Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:19

Dünyada hərbi xərclər 2 trilyon dolları keçir


ÜDM-nin 5.3 faizinin orduya xərcləndiyi bildirilir.
ÜDM-nin 5.3 faizinin orduya xərcləndiyi bildirilir.

Rusiya 2021-ci ildə hərbi xərcləri 2.9 faiz artıraraq 65.9 milyard dollara çatdırıb

2021-ci ildə dünyada hərbi xərclər 0.7 faiz artaraq 2 trilyon 113 milyard dollara çatıb. Hərbiyə ən çox pul ayıran ölkələr isə ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiya olub. Müvafiq qlobal xərclərin 62 faizi onların payına düşür. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) aprelin 25-də qlobal hərbi xərclərlə bağlı hesabatını açıqlayıb.

Dünyada hərbi xərclərin ötən il ümumilikdə artdığı və bu tendensiyanın artıq yeddinci ildir ardıcıl davam etdiyi vurğulanır.

2021-ci ildə koronavirus pandemiyası fonunda kəskin iqtisadi dirçəliş nəticəsində qlobal hərbi yük, yəni, qlobal ümumdaxili məhsulda (ÜDM) qlobal xərclərin payı 0.1 faiz azalıb. 2020-ci ildə 2.3 faiz olan göstərici ötən il 2.2-yə düşüb.

Azərbaycan, Ermənistan, Rusiya

Azərbaycan dünyada hərbi xərcləri ÜDM-nin 4 faizindən yuxarı olan 10 ölkə sırasındadır. ÜDM-nin 5.3 faizinin orduya xərcləndiyi bildirilir.

Ermənistanda isə ÜDM-nin 4.4 faizi hərbiyə gedib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Rusiya 2021-ci ildə hərbi xərcləri 2.9 faiz artıraraq 65.9 milyard dollara çatdırıb. Artıq üçüncü ildir Rusiyada xərclər artır və ötən il ÜDM-də bu xərclərin payı 4.1 faiz olub.

Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

Rusiyaya qarşı müdafiəsini gücləndirən Ukrayna isə 2014-cü ildə Krım vilayətini Moskva ilhaq edəndən bəri hərbi xərcləri 72 faiz artırıb. Ötən il orduya ayrılan pul 5.9 milyara dollara düşsə də, yenə də ÜDM-nin 3.2 faizi qədər olub.

İran, NATO üzvləri

İranda hərbi büdcə son dörd ildə ilk dəfə artaraq 24.6 milyard dollara çatdırılıb. İslam İnqilab Keşikçiləri Korpusuna ayrılan vəsait ötən il 2020-ci illə müqayisədə 14 faiz artıb, ümumi hərbi xərclərin 34 faizini təşkil edib.

NATO-nun səkkiz avropalı üzvü alyansın ümumi hədəfinə çatıb, ötən il ÜDM-nin 2 faizini, yaxud daha çoxunu silahlı qüvvələrə ayırıb.

Almaniya Mərkəzi və Qərbi Avropada hərbi xərclərə görə üçüncü yerdədir, 2021-ci ildə orduya 56 milyard dollar xərcləyib. Yüksək inflyasiya səbəbindən hərbi xərclər 2020-ci illə müqayisədə 1.4 faiz azalıb.

ABŞ ötən il orduya 801 milyard, Çin 293 milyard dollar ayırıb. Onlardan sonra dünyada hərbiyə ən çox pul ayıran ölkələrin beşliyində Hindistan, Britaniya və Rusiya gəlir.

XS
SM
MD
LG