Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:29

Sarımsaq kəskin bahalaşıb


Sarımsaq
Sarımsaq

Azərbaycanın bazar və marketlərində sarımsaq kəskin bahalaşıb. Cəmi 3-4 gün əvvəl pərakəndə satış qiyməti 6 manat 50 qəpik olan sarımsağın indi topdansatış qiymətinin 11-12 manata yüksəldiyi bildirilir. Halbuki, yay aylarında sarımsağın bir kiloqramı 1 manata təklif edilirdi.

Eyni zamanda, sümüksüz mal ətinin qiyməti 14 manata, quzu əti isə 15 manata yüksəlib. Baxmayaraq ki, bir-iki həftə öncə quzu əti 13 manata satılırdı.

«...Çində bu virus olmamalı idi»

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli AzadlıqRadiosuna deyib ki, sarımsağın qiymətinin belə kəskin yüksəlməsi Azərbaycanın bu məhsula da olan tələbatını yerli istehsal hesabına ödəyə bilməməsi ilə bağlıdır. Onun qeyd etməsinə görə, həmin məhsulun bir hissəsi Çindən idxal edilirdi, koronavirus epidemiyası ilə bağlı daha oradan sarımsaq gətirilmir.

Son zamanlar Azərbaycanda bu məhsula tələbatın artmasına gəlincə, ekspert deyib ki, koronavirusa sarımsağın güclü əks-təsiri barədə mülahizələr öz işini görüb: «Bu məhsul belə təsirə malik idisə, dünyada ən çox sarımsaq istehsal və ixracatçısı olan Çində bu virus olmamalı idi...».

V.Məhərrəmli hesab edir ki, Azərbaycanda inhisarın nəzarətində olan topdansatış sahəsində sahibkarlar da süni qiymət bahalığı ilə daha çox gəlir əldə etmək istəyirlər: «Düşünürəm ki, sarımsağın ən yaxşı halda qiyməti 1 manat 20 qəpik, 1 manat 50 qəpik arasında ola bilər və hətta tələbat artsa belə, bundan baha olmalı deyil».

Bazarda qiymətlər cibinizə uyğundurmu?
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Ətin bahalaşmasına gəlincə....

Ətin bahalaşmasına gəlincə, ekspert deyib ki, Novruz bayramı (20-21 mart) ilə bağlı bir çox məhsulların qiyməti artmaqdadır. Onun düşüncəsinə görə, istər mal, istərsə də quzu ətinin bahalaşması hökumətin kənd təsərrüfatı ilə bağlı apardığı siyasətdən asılıdır.

V.Məhərrəmli hesab edir ki, həmin siyasət dəyişməyincə, kəndliyə sərbəst biznesi qurmaq imkanı verilməyincə, bu sahədə bahalıq olacaq:

«Kəndlilər örüş yeri olmadığı üçün...»

«Bir neçə il öncə 260 min hektar örüş yeri kəndlilərdən alınıb, monopolistlərə, məmurlara verildi. Onlar da bu torpaqlardan səmərəli istifadə edə bilmirlər. Elə həmin vaxtlarda da kəndlilər örüş yeri olmadığı üçün çoxsaylı mal-qara, qoyun-quzunu dəyər-dəyməzinə satdılar. Ölkədə heyvan sayı kəskin azaldı».

Ekspert əlavə edib ki, ölkəyə getdikcə ət idxalı da artmaqdadır: «Bu ondan xəbər verir ki, ət istehsalı azalıb, təklif azaldığı üçün əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasına baxmayaraq, qiymət artır. Sarımsağın, ətin, digər məhsulların da qiymət bahalığı, bir tərəfdən, istehsalın azalması, digər tərəfdən isə, inhisarın olması ilə bağlıdır və qiymət artımı davam edəcək».

Bu fikirlərə İqtisadiyyat Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər bu vaxta qədər qiymət artımını, əsasən, möhtəkirliklə izah ediblər.

XS
SM
MD
LG