Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:52

Abid Şərifova aid edilən şirkətdə 106 milyon manatlıq 'buxarlanma'


Arxiv fotosu: Bakıda yol qovşağı
Arxiv fotosu: Bakıda yol qovşağı

Yaxınlarda «Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» Açıq Səhmdar Cəmiyyəti illik maliiyə hesabatını müstəqil auditorun rəyi ilə birlikdə korporativ saytı vasitəsilə açıqladı. Həmin hesabat cəmiyyətin maliyyə durumuna aydınlıq gətirmək əvəzinə, kiçik səhmdarlar arasında çaşqınlığa, müstəil maliyyə mütəxəssislərində isə çoxlu suallara səbəb oldu.

Səhmə 1 manat pul verdilər, 106 milyonu «unutdular»

Səhmdar Vəzir Rəcəbovun sözlərinə görə, bu ilin iyununda baş tutan illik ümumi yığıncaqda uzun çək-çevirdən sonra səhmlərə görə cüzi miqdarda dividend ödənilməsi haqda qərar qəbul edilib. Amma belə bir fövqəladə hal haqda onlara məlumat verməyiblər: “Biz təklif etdik ki, əvvəlki illərdən yığılıb qalan mənfəət barəsində də bir ölçü götürək. İdarə Heyətinin sədri Manaf Şirinov isə bildirdi ki, builki (2015-ci ilin) dividend ödəniləndən sonra 1 milyon 923 min manat mənfəətdən qalan vəsait də əvvəlki illərdə olduğu kimi inkişafa sərf olunacaq”.

Abid Şərifov jurnalistlər arasında
Abid Şərifov jurnalistlər arasında

Büdcəyə 10 milyon vergi ödənə bilərdi

2013-cü ilədək «Azərkörpü» adını daşıyan şirkət Azərbaycanda və onun hüdudlarından kənarda bir çox tikinti layihələrində baş podratçı qismində iştirak etdiyinə görə inşaat sektorunun əsas oyunçulardan biri hesab olunur. «Evrascon» ASC həm də jurnalistlərin ortaya çıxardıqları rəsmi sənədlərə əsasən baş nazirin müavini Abid Şərifovun ailə biznesinin bir hissəsi olduğuna görə ictimaiyyətin diqqət mərkəzindədir. Baş nazirin müavini Abid Şərifosun nə özü, nə də hər hansı təmsilçisi medianın ortaya çıxardığı bu sənədlərə şərh verməyib.

2001-ci ildə özəlləşdirildikdən sonra dövlət vəsaitlərinin istifadəsi ilə bağlı müxtəlif investisiya qoyuluşlarının icrasına cəlb olunan şirkətin günlərin birində 106 milyon manatlıq itkisi sıradan hadisə sayıla bilməz. Üstəlik, bu vəsaitin dividend şəklində ödənməməsi, məbləğin 10 faizinin büdcəyə vergi şəklində çatmamasına da səbəb olub.

Bəs, bu qədər pul harada «düşüb» itə bilərdi?

Şirkətin hesabatına görə, 2014-cü ilin əvvəlinə onun bölüşdürülməmiş mənfəəti 114 milyon manatdan çox idi. Həmin il Evrascon 4 milyon 291,7 min manat zərərə uğrayır. Riyazı hesabla zərərin ödənilməsinə yönəldilən vəsait nəzərə alınmaqla bölüşdürülməyən mənfəətin məbləği 109 milyon 718,5 min manata enməli idi. Lakin «Kapitalda dəyişiklikılər hesabatı»nda həmin göstərici nədənsə 106 milyon 725 min manat kimi qeyd olunub.

Hesabatın səhihliyinə şübhə yaradan başqa bir detal: 2013-cü ilin xalis mənfəətindən hər səhmə görə 2014-cü ildə 1 manat dividend aldığını deyən səhmdar Vəzir Rəcəbov hesabatda bu məlumatın əks olunmadığını, bu səbəbdən də hesabatın Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmasına əmin olmadığını söyləyir. Səhmdar cəmiyyətinin 188 645 ədəd səhminə görə eyni məbləğdə vəsaiti elan edilmiş dividend bölümündə əks etdirmək hesabatı tərtib edənlərin və ona rəy verən auditin «gözündən qaçıb».

V. Rəcəbov: «Evrascon» ASC-nin 16 milyon xalis mənfəət götürdüyü illər olub. Biz, kiçik səhm sahibləri, bu illər ərzində daim ümumi yığıncaqlarda tələb etmişik ki, dividendə, Müşahidə Şurasının tövsiyyə etdiyi kimi, 90 qəpik-1 manat, yəni xalis qazancın 0,5-1 faizi yox, əsas hissəsi yönəldilsin. Əgər bu da qəbul edilmirsə, o zaman mənfəət nizamnamə kapitalının artımına yönəldilsin. Amma öz bildiklərini edirdilər».

*** Bunlara da baxın:

«Rüşvəti hesabata salmaq olmur»

Beynəlxalq audit şirkətlərindən birində çalışmış Azər Məmmədovdeyir ki, Azərbaycanda korrupsiya səviyəsi yüksək olduğundan, bir çox yerli şirkətin maliyyə hesabatlarının göstəriciləri etibarlı deyil. Zərər və ya mənfəətlə çalışmasından asılı olmayaraq, şirkətlər müxtəlif dövlət qurumlarına rüşvət verirlər. Bunu isə maliyyə hesabatına salmaq olmur. «Evrascon» ASC-yə gəlincə, ekspertin fikrincə, «yoxa çıxmış» vəsait ya ayrı-ayrı layihələrin məhz bu şirkətə verilməsi üçün qeyri-rəsmi bəxşiş kimi verilə, ya da iri səhm sahibləri arasında bölüşdürülə bilərdi.

«Həm milli, həm də Azərbaycanın tanıdığı beynəlxalq maliyyə hesabatları standartlarına görə, mənfəət səhmdarlara aid kapitaldır və onun bölüşdürülməsi haqda qərarı da onlar birlikdə verə bilərlər. Bu qərar isə bir neçə cür ola bilər: yeni səhm buraxılışı və ya nominalın artımı ilə mövcud səhmlərə yönəltməklə kapitalı artırmaq; əvvəlki illərin zərərini bağlamaq; kapital ehtiyatında saxlamaq. İstənilən halda bu vəsait səhmdarlara məxsusdur. Hesabatda isə 106,7 milyon manatın mahiyyəti bəlli olmayan və hesabatın digər bölmələrində açıqlanmayan «maddələr arasında köçürmələr» adı altında çıx-daş edildiyini görürük» - maliyyəçi A.Məmmədov belə deyir.

Aktivdə çatışmayan 61 milyon manat

«Evrascon» ASC-nin 2015-ci il üzrə balans hesabatında il ərzində aktivlərin 101,3 milyon manat «əridiyi» görünür. Amma təəccüblüdür ki, 2014-cü ilin maliyyə balansında heç cür «balans» yaranmır: öhdəliklərin (264,5 milyon manat) və kapitalın (107,1 milyon manat) cəmi (371 milyon 715,2 min manat) aktivlərdən (310 milyon 531 min manat ) nə az, nə çox – 61 milyon 184 min manat artıq çıxır. Başqa sözlə, aktivlərdə bir o qədər «yırtıq» yaranır.

Baş mühasib auditorun üstünə atır...

«Evrascon» ASC-nin İdarə Heyətinin sədrinin maliyə işləri üzrə müavini, baş mühasib Ayşad Kiberova deyir ki, onun cəmiyətin sözügedən illik maliyyə hesabatından xəbəri yoxdur. «Hesabatı cəlb olunmuş müstəqil auditor Maliyyə Nazirliyinə vermək üçün hazırlayıb. Mən Vergilər Nazirliyinə təqdim olunan Mənfəət vergisi Bəyannaməsinə cavabdehəm».

A. Kiberova bölüşdürülməmiş mənfəətin ezamiyyə, işçilər üçün yemək xərci və s. üçün xərcləndiyini iddia edir.

Auditor isə baş mühasibi hədəfə alır

Maliyyə hesabatına sərbəst auditor Şəmsinur Hüseynov müsbət rəy verərək qeyd edib ki, o «bütün əhəmiyyətli aspektlər baxımından müəssisənin 31 dekabr 2015-ci il tarixinə maliyə vəziyyətini və pul vəsaitlərinin hərəkətini MHBS-yə uyğun olaraq düzgün əks etdirir».

AzadlıqRadiosu «Evrascon» ASC-də 5-30 mart tarixlərində audit yoxlaması aparan auditor Ş.Hüseynovdan maliyyə hesabatlarındakı uyğunsuzluqlara izahat verməsini xahiş edib. Lakin o, nöqsanların mövcudluğundan xəbərsiz olduğunu deyərək, məsuliyyətin cəmiyyətin mühasibatlığının üzərinə düşdüyü, bütün sənədlərdə ASC-nin İH sədrinin və baş mühasibinin imzasının olduğunu bildirdi.

«Mən yalnız təqdim olunmuş sənədlər əsasında yoxlama aparmışam. Bu tipli suallara ASC-nin baş mühasibi cavab verə bilər», - Ş. Hüseynov deyir.

«Deloitte haqqını aldı və getdi»

«Deloitte &Touche» şirkəti 2014-cü ildə «Evrascon» ASC-də müqavilə əsasında audit yoxlaması aparsa da, yekunda rəyi təqdim etməyib. Bu rəy SC-yə beynəlxalq layihədə iştirak etmək üçün tələb olunurdu. Lakin şirkət rəyini hazırlasa da, o, səhmdar cəmiyyətinin rəhbərliyini qane etməyib. Bunu o dövrdə SC-də işləmiş adının çəkilməsini istəməyən mötəbər mənbə deyir.

«Hesabatda o qədər, yumşaq desək, problemli məqamlar vardı ki, onun ortaya çıxarılması işləri daha çox korlaya bilərdi. Odur ki, Deloitte 200 000 manatdan çox xidmət haqqını aldı və getdi».

«Deloitte &Touche» şirkətinin Bakıdakı tərəfdaşı AzadlıqRadiosunun «Evrascon» ASC-in maliyyə hesabatına rəyin verilməməsi səbəbləri barədə sorğusuna cavab olaraq deyib ki, o, müştərilərinə dair məlumatları digər tərəfə açıqlamır.

Səhmdar: «Pulumu verin»

Səhmdar V. Rəcəbov isə deyir ki, o, digər kiçik səhm sahibləri ilə birlikdə «yoxa çıxmış» milyonların hesabını SC-nin rəhbərliyindən sormaq niyyətindədir: «O mənfəətin azı 300-400 min manatı mənə çatır. Əgər mənfəət istifadə olunubsa, bunu sübut etməli olacaqlar. Əks halda mən pulumu tələb edirəm».

XS
SM
MD
LG