Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:32

Azərbaycanda şəriət dövlətinin qurulması niyə mümkün deyil


Altay Göyüşov
Altay Göyüşov

►Azərbaycan bu baxımdan İran, Türkiyə, Səudiyyə və digər əksər müsəlman ölkələrindən köklü fərqlənir.

Altay Göyüşov

AZƏRBAYCANDA DÜNYƏVİLİK NƏ DƏRƏCƏDƏ DAYANIQLIDIR?

Azərbaycanda İslamın hər hansı qolunun mütləq dominantlığı olmadığından, vahid Şəriət idarəçiliyi perspektivi ciddi şəkildə azalır, dindarların diskrimnasiyasız, bərabərhüquqlu yaşayışının təminatı kimi demokratik sekulyar sistemə ehtiyacı artır

Türkiyədə baş verən çevriliş cəhdi dinin demokratik və sekulyar cəmiyyətdə yeri mövzusu ətrafında sosial şəbəkələrdə gedən müzakirə və mübahisələri xeyli canlandırıb. Bu səbəbdən, bir növ əvvəl yazdıqlarımın davamı kimi, Azərbaycanda sekulyarizmi nisbətən dayanıqlı edən bir neçə faktordan söz açmaq istəyirəm.

Kimlik və duyğu bağlılığı

Ondan başlayım ki, müxtəlif sosial sorğulara və hökumət rəsmilərinin də vurğuladığına görə, Azərbaycan əhalisinin 96 faizi özünü müsəlman sayır.

Ancaq bunların mütləq əksəriyyəti, qəbul olunmuş ifadələrlə desək, sekulyar və ya ənənəvi müsəlmandır.

Yəni, bu mütləq əksəriyyətin dinə, olsa-olsa, kimlik və duyğu bağlılığı var. El təbiri ilə desək, onlar “dindar” deyillər.

Mədrəsədə təhsil alan qız. İllüstrasiya
Mədrəsədə təhsil alan qız. İllüstrasiya

Lap sadələşdirsək, bunların xeylisi özlərinə müsəlman deysə və Allaha inandığını söyləsə də, Şəriətlə yaşamır. Nə bu mövzuda dərin bilikləri var, nə aramsız ibadət edirlər. Bu saya dinə neqativ münasibət bəsləyənlər və tam biganələr də daxildir. Azərbaycanlıların çoxunu İslam qaydaları ilə birləşdirən başlıca hallar kəbinkəsmə, yas mərasimlərinin təşkili, pirləri ziyarət və sünnətdir.

Bu əksəriyyəti formalaşdıran nominal və ya ənənəvi müsəlmanlar Şəriət idarəçıliyinə pozitiv baxmır və böyük çoxluq etibarilə sekulyar idarəçiliyin, olsa-olsa, passiv tərəfdarlarıdır. Belə şərait Azərbaycanın tarixi inkişafından - 19-cu əsrin maarifçilik çağındakı uğurlardan qaynaqlanır və heç sözsüz, sovet dönəmindəki modernləşmə nəticəsində mümkün olub.

Azərbaycanın köklü fərqi

Müstəqillik dövründə Azərbaycanda İran və İraqdakı müctəhidlərə bağlı şiə, Türkiyədəki dini icmalara bağlı sünni və ərəb ölkələrindəki dini mərkəzlərə bağlı sələfi qruplardan ibarət aktiv dindar təbəqə də formalaşıb.

Di gəl, belələrinin - həyatlarını tamamən dini qanunlar külliyyatı olan Şəriətin tələbinə uyğun quranların sayı həmin 96 faiz azərbaycanlının az bir hissəsidir. Azərbaycan bu baxımdan İran, Türkiyə, Səudiyyə və digər əksər müsəlman ölkələrindən köklü fərqlənir.

Buna da bax: Avropanı oyadıb özü 'yuxuya gedən' İslam fəlsəfəsi

Müxtəlif beynəlxalq təşkilatıların apardığı sorğular Azərbaycanı dünyada aktiv dindar müsəlmanların sayca ən az olduğu ölkələrin sırasına qoyur.

Şəriət idarəçiliyi istəkləri də, əsasən, əhalinin məhz bu dindar, dini ibadətləri vaxtlı-vaxtında yerinə yetirən təbəqəsindən gəlir.

Bu da təbiidir, çünki Şəriət idarəçiliyi həmin təbəqənin inancının bir parçasıdır. Onlar həyatlarını sırf Şəriət əsasında yaşayırlar. İmanlarına görə, din və onun qanunları bəşər həyatının bütün sahələrini, o cümlədən siyasi yaşamını da tənzimləməlidir.

Bununla belə, reallıq odur ki, Azərbaycanda hətta bu dindar təbəqənin də xeyli hissəsi dövlətin Şəriət əsasında idarəçiliyinə tərəfdar deyil. Bunun bir neçə səbəbi var. Mən birinin - konfessional fərqlərin üzərində ayrıca dayanacağam. (ardı aşağıda)

'Heydər' məscidində bayram namazı qılındı- FOTOLAR

Şəriətçiliyin totalitar ideologiya özəllikləri var

Məsələ burasındadır ki, dini qanunlar, hətta bir dini görüş daxilində də, yekcins deyil və müxtəlifdir. Müsəlmanların da şəriətləri həmçinin. Təbii olaraq, eyni din daxilindəki hər hansı ehkam dövlətin qanununa çevrilirsə, digər “yanlış” əqidələr bu və yaxud digər dərəcədə diskriminasiyaya məruz qalır.

Niyəsi də budur ki, Şəriətçilik totalitar ideologiya özəlliklərinə malikdir. Yalnız tək “ali həqiqətin” olduğunu qəbul edir və buna görə də “bu ali həqiqət”dən kənardakılara bərabərçiliyi təmin etməkdə çətinliklə üzləşir. Başqa sözlə, konkret hansısa Şəriət məhz özünü ilahinin yeganə düzgün əmri sayır və bu üzdən öz davamçılarına əlahiddə status verir.

Buna da bax: Müsəlman aləmi sanki cadulanmış dairədədir

Nəticədə, Şəriət idarəçilyində nəinki ateizm, millətçilik, solçuluq, liberalizm və başqa fərqli görüşlər yasaqlanıb təqibə məruz qalır, hətta İslamın bir dövlət daxilində rəsmiləşmiş, qanunun əsasına çevrilimiş konret qolunun davamçısı olmayan digər müsəlmanlar da, ən yaxşı halda, “yolunu azmış qardaş” statusunda bərabərhüquqluluqdan məhrum edilir.

Yəni, konfessiyalar arasında münasibət heç də hamar deyil. Əksər dinlərdə onların müxtəlif qolları arasında münasibətlər gərgindir, tarixboyu toqquşma və savaşlara da yol açıb.

Belə şəraitdə bir Şəriətin dövlət qanununa çevrilməsi, avtomatik olaraq, digərlərini diskriminasiyaya məruz qoyur. Bir müddət əvvəl Səudiyyə krallığı tərəfindən şiə din xadimi Şeyx Nimrinin edam edilməsini, Bəhreynin sələfi sülaləsinin şiə ayətullah İsa Qasımı vətəndaşlıqdan çıxarmasını, yaxud İranda sələfilərin həbs və təqib olunmasını buna misal göstərmək olar.

65 faiz şiə, 35 faiz sünni?

Hacı Allahşükür Paşazadə
Hacı Allahşükür Paşazadə

İndi Qafqaz Müsəlmanları İdarəsinin başçısı A. Paşazadə deyir ki, bizdə əhalinin 65 faizini şiə, 35 faizi sünnidir. Amma bu da Azərbaycanda özünü müsəlman sayan və

əksərən sekulyarlaşmış 96 faizin içindəki ənənəvi, tarixən formalaşmış nisbətin göstəricisidir.

Dindarların özü arasında isə, heç sözsüz, faktik nisbət fərqlidir. Təəssüf ki, Azərbaycan hökumətinin son vaxtlar müstəqil tədqiqatlara törətdiyi əngəllər dinamikanı dəqiq izləməyə imkan vermir. Amma 2006-cı ildəki araşdırmamız göstərirdi ki, Bakı və Sumqayıt kimi şəhərlərdə dini ibadətlərini yerinə yetirən sünnilərlə şiələr arasında nisbət təxminən eynidir.

Ölkə kimliyinin bir parçası

Ona görə, bu mənada da Azərbaycanın İran, Türkiyə və Səudiyyə Ərəbistanından ciddi fərqləri var. Həmin ölkələrdə İslamın hansısa qolunun daşıyıcları mütləq çoxluq yaradır. Məhz bu konkret qol o ölkə kimliyinin bir parçasıdır. Azərbaycanda isə İslamın hansısa qolunun mütləq dominantlığı yoxdur. Bu da vahid Şəriət idarəçiliyi perspektivini ciddi şəkildə azaldır, dindarların diskrimnasiyasız, bərabərhüquqlu yaşayışının təminatı kimi demokratik sekulyar sistemə ehtiyacını artırır.

XS
SM
MD
LG