ABŞ səfiri ölkəsindəki prezident seçkilərindən danışdı
Robert Cekuta bu seçkilərin ABŞ-Azərbaycan münasibətlərinə gözlənilən təsiri ilə bağlı sualı da cavablandırıb. Ardı burada
Donald Trump qələbənin bir addımlığında
Donald Trump ABŞ-ın ən böyük ştatları - Pensilvaniya, Ohayo, Şimali Karolina və Floridada qələbə qazanaraq, ölkəsinin 45-ci prezidenti olmağın astanasındadır.
Trump qalib gəlmək üçün toplamalı olduğu 270 səsi qazanmaq üzrədir. Onun göstəriciləri artıq 264-dür. Hillary Clinton isə, hələ ki, 215 səs toplayıb.
Nümayəndələr Palatasının sədri Paul Ryan Trump-ı qələbə münasibətilə artıq təbrik edib.
Nyu-Yorkda Clinton-un seçki gecəsinə toplananlar ekranlardakı nəticələri ağlayaraq izləyirlər.
Hazırda Viskonsin, Minnesota, Miçiqan, Nyu-Hempşir və Arizona ştatlarında hesablamalar başa çatmaq üzrədir.
.
Trump qalib gəldi
AP-nin son məlumatına görə, hesablamalar D.Trump-ın Viskonsində də qələbə qazandığını, beləliklə 276 səs topladığını göstərdi.
Beləliklə, Donald Trump ABŞ-ın prezidenti seçildi!
Amerikalılar güclü lider arzusundadırlar
Seçki günü keçirilən sorğular göstərib ki, amerikalıların çoxu ölkənin iqtisadi baxımdan yanlış istiqamətə yönəldiyini düşünür. Seçicilərin fikrincə, siyasətçilər onların üzləşdikləri iqtisadi problemlərə laqeyddirlər.
«Reuters/Ipsos»un 10 min seçicinin cavabları əsasında hazırladığı sorğunun nəticələri göstərir ki, seçicilərin 72%-i ABŞ iqtisadiyyatının varlı və güclü adamlara xidmət etdiyini düşünür. Səs verənlərin 57%-i ölkəsiylə getdikcə daha çox həmrəy ola bilmədiyini deyib. Seçicilərin 75%-i isə «Ölkəni varlı və güclülərdən almaq üçün güclü liderə ehtiyac var» fikriylə razılaşıb.