Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:45

Azərbaycanlı miqrantlar vətənə qayıdır


Rusiyada miqrantlara qarşı növbəti polis reydi.
Rusiyada miqrantlara qarşı növbəti polis reydi.

Bir neçə ildir Rusiyada işləyən Məmmədnəbi Vəliyev martın 7-də Azərbaycana qayıdır (bu yazı hazırlanarkən, hələ vətəninə çatmamışdı).

Məmmədnəbi yaşadığı Zərdab rayonundan 5 il öncə çıxıb və iş tapmaq üçün Rusiyanın müxtəlif şəhərlərinə üz tutub. Bir il əvvəl Dərbəndə gələrək, inşaatda çalışıb. Fevralın 9-da onu tikintidə işləyən başqa azərbaycanlılarla birlikdə polis tutub. Təkcə o deyil, 300-ə yaxın azərbaycanlı üç gün Dərbənddəki idman zallarının birində saxlanıb (Həmin görüntülər Youtube kanalında da yerləşdirilmişdi - red.). Məmmədnəbi Vəliyev deyir ki, dördüncü gün polis pasportu üstündə olanları və sənədində əyər-əskik olmayanları buraxıb. Məmmədnəbinin bəxti onda gətirib ki, saxlanan gün pasportu üstündəymiş. Bir aydır işsiz-gücsüz qaldığından, indi o, Azərbaycana qayıdır:

Buna da bax:​ Azərbaycanda hər 9 nəfərdən biri miqrantdır

"Mənim özümün bütün sənədlərim düz olub, ancaq bizi əsir kimi tutub üç gün ac-susuz saxladılar. Bu axşam artıq Azərbaycana qayıdıram, çünki işləməyə imkan yoxdur. Polis incidir, işləməyə qoymurlar. Mən bura işləməyə gəlmişdim. Öz ölkəmdə iş olsaydı, niyə gəlirdim ki? İşləməyə qoymayandan sonra burda qalmağın mənası yoxdur".

Məmmədnəbi Vəliyev: 'Bəxtim onda gətirdi ki, saxlanan gün pasportum üstümdəydi'
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

Məmmədnəbi deyir, azərbaycanlıların çoxu işsizliyə və deportasiya olunduğuna görə indi onun kimi Azərbaycana qayıdır.

Qayıtmaq istəyənlərin çoxu qayıda da bilmir

Ancaq qayıtmaq istəyənlərin də hamısı qayıda bilmir. Dərbənddə tikintidə işləmiş İlham Həmidov deyir ki, onun kimi 30-dan çox adamın pasportu hələ də məhkəmədədir. Özləri də bir aydır işsiz, pulsuz-parasız qalıblar:

"Deyirlər, sizi 6 illiyinə deportasiya edəcəyik. Deyirəm, lap 20 illiyinə edin, ancaq pasportumuzu özümüzə qaytarın ki, çıxıb evimizə gedə bilək. Pulsuzluqdan un qovurub yeyirik. 28 gündür bu vəziyyətdəyik, nə işləyə, nə də gedə bilirik. Heç kim də bizimlə maraqlanmır".

Buna da bax:​ "Otxod" sözünə Rusiyadan, Ukraynadan, Almaniyadan etirazlar- [Video]

İlham Həmidov: 'Hazırda 30-dan çox azərbaycanlının pasportu hələ də məhkəmədə qalıb...'
Gözlə

No media source currently available

0:00 0:00:18 0:00
Direct-ə keçid

İlham Həmidovun sözlərinə görə, azı, 30 adam bir aydır Azərbaycandakı ailələrinə də pul göndərə bilmir.

İlham da, Məmmədnəbi də bu müddət ərzində Azərbaycanın Rusiyadakı səfirliyinin pasportları əllərindən alınmış Azərbaycan vətəndaşlarıyla maraqlanmadığını bildirirlər.

Səfirlik: “Onlar icazələri olmadıqlarına görə saxlanıbmış”

Polad Bülbüloğlu
Polad Bülbüloğlu

Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatına görə, fevralın 9-da Dağıstanın Federal Miqrasiya Xidmətinin Dərbənd şəhərindəki tikinti obyektlərində gerçəkləşdirdiyi reydlər nəticəsində Rusiyada yaşayıb-çalışmağa icazəsi olmayan 185 nəfər saxlanılıb:

"Saxlanılan şəxslərin sayı çox olduğundan, onlar lazımi yoxlama müddətinə idman zalında yerləşdiriliblər. Fevralın 10-da müvafiq prosedurlar aparıldıqdan sonra bütün saxlanılanlar sərbəst buraxılıblar. Fevralın 13-də Dərbənd şəhər dairəsinin başçısı Maliq Baqliyev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə telefon danışığı zamanı yuxarıda qeyd olunan məlumatı şəxsən təsdiqləyərək vurğulayıb ki, hazırda Dərbənddə saxlanılmış bir Azərbaycan vətəndaşı belə yoxdur".

Buna da bax:​ Xaricdə yaşayan azərbaycanlılar da sosial yardım alacaq [müsahibə]

Ancaq İlham Həmidov deyir ki, buraxılsalar da, hazırda 30-dan çox azərbaycanlının pasportu hələ də məhkəmədə qaldığından, onlar girov kimi saxlanılırlar.

O deyir ki, bu vaxtadək Azərbaycandakı ailəsinə hər ay, azı, 500 manat göndərirmiş. İndi ailəsinin də durumu ağırlaşıb.

“Sosial durum daha da pisləşə bilər”

Nemət Əliyev
Nemət Əliyev

İqtisadçı ekspert Nemət Əliyev bildirir ki, indi ölkənin ağır iqtisadi durumunda Rusiyadakı azərbaycanlı miqrantların kütləvi şəkildə Azərbaycana qayıtması sosial durumu daha da pisləşdirəcək:

"Onlar ailələrinə ayda, heç olmasa, 150-200 dollar göndərə bilirdilər. Həmin ailələr üçün böyük məbləğ idi. Çıxarılanlar hara gələcəklər? Təbii ki, Azərbaycana. Burda isə iş yerləri bağlanır, yeni iş yerlərinin açılmasına da şərait yoxdur. Bu o deməkdir ki, həmin ailələrin maddi durumu daha da ağırlaşacaq".

Nemət Əliyev: 'Onlar ailələrinə ayda, heç olmasa, 150-200 dollar göndərə bilirdilər'
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid

Buna da bax:​ Azərbaycanı tərk edənlər niyə artır? (VİDEO)

İqtisadçı ekspert Zahid Məmmədov elə də pessimist deyil. Onun fikrincə, Azərbaycanın maliyyə imkanları ölkəyə qayıdanlara işləmək imkanı yarada bilər: "Onlar qayıdarsa, iş qabiliyyətləri var, müxtəlif işlərdə çalışa bilərlər. Yəqin ki, dövlət qurumları gərəkli addımlar atıb Azərbaycan vətəndaşlarına dəstək verəcək".

Zahid Məmmədov: 'Yəqin ki, dövlət qurumları gərəkli addımlar atıb Azərbaycan vətəndaşlarına dəstək verəcək'
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00
Direct-ə keçid

Bu gün – martın 7-də gecə saatlarında Azərbaycana qayıdan Məmmədnəbi isə ölkəsində iş tapacağına ümid etmir. Qayğılı-qayğılı "ancaq başqa gedəcəyimiz yer də yoxdur, axı. Görək başımıza nə gələcək", - deyir və susur...

XS
SM
MD
LG