Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:32

‘SOCAR-AQŞ’ ilə bağlı 54 milyon manatlıq yeyinti üzrə məhkəmə qapalı keçirilir


“SOCAR-AQŞ” MMC-nin keçmiş baş direktoru, 54 milyon manatlıq yeyinti ittihamıyla bir ildən çoxdur həbsdə olan Ramin İsayevin məhkəməsi başlanıb. Digəl, bu qədər yeyinti ilə bağlı məhkəmə prosesi qapalı aparılır. İyulun 29-da keçirilən ilkin hazırlıq iclasına da jurnalistlər buraxılmayıb.

Düzdür, qanun baxımından bütün məhkəmə işlərinin ilkin iclası və sonda hökmün (qərarın) açıqlanması açıq keçirilməlidir. Bu, hətta dövlət, ailə, kommersiya sirləri və s. məsələlərdən bəhs olunduğundan, qapalı elan edilən məhkəmə proseslərinə də aiddir.

Sözügedən cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Jurnalistlər məhkəməyə buraxılmasa da, AzadlıqRadiosu orada baş verənlər barədə məlumat alıb.

İlkin iclasda R.İsayevin vəkilləri hökm çıxarılanadək onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırsa da, hakimlər vəsatəti təmin etməyib.

Bu məhkəmədə üç qurum zərərçəkmiş qismində tanınıb - “SOCAR-AQŞ”, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC.

“Aqrarkredit” QSC 2015-ci ilin yayında Beynəlxalq Bankın problemli kreditlərinin həlli məqsədilə yaradılıb. Yəni bankdan götürülmüş və qaytarılmayan kreditlərin toplanması, girov qoyulmuş əmlaklarla bağlı qərar vermək və s. bu qurumun səlahiyyətindədir.

Məhkəmə baxışı avqustun 2-nə təyin edilib

Zərərçəkmiş tərəf məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb, hakimlər də həmin vəsatəti təmin ediblər.

54 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə baxışı avqustun 2-nə təyin olunub. Həmin gün prokuror ittiham aktını açıqlayacaq, ardınca da dindirmələr başlanacaq.

R.İsayevin 52 yaşı var. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

R.İsayevin ittiham olunduğu məsələlərdən biri 10 il öncə Beynəlxalq Bankdan götürülmüş 16 milyon manat kreditin qaytarılmamasıyla bağlıdır.

O, ötən ilin iyulunda bu ittihamla həbs olunmuşdu. İstintaqın gedişində yeni ittihamlar ortaya çıxdı, mənimsənildiyi iddia olunan məbləğ də bir neçə dəfə çoxaldı.

İttihamda yer alan məsələlərdən biri də budur ki, R.İsayev Türkiyə vətəndaşlığı alıb, mənimsənildiyi iddia olunan milyonları orada daşınmaz əmlakların alınmasına yönəldib, bir hissəsini də banka yatırıb. Bununla bağlı R.İsayevə cinayət yolu ilə əldə olunan əmlakın leqallaşdırılması ittihamı verilib.

R.İsayev çoxsaylı qohumlarını, tanışlarını formal işə götürərək, büdcə hesabına onlara yüksək maaşlar verməkdə də təqsirləndirilir. O özünü təqsirli bilmir, ona qarşı irəli sürülən ittihamlarla razılaşmır.

XS
SM
MD
LG