Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:34

Zelenski Çin lideri ilə danışıb: 'Ərazi güzəşti ilə sülh olmaz'


Çin Xalq Respublikasının sədri Si Tsinpin
Çin Xalq Respublikasının sədri Si Tsinpin

Ərazi güzəştləri ilə sülhə nail olmaq mümkün deyil. Ukraynanın ərazi bütövlüyü onun 1991-ci ilə olan sərhədləri daxilində bərpa olunmalıdır.

Bunları aprelin 26-da Çin prezidneti Si Tsinpinlə telefon danışığından sonra Ukrayna prezidenti Volodimir Zelenski teleqramda yazıb.

Zelenskinin sözlərinə görə sülh dayanıqlı və ədalətli olmalı, beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı və BMT Nizamnaməsinə hörmət ehtiva etməlidir.

Ukrayna prezidenti bunu da qeyd edib ki, o Çin lideri ilə söhbətində Kiyevlə Pekin arasında münasibətlərin əsas mövzularını müzakirə edib:

“Dayanıqlı və ədalətli sülhün bərqərar edilməsi üçün mümkün əməkdaşlığın yollarına xüsusi diqət verilib”.

Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, Ukrayna və Çinin sülh planlarında ortaq məqamlar tapmaq mümkün olub və bunlardan biri də, nüvə silahından istifadə olunmamasına aiddir.

ABŞ “yaxşı xəbər” adlandırıb

Ukraynada müharibə başlanandan bəri Zelenski və Si arasında baş tutmuş ilk telefon söhbətini Ağ Ev də alqışlayıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının kommunikasiyalar üzrə əlaqələndiricisi Con Körbi bu danışıqları “yaxşı xəbər” adlandırıb.

Körbinin sözlərinə görə ABŞ bu telefon söhbəti barədə əvvəlcədən məlumatlandırılmayıb.

Rusiya XİN bildirib ki, Moskva Pekinin Ukrayna ilə danışıqlar prosesi istiqamətində səylərini görür.

Bununla belə nazirliyin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə “Vaşinqton tərəfindən idarə olunan Kiyev çətin ki, sülh çağırışlarına adekvat reaksiya versin”.

“Uzun və mənalı söhbət”

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Çin Xalq Respublikasının sədri Si Tsinpin Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bəri ilk dəfə olaraq Ukrayna prezidenti Volodomir Zelenskiyə zəng edib.

Bu barədə Zelenski özünün Twitter hesabından yazıb.

Çinin dövlət xəbər agentliyi Sinxua bildirir ki, Pekin Kiyevə müharibə tərəfləri ilə danışıqların aparılması üçün “xüsusi nümayəndə” göndərəcək.

Zelenski Si ilə söhbətin “uzun və mənalı” olduğunu vurğulayıb:

"İnanıram ki, bu zəng, habelə Ukraynaya Çin səfirinin təyin edilməsi ikitərəfli münasibətlərimizin inkişafına güclü təkan verəcək”.

Ukrayna prezidentinin ofisi telefon söhbəti barədə daha təfsilatlı məlumatın daha sonra veriləcəyini bildirib.

Sülh danışıqlarına çağırış

Hələ mart ayında Sinin Moskvaya səfərindən əvvəl The Wall Street Journal qəzeti yazırdı ki, Çin rəhbəri Zelenski ilə danışmağı planlaşdırır.

Qəzet qeyd edirdi ki, Pekin bununla da dünya danışıqlar prosesindəki rolunu nümayiş etdirmək istəyir.

Ötən fevral ayında Pekin Ukraynada müharibənin sona çatdırılması üçün sülh planı təklif etmişdi.

Pekin atəşkəs elan edilməsini və humanitar böhranın aradan qaldırılmasını təklif edirdi.

Ukrayna və Qərb bu təklifi tənqid etmişdilər. Onlar bildirirdilər ki, təklifdə Rusiya qoşunlarının Ukraynadan çıxarılmasına dair heç nə deyilmir.

Sky News Çinin hökumət mənbələrinə istinadla yazır ki, söhbət zamanı Si Rusiya və Ukrayna arasında sülh danışıqlarının başlanmasına çağırıb və “nüvə müharibəsində heç kimin qalib ola bilməyəcəyinə” dair xəbərdarlıq edib.

Si habelə qeyd edib ki, Pekin Kiyevə “humanitar yardım” göstərəcək.

Çin obyektiv vasitəçi ola bilərmi?

Çin dövlət televiziyasının məlumatına görə Si bütün tərəfləri nüvə məsələsində təmkinli və ehtiyatlı olmağa, özlərinin və bəşəriyyətin taleyini və gələcəyini düşünməyə çağırıb.

Zelenski martın sonlarında müharibə başlanandan bəri Çin lideri ilə söhbət etməməsindən gileylənmiş, Si Tsinpini Kiyevə dəvət etmişdi.

Çinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Sinin Zelenskiyə zəng etməsi Pekinin beynəlxalq məsələlərdə həqiqətən də “tərəfsiz və obyektiv” olduğunu nümayiş etdirib.

Qərb Çinin bu münaqişənin vasitəçiliyində obyektiv roluna şübhə ilə yanaşır.

Pekin Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumunu indiyədək pisləməyib, Rusiyaya diplomatik və maliyyə dəstəyi verib.

XS
SM
MD
LG