin Ukrayna xüsusi xidmətlərindəki mənbələr belə hücumların Ukrayna tərəfindən edildiyini bildirirlər.

XS
SM
MD
LG