Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:02

Keçmiş nazir müavini müttəhimlər kürsüsündə


Mehman Səlimov
Mehman Səlimov

►“Ev-eşiyimi satdım, banklardan özümün, yaxın qohumumun adına kreditlər götürdüm ki, yarımçıq qalmış tikinti işlərini başa vura bilim”.

Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun məhkəməsi başlayıb. Məhkəmə iclasına hakim Zeynal Ağayev sədrlik edir. İclas başlayan kimi Mehman Səlimov vəsatət qaldırıb ki, jurnalistlər iclasa buraxılmasın. Ancaq hakim vəsatəti təmin etməyib. Bildirib ki, məhkəmə iclası ictimaiyyətə açıqdır.

İkinci vəsatəti Mehman Səlimovun vəkili Ağaveyis Şahverdidən verib. Bu vəsatət Müdafiə Nazirliyinin bir necə hərbi hissəsində aparılan tikintilərlə bağlı müqavilələrin də məhkəmədə araşdırılması ilə bağlı olub. Hakim vəsatəti baxılmamış saxlayıb.

Buna da bax: Azərbaycan ATƏT PA-nın sessiyasına qatılmadı

"AYRILAN PUL AZ İDİ"

Sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Mehman Səlimova qarşı irəli sürülən ittihamlara görə o, vəzifədən çıxarılandan sonra Müdafiə Nazirliyinin hərbi hissələrindəki tikinti işlərini və mülki sahədə başqa tikinti işlərini həyata keçirib. Bu işləri görərkən külli miqdarda pul mənimsəyib.

Mehman Səlimov özünü təqsirli bilmir. Məhkəmə ifadəsindən:

“1999-cu ildə təqaüdə çıxmışam. Ailəmi dolandırmaq üçün Sumqayıtda tikinti ilə məşğul olurdum. O vaxtkı müdafiə naziri Səfər Əbiyev təklif etdi ki, onların da tikinti işlərini görüm. İlk olaraq vəsatətdə qeyd olunan müqavilələr üzrə tikinti işlərinə çox az vəsait ayrıldı. Yəni bu pulla o tikintini başa çatdırmaq mümkün deyildi. Problemlər də elə buradan başladı. İstəyirəm ki, 2006-cı ildə olan müqavilələr burada araşdırılsın, cinayət işinə əlavə olunsun ki, əsl həqiqət ortaya çıxsın. Pul çatmadığına görə digər müqavilələrdən aldığım avansı da həmin tikintiyə sərf etdim. Və beləcə, yeni müqavilələrin pulunu köhnə tikintiyə sərf elədim”.

Buna da bax: Ziya Məmmədovdan dəmiryolu da alındı

"BEŞ YERDƏ EV ALA BİLƏRDİM"

Mehman Səlimov ifadəsinə davam edərək bildirib ki, təzə nazir gələndən sonra onunla tikintilərə dair müqavilə bağlanmayıb. O da tikintini başa çatdırmaq üçün evimi satmalı olub:

“Öz adıma 150 min, kürəkənimin adına 170 min manat kredit götürdüm. Torpaq sahəm var idi, onu da satdım. Fikirləşdim ki, ilin sonunda Forma 2 təqdim edib pulumu alacam. Amma noyabrın 19-da məni tutdular. Tikintidə əsas iş görülmüşdü, qalan pulla da tam təhvil vermək olardı. Buna görə də sovet ordusundan aldığım evi satıb Müdafiə Nazirliyinin işinə sərf etdim. Mən Azərbaycan ordusundan heç nə almamışam. İndi uşaqlarım, ailəm kirayədə qalır. Halbuki mən də nazir müavini olmuşam, başqaları kimi 5 yerdə ev ala bilərdim, amma heç nəyim yoxdur”.

Növbəti məhkəmə iclasına sentyabrın 28-də baş tutacaq. Həmin gün iş üzrə şahidlər dindiriləcək.

Mehman Səlimov ötən ilin noyabr ayında həbs olunaraq Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə təqsirli bilinib.

Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləyib. İşdən çıxarıldıqdan sonra jurnalistlər onu tez-tez hərbi ekspertlərin keçirdiyi mətbuat konfranslarında görürdülər. Daha sonra isə onun tikinti biznesi ilə məşğul olması barədə məlumatlar yayılmışdı.

XS
SM
MD
LG