Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:24

Saxta sənədlərlə saxta təqaüdlər necə düzəldilib?


Əlillik niyə kütləvi ləğv olunur?
Gözlə

No media source currently available

0:00 0:06:10 0:00

Əlillik niyə kütləvi ləğv olunur?

Gəncədə onlarla vətəndaş uzun müddət saxta sənədlərlə əmək və əlillik pensiyası alıb. Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsində keçirilən audit nəticəsində bu məsələnin üstü açılıb. Məlum olub ki, adamların heç bir aidiyyəti olmadığı halda, onların hansısa məktəbdə və ya başqa bir müəssisədə işləməsi haqda saxta staj, əlillik və s. sənədlər hazırlanaraq sistemə daxil edilib. Nəticədə həmin adamlara aylıq pensiya və təqaüdlər təyin olunub.

Bu qurumda Fərdi uçotun təşkili sektorunun müdiri işləmiş Elçin Ələkbərov da bu işlərin necə həyata keçirildiyini Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ətraflı danışıb. Nəticədə Ələkbərovun özüylə yanaşı, daha altı nəfər də cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin keçmiş müdiri, onun sabiq müavini, pensiya sektorunun müdiri və digərləri də var. Bu adamlar rüşvət alma, dələduzluq, saxta sənəd hazırlama və başqa əməllərdə suçlanıb.

135 min manat ziyan

Təqsirləndirilən şəxslərdən üç nəfər həbs olunub – Elçin Ələkbərov, sabiq şöbə müdiri Arif Qəmbərov və müavini olmuş Bəyalı Xəlilov. Qalan dörd nəfər haqqında isə əvvəldən – istintaq dövründən başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Audit yoxlamaları şöbəsinin yoxlamaları nəticəsində Kəpəz rayon şöbəsində təyin edilmiş xeyli pensiyalar dayandırılıb. Yoxlayıcılar belə nəticəyə gəlib ki, təkcə 2016-2017-ci illərdə bu şöbədə saxta sənədlərə təyin olunan pensiyalarla dövlətə 135 min manat ziyan vurulub. Təqsirləndirilən şəxslər sonradan toplaşıb dövlətə dəymiş ziyanı ödəyiblər.

Elçin Ələkbərov istintaqa ifadəsində deyib ki, vətəndaşlardan pul alınmasından və rüşvət qarşılığında saxta sənədlərlə onlar üçün pensiya düzəldilməsindən şöbənin rəhbərliyinin də məlumatı olub. Alınan vəsait həm rəhbərlik, həm də prosesin iştirakçısı olmuş digər şəxslərlə bölünüb. Məhkəmədə isə fərqli ifadə verib. Deyib ki, saxta sənədləri özü printerdə hazırlayıb, bu məsələnin digərlərinə aidiyyəti olmayıb.

"Bu maaşla ailə saxlamaq mümkün deyildi"

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə təqsirləndirilən Ələkbərov bildirib ki, vətəndaşlardan pulu rüşvət kimi yox, saxta sənədi düzəltməkdən ötrü alıb. Heç bir vətəndaşı aldatmadığını deyən Ələkbərovun sözlərinə görə, adamlar özləri də sənədin saxta olduğunu bilirdilər: "Vətəndaş xəstə olmadığı halda, əlillik kağızı istəyirsə, özü də bilir ki, bu sənəd saxtadır. Mən iş düzəltmək üçün yox, printerdə sənədi hazırlamaq üçün almışam".

Saxta sənəd hazırlamasını isə aldığı maaşla dolana bilməməsi ilə izah edib. Üç azyaşlı uşaq atası olan Ələkbərov deyir ki, 2010-2018-ci illərdə Fondun Gəncə rayon Nizami və Kəpəz şöbələrində işləyib, cəmi 280 manat maaş alırdı.

"Bu maaşla ailə saxlamaq mümkün deyildi, üstəlik, kredit borcum vardı. Əlavə problemlər də çıxdı. Ona görə məcbur qalıb bu işə razılaşdım. Mən sənədləri hazırlayırdım, pensiya üçün lazımi orqana vətəndaş özü təqdim edirdi. Pensiya təyin edən komissiya sənədlərin saxtalığını müəyyənləşdirə bilməzdi, çünki onları dəqiq işləyirdim. Hətta ekspertiza da düzəltdiyim sənədlərin saxtalığını müəyyənləşdirə bilməmişdi", – təqsirləndirilən Ələkbərovun sözləridir.

Səhlənkarlıq...

Araşdırma zamanı məlum olub ki, əsassız təqaüd alanlar arasında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin keçmiş müdir müavini, hazırda isə təqsirləndirilən şəxslər arasında olan Bəyalı Xəlilovun gəlini və qızı da var. Xəlilov deyir ki, nə qızı və gəlininə pensiya düzəltmək üçün tabeliyindəki əməkdaşlardan nəyisə xahiş edib, nə də başqa vətəndaşlardan alınmış rüşvətdən ona çatıb. O, özünü səhlənkarlıqda günahkar sayır. Bildirib ki, vahid elektron bazaya daxil olmaq imkanı vardı. Ancaq təyinat sahəsində işlər çox olduğuna görə səhlənkarlıq edib, bu işdə adı keçən vətəndaşların əlilliyini yoxlamayıb: "O adamlara qanunsuz pensiya təyin edilməsində mənim marağım olmayıb".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 35-yaşlı Elçin Ələkbərov 6 il azadlıqdan məhrum edilib. Daha iki nəfərə - Arif Qəmbərovla Bəyalı Xəlilova isə 2 il və 2 il 6 ay həbs cəzası kəsilib. Adları çəkilən şəxslərin hər üçü 2020-ci ilin yayından həbsdədir. Nizami Əhmədov, Səmayə Eminova və daha iki nəfərə isə şərti cəza verilib. Hökmdə yazılıb ki, Əhmədovun yaşı, Eminovanın qadın olması, digər iki nəfərin isə səhhətindəki problemlər nəzərə alınaraq onların cəmiyyətdən təcrid olunmamasına qərar verilib.

"Hər kəs qanun qarşısında bərabər olsun"

Ələkbərovun özü də, ailəsi də bu hökmü ədalətsiz hesab edir. Anası Məlahət Ələkbərova AzadlıqRadiosuna bildirib ki, oğlu ayrıseçkiliyə məruz qalıb. Onun sözlərinə görə, saxtakarlıqların üstünün açılmasında oğlunun böyük rolu olub. Buna baxmayaraq, ən sərt cəza da ona verilib: "Hamı yaxşı bilir ki, rəhbərliyin xəbəri olmadan adi məsləhətçi özbaşına heç nə eləyə bilməzdi. Bu işdə hər şeyi yığıb qoydular oğlumun boynuna. Mən demirəm, oğluma azadlıq versinlər. Deyirəm ki, hər kəs qanun qarşısında bərabər olsun. Hakimlər adamların, onların qohumlarının pulunu, vəzifələrini yox, qanunu, ədaləti üstün tutsunlar. Oğlum ağır cəzalanırsa, digərlərinə münasibət də eyni olsun. Yaxud da əksinə...".

Ələkbərov və digərlərinin işindən verilmiş apellyasiya şikayətinə martın 29-da Gəncə Apellyasiya Məhkəməsində baxılacaq.

XS
SM
MD
LG