Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:58

Keçmiş polis əməkdaşı telefonda Ukrayna müharibəsindən danışdığı üçün 7 il həbs cəzası alıb


Sergey Vedel
Sergey Vedel

Rusiyalı keçmiş polis əməkdaşı Sergey Vedel (digər adı ilə Klokov)ölkənin silahlı qüvvələri haqqında “saxta məlumat” yaymaqda təqsirli bilinərək 7 il həbs cəzasına məhkum edilib.

Moskva məhkəməsi qərarı aprelin 24-də çıxarıb. Ötən il Rusiya Ukraynadakı müharibə ilə bağlı Moskvanın rəsmi bəyanatlarından fərqli fikirləri kriminallaşdıran qanunu qəbul edib. Vedel qanunun qəbulundan dərhal sonra bu ittihamla üzləşən ilk Rusiya vətəndaşı olub. Hakimiyyət orqanları bu qanundan hətta kiçik fikir ayrılıqlarını boğmaq üçün istifadə ediblər.

Vedelin vəkili Daniil Berman ittihamın qeyri-qanuni olduğunu deyib. Vəkil deyib ki, onun dostları və həmkarları ilə şəxsi telefon danışıqları məlumatın yayılması sayıla bilməz.

Vedel ukraynalı polisdən nə soruşub

Müstəntiqlər isə deyir ki, Ukrayna əsilli Vedel dostları və həmkarları ilə üç telefon danışığında Rusiya hərbçilərinin Ukraynadakı itkilərinin rəsmi statistik göstəricilərdən qat-qat çox olduğunu vurğulayıb. O, həmçinin Rusiya ordusunun mülki insanları öldürdüyünü, Ukrayna hökumətinin nasist olmadığını bildirib. Rusiya rəsmiləri və propaqandası müharibəyə belə haqq qazandırır.

Vedel Kiyev yaxınlığındakı İrpin şəhərində doğulub böyüyüb. O, 67-yaşlı atasının polis əməkdaşı olan ukraynalı dostu ilə telefon danışığının dinlənilməsindən sonra, 2022-ci il martın 18-də həbs edilib.

Söhbət zamanı Vedel polis zabitindən Kiyev yaxınlığındakı Buça şəhərində yaşayan dostları və ailələri haqqında məlumat almağı xahiş edib.

Vedel bu danışıqların real olduğunu etiraf edərək, məhkəmədən üzr istəyib.

Dinc sakinlərin qətli

Rusiya qoşunları Ukraynanın paytaxtını ələ keçirə bilmədikdən sonra, martın sonlarında İrpin və Buçanı tərk etməyə vadar olub, arxalarınca qətlə yetirilən yüzlərlə mülki vətəndaşın cəsədini buraxıb.

Kiyev, insan haqları qrupları və BMT Rusiya ordusunun Buça, İrpin və bəzi digər şəhərlərdəki hərəkətlərini müharibə cinayəti adlandırıb.

Rusiya isə Ukraynada mülki hədəflərə hücum etmədiyini deyir. Xəstəxanaları, yaşayış məntəqələrini, mədəniyyət mərkəzlərini və digər qeyri-hərbi obyektləri hədəfə aldığına dair sübutların artmasına baxmayaraq, öz qüvvələrinin hər hansı hərbi cinayət törətdiyini dəfələrlə təkzib edib.

XS
SM
MD
LG