44-yaşlı Rəfael Hüseynov narkotik satışında suçlanır. İddia olunur ki, onun yaşadığı evdən 5 kiloqramdan çox narkotik maddə - marixuana tapılıb götürülüb. Amma özü inkar edir. Deyir ki, yalandır, nə evində narkotik olub, nə də üstündə.
CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsiylə ittiham olunan R.Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində deyib ki, polislər onu şərləyib. O, həbsinin sifarişli olduğunu iddia edir: «Məndə narkotik-filan olmayıb. Bu, «zakaz» işdir. Yalan yazıb doldurublar ora, məni şərləyiblər...».
Ancaq o, həbsinə kimin və hansı səbəbdən sifariş verdiyini açıqlamayıb.
R.Hüseynovun sözlərinə görə, cinayət işinin materiallarında onun tutulduğu yeri də polislər doğru göstərməyib. Deyir ki, o, Buzovna qəsəbəsində evdə olanda polislər hücum edib, üstünə silah çəkib, götürüb aparıblar. Lakin sənədlərdə onun tamam başqa ünvanda saxlandığı göstərilib.
«Rəfael Hüseynov mənə salam verəndə o biri adam belindən silah çıxardı»
Onun dediklərini yaşadığı ərazi üzrə - Buzovna qəsəbəsi, 136 saylı Mənzil-Kommunal İstismar Sahəsinin müdiri İbrahim Hacıyev, bu qurumun işçisi Aynur Musayeva da təsdiqləyib.
Məhkəmədə dindirilən A.Musayeva R.Hüseynovun saxlandığı polis əməliyyatında iştirak edib. O da bildirir ki, Rəfaeli yaşadığı mənzildə tutublar. Danışır ki, ondan narkotik tapılmasının yox, başqa hadisənin şahidi olub. Dediyinə görə, onu R.Hüseynovun yaşadığı ünvana işlədiyi MKİS-in rəisi göndərib: «Mən işdə olanda bizim rəisin yanına iki nəfər gəldi. Otaqda nə danışdıqlarını bilmirəm. Sonra rəis məni otağa çağırdı. Dedi ki, həmin adamlarla deyilən ünvana gedim. O ünvanda da Rəfael Hüseynov yaşayırdı. Bizim iş yeri onun yaşadığı bina ilə üzbəüz idi. Biz ünvana çatanda mənə dedilər ki, «qapını döy». Mən qapını döyəndə mənimlə birlikdə gələnlərin biri yuxarı mərtəbəyə qaçdı. Qapı açıldı, Rəfael Hüseynov mənə salam verəndə o biri adam belindən silah çıxardı. Ona tərəf hücum elədi. Mən qorxub qışqırdım, qaçdım oradan. Rəisin yanına qayıdıb dedim ki, məni niyə elə bir işin arxasınca göndərib...».
136 saylı MKİS-in rəisi İ.Hacıyevi də çağırıb dindiriblər. O da işçisinin dediklərini təsdiqləyir. Deyir ki, otağına iki nəfər mülkigeyimli adamlar gəlib, özlərini polis kimi təqdim etmişdilər. Hətta ona vəsiqə də göstəriblər:
«Ad-soyadlarını görmədim, amma vəsiqədə polis geyimində şəkilləri vardı. Dedilər, sizin ərazidə Rəfael Hüseynov yaşayır, ünvanı da dedilər. Dedim ki, mən o adamı tanımıram. Kommunal xərclərin yığılması və başqa məsələlərə görə sakinlərlə daha çox işçilər ünsiyyətdə olur. Xahiş etdilər ki, dedikləri ünvanı kimsə onlara göstərsin. Dedilər, «şəhərdən gəlmişik, buradakı ünvanları tanımırıq». Həmin vaxt işçilərdən Aynur xanım varıydı, onu göndərdim. Bir az keçdi, həyəcanlı vəziyyətdə gəldi. Hətta mənə də irad tutdu ki, niyə göndərmişəm onu».
Təkrar müayinəylə bağlı vəsatət təmin olunmayıb
Cinayət işinin materiallarında Narkoloji Mərkəzdən alınmış rəy var. Orada R.Hüseynovun narkotik istifadəçisi olduğu göstərilib. Amma özü bununla razılaşmır. Məhkəmədə də vəsatət qaldırıb ki, təkrar müayinədən keçirilsin. Amma vəsatəti təmin olunmayıb. Hakim deyib ki, həbsindən 7 ay vaxt keçib, onun əvvəl narkotikdən istifadə edib-etmədiyini müəyyənləşdirmək mümkün olmayacaq.
Onun vəkilinin başqa bir istəyi isə həm R.Hüseynovun, həm də polislərin mobil telefonlarının anten məlumatlarının əhatə dairəsi barədə məlumatları mobil operatorlardan almaq olub. Çünki bu yolla aydınlaşdırmaq olar ki, R.Hüseynov həbs olunan gün istər özü, istərsə də onu tutan polislər harada olub. Bununla da onun harada saxlanması barədə kimin doğru danışdığı üzə çıxar. Məhkəmə bu vəsatətlə razılaşıb və mobil operatorlara sorğu göndərib.
R.Hüseynovun kriminal aləmlə əlaqələrinin olması barədə məlumatlar var. O, əvvəllər Rusiyada da həbsdə olub.
R.Hüseynovun ittiham olunduğu CM-in 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.