Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:14

Sofiya: sizin kimi gülümsəyən və üzünü turşudan robot


Sofiya
Sofiya

Robot texnikası sürətlə inkişaf edir. İndi robotlar mürəkkəb hərəkətləri səlis yerinə yetirə bilirlər – arxaya tullana, parkur hərəkətləri edə, hətta klassik heykəlləri yapa bilirlər.

Sofiya isə daha çox insana bənzəyən görkəmi və emosiyaları ifadə edə bilməsi ilə tanınır.

«…Sofiya bir sıra emosional vəziyyətləri göstərə bilir. O, həmçinin, insanın üzündə emosional ifadələri də görür», – «Hanson Robotics»in təsisçisi Devid Hanson deyir.

Şirkət özünün Honq-Konqdakı kiçik tədqiqat və dizayn laboratoriyasında bir neçə Sofiya istehsal edib. Burada Sofiya-20, -21 və -22-nin hissələrini görmək olur.

Hansonun sözlərinə görə, indi Sofiya insan sifətindəki bütün əsas əzələləri simulyasiya etməyə qadirdir. Bu ona sevinc, kədər, maraq, fikrə dalma, təəssüf, narazılıq və başqa hisslərin üz ifadəsini göstərməyə imkan verir.

Əsl emosiyaları göstərən süni zəka

«…O sizin üz ifadənizi görərək bir növ ona uyğunlaşmağa çalışacaq. O, həmçinin, sizin bu an nə hiss etdiyinizi anlamağa çalışacaq», – Hanson deyir.

Sofiya Tbilisidə konfransda
Sofiya Tbilisidə konfransda

Dərin öyrənmə və öncədən proqramlaşdırılmış üz ifadələri Sofiyanın üzünün yeganə üstünlüyü deyil. Mütəxəssislər onun üzünü həm də material texnologiyasının ən yeni uğurlarından yararlanaraq quraşdırıblar. Üz daha yumşaq və elastik və deməli, daha real görünür. Laboratoriya, eyni zamanda, mexaniki üzün hərəkətlərini əsl üz hərəkətlərinə maksimum yaxınlaşdırmaq üçün insanın üz ifadələrinin neyrobiologiyasını və biologiyasını öyrənir.

«O, elmin insanın insanla ünsiyyətini öyrənməsi üçün alətdir. O, həmçinin, süni zəkanın təbii insan emosiyalarını ifadə etməsinə imkan verən platformadır. Biz hazırda əsl emosiyalar ifadə edə bilən süni zəka üzərində çalışırıq», – Hanson deyir.

Hanson ilk dəfə Sofiyanı düzəltməyə başlayanda onun quruluşunun dünyanın hər yerində olan insanları xatırlatmasını istəmişdi. İlham almaq üçün o, Nefertiti kimi qədim heykəllər, qədim Çin rəsmləri, Odri Hepbern və hətta öz həyat yoldaşına baxıb. Ancaq o, həm də robot həssaslığına aid bəzi şeyləri saxlamağa çalışıb.

«Onun texnologiyanın bəşəriyyəti üstələyə biləcəyi fikrini ortaya qoymaqla insanlıqla texnologiyanın kəsişməsini təmsil etməsi… çox vacib idi», – Hanson deyir.

«Eyni zamanda, texnologiya bu kimi suallar da doğura bilər: İnsan olmaq nə deməkdir? Real olan nədir, real olmayan nədir? Bizim hələ mövcud olmayan gələcəyimizin reallığı nədir?», – o vurğulayır.

«Gözəl, isti hisslər»

Sofiya 2016-cı ildə işə salınmasından bəri moda nəşrlərinin üz qabığını bəzəyib və «Moncler»in ən son reklam kampaniyasında yer alıb. Şanxay Moda Həftəsi çərçivəsində bir tədbirdə Sofiya britaniyalı dizayner Sedi Kleytonun yaratdığı 3-D mis qolbaqlar və geyimlərdə ortaya çıxıb.

«Sofiya moda, incəsənət və texnologiyanı birləşdirdiyinə görə mən bir rəssam kimi onunla işləməkdə maraqlı idim. Bu, yaradıcılıq prosesimi inkişaf etdirməyimin ən təbii, üzvi yolu idi. Məncə, o, çox gözəldir. Onun üzü çox gözəl və isti hisslər ifadə edir», – Kleyton deyir.

Sofiya modellikdən başqa həm də tok-şoulara qatılır, süni zəkadan tutmuş robotların rolunadək müxtəlif mövzularda konfranslarda çıxış edir. Ona hətta Səudiyyə Ərəbistanının vətəndaşlığı verilib. Bununla da Sofiya vətəndaşlığı olan ilk robota çevrilib.

«O, hazırladığım onlarla robot arasında dünyada həqiqətən məşhurlaşmış yeganə robotdur», – Hanson deyir.

Hanson şirkətinin dərin emosional bağlar qurmağı bacaran robotlar hazırlaya biləcəyinə ümid etdiyini deyir.

XS
SM
MD
LG