Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:57

Həbs olunan ictimai fəal: 'Polis bölməsində saçımdan tutub yerdə sürüyürdülər'


Ruslan Vahabov
Ruslan Vahabov

İctimai fəal Ruslan Vahabov ona verilən narkotik ittihamının yalan olduğunu, həbsinin sentyabrın 21-də Facebook platformasındakı hesabında yazdığı statusdan qaynaqlandığını deyir. Onun haqqında həbs qərarından şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılanda da bu barədə danışıb.

Deyib ki, sentyabrın 22-də işə gedəndə onu tutub Nizami rayonu, 23-cü polis bölməsinə gətiriblər. Onun sözlərinə görə, bölmədə işgəncələrə məruz qalıb: "23-cü bölmədə saçımdan tutub yerdə sürüyürdülər...".

R.Vahabov sürəkli işgəncəyə, təhqirlərə dözməyib narkotiki 100 manata alması haqda ifadəyə imza atmağa məcbur qaldığını söyləyib.

Ona Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham verilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

İddia olunur ki, saxlanılanda üstündən 6 qramdan çox narkotik çıxıb. Özü isə deyir ki, narkotiki cibinə polislər qoyub.

"Xankəndidə "Bravo" tezliklə tikiləcək, yoxsa yox?"

R.Vahabov haqqında həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılan məhkəməyə işi aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi də qatılıb. O, ictimai fəalın istintaq getdiyi dövrdə qaçıb gizlənməməsi üçün həbsdə saxlanmasını məqsədəuyğun sayaraq buraxılmasına etirazını bildirib.

İbrahim İbrahimlinin sədrlik etdiyi hakimlər kollegiyası da qərar verib ki, ictimai fəal haqqında istintaq dövrü üçün Nizami rayon Məhkəməsinin verdiyi 4 aylıq həbs qüvvədə qalsın.

R.Vahabov həbsindən bir gün öncə - sentyabrın 21-də Facebook hesabında belə bir status paylaşmışdı: "Sual / nə qazandıq 24 saat 43 dəqiqəyə? Xankəndidə "Bravo" tezliklə tikiləcək, yoxsa yox?".

R.Vahabovun yaxınları bildirib ki, onun iki azyaşlı övladı var. Ailəsi Bakıda kirayə qalırmış.

Xatırlatma

Sentyabrın 19-da Qarabağda "antiterror tədbirləri" başlayandan sonra bir həftə içində Azərbaycanda xeyli ictimai fəal həbs olunub. Onlardan üç nəfərə internetdə yasaqlanmış informasiyanın yayılması ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. Bir neçəsinin haqqında da müxtəlif ittihamlarla cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti işgəncə iddialarını rədd edərək həbs olunanların konkret faktlara görə cinayət məsuliyyətinə cəlb edildiyini bildirib.

XS
SM
MD
LG