Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:41

Parlamentin yeni tərkibindən kim nə umur?


Arxiv fotosu: Azərbaycan Milli Məclisinin binası qarşısında keçirilən etiraz aksiyasını polsi dağıdarkən, 12 iyun 2012
Arxiv fotosu: Azərbaycan Milli Məclisinin binası qarşısında keçirilən etiraz aksiyasını polsi dağıdarkən, 12 iyun 2012

Müşahidəçilərin çoxu bu fikirdədir ki, yeni parlamentdə əvvəlki azsaylı tənqidlər də olmayacaq.



YENİ PARLAMENTDƏ KÖHNƏ-YENİ SİMALAR

MSK-nın elan etdiyi ilkin nəticələrə görə Milli Məclisin tərkibi artıq bəllidir. Seçkilərdən iki gün öncə Bahar Muradovanın AzadlıqRadiosuna dediyi kimi, “parlament çoxluğu” YAP-ındır. Aparıcı müxalifət partiyalarından, birliklərindən isə parlamentə düşən olmadı. Ötən illərdə Milli Məclisdə müxalifəti təmsil edən İlyas İsmayılov, İqbal Ağazadə belə bu dəfə parlamentdən kənarda qaldılar.

Düzdür, Milli Məclisdə əsasən əksəriyyət “stajlı deputatlar” olsa da, bir neçə yeni ada da rastlamaq mümkündür: Əflatun Amaşov, Tahir Kərimli, Araz Əlizadə, Ülviyyə Həmzəyeva, Elşad Həsənov...

Həmişə qalmaqallarla yadda qalan Araz Əlizadənin deputat mandatı qazanması sosial şəbəkələrdə daha çox müzakirə edilir. Araz Əlizadə isə onun qələbəsinə şübhə edənlərə, eləcə də bu dairədən başlıca rəqibinə - İqbal Ağazadəyə sərt cavablar verib. Ancaq biz bu mübahisəni yenidən qaldırmaq niyyətində deyilik.

Yeni parlament kənardan necə görünür? Bu suala cavab tapmaq istəyirik.

Buna da bax: AŞPA: «Səslərin sayılmasında nöqsanlar olub, amma…»

“CƏMİL HƏSƏNLİNİN SİYAHISI TƏSDİQLƏNDİ”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Milli Məclisin yeni tərkibi haqqında bunları deyir:

“Mən heç nəyi dəyərləndirə bilmirəm. Bu, seçilən parlament deyil, təyin olunan parlamentdir. Milli Şuranın sədri Cəmil Həsənlinin seçkilərdən əvvəl yaydığı siyahı demək olar ki, tam təsdiqləndi. Bu da parlamentin seçilmədiyini göstərir. Ona görə nəyi dəyərləndirmək olar? M

illi Məclis icra aparatının bir qanadına çevrilir. Nə sənəd göndərəcəklər, nə tapşırıq verəcəklər, onu da təsdiqləyəcək.

Ümumiyyətlə, bizdə həmişə belə olub. Parlament seçkilərində sövdələşmələr, anlaşma olub və s. Amma fakt budur ki, parlamentə düşəcək adamların siyahısı adətən Prezident Administrasiyasında təsdiqlənir. O razılıq olmasa, kim olur olsun, lap seçkiləri udsun, yenə də parlamentə düşə bilməz”.

Buna da bax: AŞPA müşahidəçiləri: “Demokratik seçkiyə doğru addım hesab edə bilmirik”

HAKİM ELİTANIN PARLAMENTİ

Mehman Əliyev də, müstəqil jurnalist Natiq Cavadlı da bir məqama xüsusi diqqət çəkirlər. Azərbaycan müstəqillik qazandıqdan sonra keçirilən seçkilərdə ilk dəfədir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu prosesi izləmədi, ilk dəfədir ki, namizədlər pulsuz efir vaxtından istifadə edə bilmədilər.

Bundan başqa, seçkilər əksər müxalifət partiyaları tərəfindən boykot edildi. Seçkilərə qatılan Müsavat, REAL, NİDA kimi siyasi qüvvələrsə seçkilərə bir neçə gün qalmış onun nəticələrini tanımayacaqlarını söylədilər. Natiq Cavadlı bu şəraitdə keçirilən seçkilər nəticəsində formalaşan parlamenti sadəcə “hakim elitanın Milli Məclisi” adlandırır:

“Yeni parlament əvvəlkilərdən fərqli olaraq sırf hakim elitanın parlamentidir. Əvvəlkilərdə heç olmasa müəyyən qədər tənqidi fikir eşidilirdi, nəyəsə etiraz olunurdu. İndi o konstruktiv dedikləri müxalifət də artıq orda yoxdur. Ona görə də yeni deputatların cəmiyyətin toqquşan maraqlarını Milli Məclisə daşıyacaqlarına inanmıram. Bu, İlham Əliyevin istədiyi parlamentdir. Bunun vasitəsilə istədiyi qanunu, layihəni çox rahatca keçirəcək.

Düzdür, əvvəlkilərdə də keçiriridi. Ancaq əvvəlkilərdə bir az tənqid olurdu, siyasi məhbus məsələsi qaldırılırdı... Daha o səsləri biz eşitməyəcəyik. Məsələn, İqbal Ağazadə azdan-çoxdan qaldırırdı bəzi məsələləri. Bu parlamentsə çox dişsiz olacaq. Həm də nəzərə alaq ki, yaxın 5 ildə neftin qiyməti aşağı həddə olacaq. İlham Əliyev bunları bildiyi üçün də belə parlament formalaşdırdı”.

Buna da bax: Qərb mətbuatı “despotik” seçki mühitindən yazır

SEÇKİLƏRƏ HƏVƏSLƏ QOŞULUB ƏLİ BOŞ QALANLAR

Ziyalıların, jurnalistlərin, QHT üzvlərininvə başqalarının toplaşdığı “125-lər” seçkilərə ümidlə qatılmışdı. Onun bəzi üzvləri həm sosial şəbəkələrdə, həm də dairələrdə fəal təbliğat aparırdı. Ancaq hakimiyyətə loyal “125-lər”-dən bircə nəfər də parlamentdə təmsil olunmadı. Natiq Cavadlı bunun səbəbini belə izah edir:

“Onlar həm qəhrəman olmaq istəyirdilər, həm də hakimiyyətdən nəsə umurdular. Məsələn, İntiqam Əliyevin məsələsini qabardırdılar. Amma hakimiyyət İntiqam Əliyevi sevmir axı, onu həbs edib, ona cinayət işi qaldırıb. Bu, mümkün deyil ki, sən həm cəmiyyətdə qəhrəman olasan, həm də hakimiyyətdən ödül istəyəsən”.

Buna da bax: Seçkinin ilkin nəticələri bəllidir

PƏNAH HÜSEYN: “MƏN ÜMİD EDİRDİM Kİ...”

“Mən bu dəfəki seçkilərə ümidlə qatılmışdım”. Seçkilərdə iştirak edən və Cəmil Həsənlinin siyahısında adı olsa da, Milli Məclisə düşməyən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn belə deyir:

“Mən ümid edirdim ki, dünyada, regionda, ölkədə yaranmış situasiya, istər geosiyasi, istər sosial-iqtisadi, istərsə də hərbi-siyasi böhran Azərbaycan iqtidarını qismən də olsa islahatlara getməyə sövq edə bilər. Ölkənin yaxın bir neçə ildə gözlənilən ağır vəziyyətdən çıxması üçün Milli Məclisin də imkanlarından istifadə haqqında düşünəcəyinə ümid edirdim. Təəssüflə qeyd etməliyəm ki, gözləntilər doğrulmadı.

Yeni parlament köhnənin dublikatıdır. Ona görə də hansısa keyfiyyət dəyişikliyi baş verəcəyini güman etmirəm. Bu vaxta qədər necəydisə, elə olacaq. Hər halda, bu şans da Azərbaycan dövləti, xalqı üçün əldən buraxıldı.”

Rəsmilərsə tənqidləri qəbul etmir, seçkilərin azad, ədalətli keçirildiyini bildirir.
Seçkiləri izləyən AŞPA-nın müşahidə missiyası bildirib ki, seçki pozuntusunun şahidi olmayıblar.

XS
SM
MD
LG