Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:58

Soros son tikəsini paylaşan rus əsgərini yada salır


Rusiya Prezidenti Vladimir Putin, arxiv fotosu
Rusiya Prezidenti Vladimir Putin, arxiv fotosu

Soros Rusiyanın müharibəni uduza biləcəyini yazır. Birləşmiş Ştatlar və Avropa İttifaqının (Aİ) Ukraynaya göndərdiyi müdafiə silahları öz sözünü deyəcək

“Çin Prezidenti Si Şinpinqin yaşıl işıq yandırmasından sonra Rusiya Prezidenti Vladimir Putin köhnə Rusiya imperiyasını bərpa etmək niyyətilə Ukraynaya müharibəyə başladı. Amma hər iki lider vəziyyəti düzgün dəyərləndirməyib, bu müharibə, onlar hakimiyyətdən devrilməsələr, qlobal fəlakət riskini artırmış oldu”. Xeyriyyəçi Corc Soros “Project Syndicate” portalındakı məqaləsində belə yazır.

Müəllif Rusiyanın fevralın 24-də Ukraynanı işğala başlamasını bütün sivilizasiyanı məhv edə biləcək üçüncü dünya müharibəsinin başlanğıcı hesab edir. İşğal isə Putinlə Cinpinqin fevralın 4-də Pekində bir araya gəlməsindən sonraya təsadüf edir. Görüşün sonunda iki lider 5 min sözlük, diqqətlə hazırlanmış sənəddə ölkələri arasında sıx tərəfdaşlığın anonsunu verdilər. “Sənəd istənilən sazişdən güclüdür və detallı danışıqlar nəticəsində ərsəyə gəlib”, – müəllif yazır.

Zelenski Rusiya ilə savaşda dönüş nöqtəsi yarandığını deyir
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Rus “ruhu”nun təhrifi

Soros Çinin Putinə Ukraynanın işğalına kart-blanş verməsindən təəccübləndiyini yazır. Müəllifin fikrincə, bütün hakimiyyəti əlinə cəmləyən Si Mao Zedonq və Denq Şiaopinqin səviyyəsinə qalxacağını düşünür.

70 yaşına yaxınlaşan Putin isə Rusiya tarixində iz qoyacağını düşünür. “Amma onun Rusiyanın dünyada roluna dair konsepsiyası təhrif olunub. Putin inanır ki, Rusiya xalqının kor-koranə ardınca gedəcəyi çara ehtiyacı var. Bu isə demokratik cəmiyyətlə birbaşa ziddiyyət təşkil edir, rus ‘ruh’unu təhrif edir”, – yazan Soros 1945-ci ildə Macarıstanı (Soros əslən macarıstanlıdır) işğal etmiş rus əsgərlərlə çox rastlaşdığını qeyd edir. Onlardan istəyəndə son tikə çörəklərini belə paylaşırmışlar.

Soros daha sonra Sovet imperiyasının parçalanmasında fəal iştirak etdiyini, Rusiyada, digər postsovet respublikalarında fondlar yaratdığını yazır. O, Çində 1984-cü ildə yaratdığı fondu 1989-cu ildə, Tiananmen qətliamından az öncə qapadıb.

Azərbaycanla Rusiya arasında biznes çökə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Putinin qəzəbi

Soros Putini şəxsən tanımadığını, amma qəddarlığına yaxşı bələd olduğunu qeyd edir. Vaxtilə Çeçenistan paytaxtı Qroznını yerlə-yeksan etmiş Putin indi də Ukrayna paytaxtı Kiyevi hədələyir.

Müəllifin fikrincə, 2014-cü il hadisələri Putini çox qəzəbləndirib. Rusiya ordusuna ukraynalı qardaşlarına hücum əmri verəndə, əmri yaxşı icra edə bilməyiblər. Ordunun özünü pis göstərməsində müdafiə kontraktlarının verilməsindəki korrupsiya da rol oynayıb. İndi isə Putin Ukraynanı dirənişinə görə cəzalandırmaq qərarı verib.

2014-cü ildə Moskva Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu il fevralın 22-də isə Putin həmin separatçı qurumları tanıyıb, iki gün sonra Ukraynaya hücuma başlayıb.

Putinin yaratdığı möcüzə

Soros Rusiyanın müharibəni uduza biləcəyini yazır. Birləşmiş Ştatlar və Avropa İttifaqının (Aİ) Ukraynaya göndərdiyi müdafiə silahları öz sözünü deyəcək. “Nəticədən asılı olmayaraq, Putin Aİ-nin qətiyyəti və birliyini gücləndirən möcüzə yaratdı”, – məqalədə vurğulanır.

Si isə Putinin nəzarəti itirdiyini anlamış kimi görünür. O, Fransa və Almaniya liderləri ilə telefon zənglərində onların sülhyaratma cəhdlərinə dəstəyini bildirib, humanitar böhranın önlənməsi üçün dünyanın maksimum təmkin göstərməsini istəyib.

“Putinin Sinin arzularına razılaşacağını dəqiq bilmirik. Yalnız ona ümid eləyə bilərik ki, Putinlə Si sivilizasiyamızı dağıtmamış hakimiyyətdən devriləcəklər”, – Corc Soros yazır.

Martın 14-də Rusiyanın Ukraynaya qarşı müharibəsinin 19-cu günüdür. Bu gün tərəflər arasında danışıqların daha bir raundu gözlənir. Dünən isə Rusiya NATO üzvü Polşa ilə sərhədə yaxın hərbi bazaya raket zərbəsi endirib, 35 nəfər həlak olub, onlarla yaralı var.

Moskvanın hücumu genişləndirməsi Avropada etirazlara səbəb olub.

XS
SM
MD
LG