Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:03

Xersonda asıldığı deyilən qadının hekayəti


Tatyana Mudrıenko
Tatyana Mudrıenko

Mudrıenkonun “Skadovsk Ukraynadır” dediyi üçün məhkəmə binasının qarşısında polisin havadarları tərəfindən asıldığı deyilir

Oktyabrın 7-də Ukraynanın Azov dənizi sahilindəki Sadovsk şəhərində 56 yaşlı pediatrik tibb bacısı Tatyana Mudrıenko və partnyoru, 60 yaşlı Anatoli Oryexov öz həyətlərindən oğurlanıblar. Onların yaşadığı şəhər Rusiyanın fevralın sonunda başladığı müharibənin ilk saatlarında işğal olunub.

Yerli mənbələr Mudrıenkonun əkiz bacısı Natalya Çornaya onları oğurlayan adamların rusiyalı işğalçılarla əməkdaşlıq edən ukraynalı keçmiş polis işçiləri olduğunu deyiblər.

Asıldığını deyirlər

İşğalın ilk bir neçə ayını Skadovskda bacısı ilə birlikdə keçirən Çorna sonradan özünün yaşadığı Dnepr şəhərinə dönə bilib. Dnepr Ukraynanın nəzarətindədir. Çorna bacısının oğurlandığını skadovskluların özəl sosial media qrupundan öyrənib.

Bir həftə sonra həmin qrupda Mudrıenkonun cansız bədəninin şəkli və tibbi ekspertin rəyi paylaşılıb. Ekspert qadının “boğulmadan” öldüyünü bildirib.

Rusiyalı çağırışçılar: "Ukraynaya ölümə getmək istəmirik"
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00


Sonradan qrup üzvləri Mudrıenkonun “Skadovsk Ukraynadır” dediyi üçün məhkəmə binasının qarşısında polisin havadarları tərəfindən asıldığını yazıblar.

AzadlıqRadiosu bölgədə gedən döyüşlər və Rusiyanın işğalı altında olan ərazidəki vəziyyətlə əlaqədar Skadovskdan gələn məlumatları müstəqil qaydada dəqiqləşdirə bilmir.

İnsanlar qorxu içindədir

Çorna daha sonra əlavə məlumat əldə edib. Bir nəfər ona zəng vuraraq bacısını öldürənlərin onu asmazdan öncə ağzına nəsə tökdüklərini deyib. O həmçinin Oryexovun döyülərək buraxıldığını, Mudrıenkonu dəfn etməsinə icazə verildiyini də bildirib. Çorna Oryexovla əlaqəsinin olmadığını, Skadovskda tanıdığı adamların da onun yerini bilmədiyini deyir.

Onun sözlərinə görə, şəhərdə insanlar qorxu içində yaşayırlar.

Rusiya Ukraynada mülki vətəndaşları hədəfə aldığını, yaxud müharibə cinayətləri törətdiyini inkar etsə də, həm müvəqqəti işğal altında olan, həm də artıq azad edilmiş ərazilərdə rus işğalçılarının törətdiyi cinayətlərin dəlilləri üzə çıxmaqdadır.

Ukrayna Təhlükəsizlik Xidməti oktyabrın 14-də paylaşdığı “Telegram” postunda Skadovskun da aid olduğu Xerson regionunda “müvəqqəti işğal zamanı yerli sakinlərin qətl və işgəncəyə məruz qoyulması hallarını üzə çıxardığını” qeyd edir.

İş sənədləşdirilib

Mudrıenkonun başına gətirilənlər Media İnsan Haqları Təşəbbüsü (MIPL) adlı Ukrayna QHT-si tərəfindən sənədləşdirilib. MIPL Rusiya qüvvələri və onların Ukraynadakı əlaltılarının törətdiyi insan haqları pozuntularını üzə çıxarmaq üçün jurnalistika və vətəndaş fəallığından istifadə edir.

"Anatoli bir müddət əsir saxlandıqdan sonra oktyabrın 18-də buraxılıb və ona arvadını dəfn etməyə icazə verilib. Bundan sonra onun başına nə gəldiyi məlum deyil. Çox zaman bu cür insanlar əsirlikdən buraxılsa da, onların Ukraynanın nəzarətində olan əraziyə evakuasiyasına imkan verilmir. Belə adamlar daim yenidən oğurlanmaq təhlükəsi altında yaşayır. Xerson regionunda eyni şəxsin iki və ya üç dəfə oğurlandığı halları bizə məlumdur”, – MIPL-dən olan jurnalist və təhlilçi Anastasia Pantelyeyeva Mudrıenkonun partnyoru Oryexov barədə deyib.

Pantelyeyeva əlavə edib ki, Mudrıenkonun işi Xerson regionunda işğalçıların havadarları tərəfindən ilk asılma halıdır. Ancaq o daha çox belə halın baş verə biləcəyini istisna etmir.

"Əsas işimiz bu halları qeydə alıb hüquq mühafizə qurumlarına ötürməkdir. Sonradan, bu ərazilər işğaldan azad olunanda bu halların daha obyektiv araşdırıla biləcəyinə ümid edirik”, – o deyir.

XS
SM
MD
LG