Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:16

Sahibkar məmur özbaşınalığından 'dad' deyir


Sabit Bağırov
Sabit Bağırov

“Son ildə sahibkarlığın inkişafı haqqında çox sayda fərman və qərarların qəbul edilməsinə baxmayaraq, bu sahədə problemlər var”.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov oktyabrın 25-də “Kiçik biznesin inkişafına yardım” layihəsinin təqdimatında belə deyib.

O, kiçik biznes nümayəndələri arasında keçirdikləri sorğunun nəticələrindən danışıb.

“Sorğu iştirakçılarının sözlərinə görə, problemlərin əsas mənbəyi devalvasiya və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Amma daha bir səbəb var - orta və aşağı səviyyəli məmurların fərmanları, qərarları yerinə yetirməmələri. Onlar deyirlər ki, tezliklə hər şey əvvəlki qaydalara qayıdacaq”, deyə S. Bağırov bildirib.

Buna da bax:​ Yoxlamadan canı qurtaran sahibkar indi nədən dad deyir

Sorğunun nəticələrini Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin direktoru İlkin Qarayev təqdim edib. Sorğunun ölkənin bütün iqtisadi zonalarında 1000 sahibkar arasında aparıldığı bildirilib.

Suallar biznes sahəsindəki vəziyyətə, aparılan yoxlamalara, Milli Sahibkarlığa Yardım Fonduna, vergi və gömrük sisteminə aid olub.

Rəyi soruşulanların 33,9 faizi biznes sahəsindəki vəziyyəti “çox əlverişsiz” qiymətləndirib. 27,9 faizi “cavab verməyə çətinlik çəkib, 27,4 faizi “əlverişsiz”, 10 faizi “nə pis, nə yaxşı” adlandırıb və cəmi 0,8 faizi bu vəziyyəti “əlverişli” adlandırıb.

Respondentlərin 47,3 faizi ölkə rəhbərliyinin korrupsiyanın azalması üzrə addımlarından sonra yaxşılaşmalar hiss etmir, 36,8 faizi isə hesab edir ki, vəziyyət qismən yaxşılaşıb. Bundan başqa 13,6 faiz bu suala cavab verməyə çətinlik çəkib və cəmi 2,3 faiz vəziyyətin yaxşılaşdığını deyib.

Buna da bax:​ 'Adamların yerlərini əllərindən alıb zeytunluq salırlar'

Açıqlanan rəqəmlərə görə, rəyi soruşulan sahibkarların 32,7 faizi onların fəaliyyəti sahəsində rəqabəti ədalətsiz hesab edib. 31,9 faiz deyib ki, vəziyyət qismən ədalətsizdir. 17,7 faiz isə vəziyyəti qismən ədalətli hesab edib. Daha 17 faiz cavab verməyə çətinlik çəkib, 0,7 faiz isə rəqabəti tamamilə ədalətli adlandırıb.

Respondentlərin 20 faizi bildirib ki, Milli Sahibkarlığa Yardım Fonduna kredit almaqdan ötrü müraciət edib və bunun cəmi 31 faizi (62 sahibkar) kredit ala bilib.

Rəyi soruşulan sahibkarların 69,3 faizi özünü məmur özbaşınalığından müdafiə olunmuş hesab etmir. 66,4 faizi hesab edir ki, vergilərin miqdarı azaldılmalıdır. 59,7 faiz də bildirib ki, Azərbaycanda qanunları pozmadan bizneslə məşğul olmaq mümkün deyil.

Buna da bax: Devalvasiyalardan sonra hökumət artıq ÜDM-lə öyünmür

Təqdimata yekun vuran İ. Qarayev bildirib ki, təəssüf ki, kiçik biznes nümayəndələri indiyə qədər ölkə iqtisadiyyatında mühüm rol oynaya bilmir.

“Sahibkarların 97 faizi orta və kiçik biznes kateqoriyasına aiddir. Amma ölkə ümumi daxili məhsulunda (ÜDM) orta və kiçik biznesi payı 3 faizə belə çatmır. Məşğulluqda 8, ixracatda 2,5 faizdir”, deyə o qeyd edib.

XS
SM
MD
LG