Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:52

Siyasətdə söyüş... (VIDEO)


Azərbaycan siyasətində söyüş nələrdən xəbər verir?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Bu ilin fevralından Azərbaycanın ictimai məkanında az qala hər gün bu haqda danışılır, bütün tərəflər də bu cür halları pisləyir. Digəl ki, qarşılıqlı ittihamlar səngimək əvəzinə daha da qızışır.

Siyasi şərhçi Azər Rəşidoğlu son aylar baş verənləri rüsvayçılıq adlandırır. Bildirir ki, son 25 ildə Azərbaycan siyasəti belə duruma düşməmişdi. Onun fikrincə, burada əsas məqsəd orta statistik azərbaycanlıda siyasətə ikrah yaratmaq, onu siyasətdən uzaq tutmaqdır:

"Hadisələrin bu səpkidə inkişafı daha çox hakimiyyətin özünə sərf edir. İnsanları siyasətdən daha da iyrəndirmək, seçkilərdə passivliyi nümayiş etdirmək üçün görünür bu əvvəlcədən düşünlümüş bir ssenaridir. Orta statistik azərbaycanlı, ziyalı bunlara baxanda kimin haqlı, kimin haqsız olduğunu düşünmür. Sadəcə olaraq, siyasi proseslərdən üz çevirir".

Azər Rəşidoğlu əlavə edir ki, siyasi arenada belə durumun yaranmasına səbəb azad sözün boğulması, mətbuatın sıradan çıxarılması, hüquq müdafiəçilərinin işinin iflic edilməsi, siyasi partiyalara iş mühitinin yaradılmamasıdır. O çıxış yolunu tərəflər arasında dialoqun başlanmasında görür.

"XÜSUSİ ÖHDƏLİK GÖTÜRMÜŞ ÜNSÜRLƏR"

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsonov da son vaxtlar sosial media hesablarında fəal postlar qoyur, hakimiyyət təmsilçilərinə qarşı kampaniya aparıldığını vurğulayır. Əli Həsənov özünün facebook hesabında yazdığı statusda siyasətdə söyüş və qeyri-etik ifadələr işlədənləri anti-Azərbaycan qüvvələri adlandırır. Həm də əlavə edir ki, söhbət Avropada siyasi sığınacaq almış beş-on nəfərdən gedir:

“Görünür, mədəniyyət, əxlaq, tərbiyə və şərəf barədə anlayışları plintusdan da aşağı səviyyədə olan bu insanlardan qısa müddətdə möcüzəli transformasiya gözləmək əbəs imiş. Bu gün Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir”.

Əli Həsənov cəmiyyəti, diaspor təşkilatları və medianı bu məsələdə seyrçi mövqe tutmağa çağırıb.

Bundan sonra yerli mediada siyasətdə söyüşlə bağlı yazıların sayı kəskin artıb. Əsas hədəf də xaricdə yaşayan azərbaycanlılardır.

"SÖYÜŞ GÖZÜYAŞLI BACILARIMIN MƏNDƏN İMTİNAYA MƏCBUR EDİLMƏSİDİR..."

Niderlandda yaşayan Orduxan Teymurxan da özünün vieobloqlarında tez-tez Azərbaycan rəhbərliyinin siyasətini tənqid edir. Hakimiyyətin mövqeyini müdafiə edənlərin çıxışlarında da söyüş söyənlərdən biri kimi tez-tez onun adı çəkilir. Amma o deyir ki, heç vaxt kiminsə ünvanına söyüş işlətməyib, onu əslində tənqidlərinə görə hədəfə alıblar:

“Mən heç bir yerdə söyüş söyməmişəm. Söyüş varsa, tapsınlar çıxarsınlar. Mən Azərbaycan hakimiyyətinə, yüksək vəzifəli məmurlara və hakim ailəyə bir sualım var. Bütün ailə üzvlərimin, bacılarımın, körpə qız uşağının polisə aparılması, televiziyaya çıxarıb, üzr istədilmələri, gözüyaşlı bacımın məndən imtinaya məcbur edilməsi söyüş deyilmi? Bu söyüşə Azərbaycan hakimiyyəti cavab verməlidir. Mən heç kimə söyüş söyməmişəm”.

Bəs, bütün bu prosesləri kənardan izləyən sadə vətəndaşlar həmin mövzuda nə deyirlər? Onlar ölkə siyasətində nələri bəyənmir, nələrdən imtina olunmasını istəyirlər. Bakıda eşitdiyimiz cavabları diz də izləyin:

Hakimiyyət təmsilçiləri ilə xaricdəki siyasi fəallar arasında kimin kimi söyməsi, kimin birinci başlaması barədə polemikalara maraqlı şərhlərdən birini də hüquqşünas Erkin Qədirli verir.

O öz Facebook hesabında yazır ki, savaşda olduğu kimi, söyüşdə də kimin birinci başladığını bilmək önəmlidir. Amma bununla problem həll olunası deyil:

“Diktaturalar, onlara ünvanlanan söyüşdən və qəzəbdən öz siyasətlərinə haqq qazandırmaq, təmkinli və gerçəkdən ciddi tənqidçiləri və müxalifəti susdurmaq, ya da onların güclənməsini əngəlləmək üçün istifadə edirlər. Diktaturalar, söyüş və qəzəb səhnələrindən qorxu hekayələrini düzəltməkdə ustalaşırlar, hətta özləri bu cür səhnələri quraşdıra bilirlər, söyənləri populyarlarşdırırlar, sonra da, bütün bunları bəhanə gətirərək, ciddi müzakirələr üçün gərəkli ola biləcək ortamı daha da sıxırlar”.

Bu mövzu ilə bağlı bizim söhbət etdiyimiz ekspertlər əsasən bu fikri bölüşürlər ki, hazırda bir çox ictimai fəalların çıxışlarında rast gəlinən vulqar ifadələri qabartmaqda hansısa səbəbdən hakimiyyət təmsilçiləri özləri sanki maraqlı görünürlər. Onlar xəbərdarlıq edirlər ki, bu durum olan-qalan demokratik azadlıqların daha da boğulmasında əsas kimi istifadə edilə bilər.

XS
SM
MD
LG