Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:55

Çovdarov: ‘Hər 4 jetondan birinin pulu Tağı Əhmədovun cibinə gedib’


Tağı Əhmədov
Tağı Əhmədov

“Dövlət rəhbərliyi metropolitenin fəaliyyəti ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırmışdı. Biz də apardıq. Araşdırma zamanı məlum oldu ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib. Onun pulu Tağı Əhmədovun cibinə gedib. Hər 4 jetondan birini əldə etməklə, aya 300 min manat pul mənimsəyib”, – MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov iyulun 12-də məhkəməsində bu haqda danışıb.

“Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədov MTN işi üzrə zərərçəkmişlərdən biridir. İttihama görə, Çovdarov hədə-qorxu ilə Tağı Əhmədovdan 3 milyon pul alıb. Ötən məhkəmə iclaslarından birində dindirilən Tağı Əhmədov həmin pulun geri qaytarılmasını tələb etmiş, amma sözügedən 3 milyonun mənbəyi haqda vəkillərin çoxsaylı suallarını cavabsız qoymuşdu.

Buna da bax:​ Vəkil:"Tağı Əhmədovun 44 illik maaşı da heç 3 milyon etmir"

Akif Çovdarov məhkəmədə. İllüstrasiya, Gündüz Ağayev
Akif Çovdarov məhkəmədə. İllüstrasiya, Gündüz Ağayev

“OBYEKTİN BİRİNİ 8 MANAT 50 QƏPİYƏ İCARƏYƏ VERİB?”

"Metro stansiyalarının çıxışlarında 1200 obyektin aylıq icarəsi 200 dollardan başlayaraq, 3 min dollara qədər olub..."

Akif Çovdarov və rəhbərlik etdiyi idarədə onun tabeliyində işləmiş üç nəfərin – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Amma məhkəmə prosesi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilir.

İyulun 12-də keçirilən məhkəmə iclasında Akif Çovdarov Tağı Əhmədovun fəaliyyəti və əmlakları haqda ətraflı danışıb. Onun dediyinə görə, Tağı Əhmədov vəzifəsindən azad ediləndən sonra metropolitenin yeni rəisi Zaur Hüseynov zəng edərək, metro stansiyalarının çıxışlarındakı obyektlərin icarədarlarının metroya girişi bağlayaraq aksiya keçirdiklərini deyib. Söyləyib ki, polisə məlumat versələr də, onlar bacarmır. Çovdarovun sözlərinə görə, o, məsələni MTN rəhbərliyinə, onlar da öz növbəsində ölkə rəhbərliyinə məruzə edib. Ölkə rəhbərliyi göstəriş verib ki, məsələ ciddi şəkildə araşdırılsın.

Buna da bax: Tağı Əhmədov: 'Pulumu geri istəyirəm' [yenilənib]

"Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pul verib dövlətə..."

“Biz araşdıranda məlum oldu ki, metro stansiyalarının çıxışlarında 1200 obyekt var. Onlar 2007-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin balansında olub, sonradan “Bakı Metropoliteni”nin balansına keçib. Həmin obyektlərin aylıq icarəsi 200 dollardan başlayaraq, 3 min dollara qədər olub. Yəni obyektin həcmindən, yerindən asılı olaraq. Onlardan 3 aylıq icarə haqqı əvvəldən alınıbmış. Yeni rəhbərlik də gələn kimi o obyektləri ləğv eləmişdi. Ona görə də adamlar pullarını tələb edirdilər. Həmin obyektlər də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pul verib dövlətə. Əgər 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, hərəsini 8 manat 50 qəpiyə icarəyə vermişdi? Halbuki, adamlardan alınmış 3 aylıq icarə pulu 5 milyondan çox idi”, – Akif Çovdarov bildirib.

Buna da bax:​ Zərərçəkən: 'Bir şərtim var, Eldar Mahmudov dindirilsin'

“QARDAŞI OĞLUNDAN İMTİNA EDİB”

“Təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb, rəngləyiblər, bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib”

MTN generalı deyir ki, bu faktı üzə çıxarandan sonra məsələni yenə dövlət rəhbərliyinə məruzə eləyiblər. Bu dəfə metropolitenin fəaliyyəti ilə bağlı detallı araşdırma aparmaq haqda göstəriş verilib. Bu zaman metropolitendə quraşdırılmış aparatların hər dörd jetondan birini qeydə almaması üzə çıxıb: “Məlum oldu ki, metropoliten hər il dövlətdən subsidiya aldığı halda, bu qədər gəlir Tağı Əhmədovun cibinə gedirmiş”.

Çovdarovun sözlərinə görə, bu məlumatların bəzilərini Tağı Əhmədovun qardaşı oğlu Şövqi Əhmədovdan alıblar: “Ona görə də Tağı Əhmədov qardaşı oğlundan imtina edib”.

Buna da bax:​ 'MTN işi'ndə zərərçəkənlərin intihar cəhdləri [yenilənib] [fotolar]

MTN generalı deyir ki, agentura vasitəsilə 11 milyonluq daha bir mənimsəmənin üstünü açıblar: “Təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb, rəngləyiblər, bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib”.

“17 MİLYON DOLLARI OFŞOR HESABLARA KÖÇÜRÜB”

«“Sahil” metrosunun üstündəki binada 4 mənzil, “Yeni Həyat”da 4 mənzil, Neft Akademiyası ilə üzbəüzdə 7-8 dükan, Bakıda 6-7 bağ evi, “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində otelin 3 mərtəbəsi və böyük bir ticarət mərkəzi...»

Çovdarovun sözlərinə görə, bütün bunlar üzə çıxandan sonra Tağı Əhmədovun əmlakları ilə bağlı araşdırma aparıblar. Məlum olub ki, T. Əhmədovun Bakıdan tutmuş, Dubaya qədər xeyli əmlakları varmış: “Metronun “Sahil” stansiyasının üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüzdə 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal Rayon Məhkəməsinin yeni binasının yaxınlığındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin 3 mərtəbəsi, yenə də Dubayda böyük bir ticarət mərkəzi...

Buna da bax:​ Çovdarov Tağı Əhmədovdan 3 milyonu haradan aldığı ilə maraqlanıb

Tağı Əhmədov həmçinin Xarici İşlər nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablara köçürməklə ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, icarəyə verib.

"Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi..."

Tağı Əhmədovun təkcə “Texnikabank”da 13 milyon dollar pulu aşkarlandı. “Bank of Baku”da və “Unibank”da da vardı. “Texnikabank” bağlanandan sonra öz hesabından 9 milyon çıxarıb ofşora köçürmüşdü. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min köçürmüşdü. Onlar da pulu çıxarıb, Ruslana vermişdilər. Əlimizdə kamera görüntüləri də var idi. Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi”.

Buna da bax:​ MTN işi: '1 milyona yaxın əmlakımız, pulumuz Çovdarova verilib'

“TAĞIDAN ƏLEYHİMƏ İFADƏ ALDILAR”

Çovdarov deyir ki, prokurorluq da bütün bu mənimsəmə faktları haqda məlumatlandırılmışdı, amma prokurorluq lazımi tədbirlər görməyib.

MTN generalının sözlərinə görə, Tağı Əhmədovun oğlu Ruslan Əhmədov hava limanı istiqamətində avtomobili ilə qəza törədib: “Ruslan Əhmədov qəzanı içkili vəziyyətdə törətmişdi. Adam da ölmüşdü. Bu hadisədən istifadə edib, Tağıdan mənim əleyhimə yalan ifadə aldılar”.

"Tağı Əhmədovun oğlu Ruslan Əhmədov hava limanı istiqamətində avtomobili ilə qəza törədib"

Akif Çovdarovun dediklərinə Tağı Əhmədovdan münasibət almaq, hələlik, mümkün olmayıb. Ancaq ötən məhkəmə proseslərindən birində T. Əhmədov A.Çovdarovun ondan 3 milyon manat alması, qardaşı oğlu və daha bir qohumunun MTN-ə aparılıb döyülməsi haqda ifadə vermişdi.

Buna da bax:​ Çovdarovdan qalmaqallı açıqlama

Çovdarovun başqa bir MTN əməkdaşını göndərməklə onu şantaj etdiyini deyən T.Əhmədov bundan sonra sabiq nazir Eldar Mahmudova zəng etdiyini bildirib. Onun sözlərinə görə, nazir zənglərinə cavab verməyib. Bundan sonra T.Əhmədov dərdini nazirin, eyni zamanda əmisi oğlu olan köməkçisi Vüqar Mahmudova deməyə məcbur olub. Amma bunun da nəticəsi olmayıb. Deyir, qardaşı oğlu və daha bir qohumu aparıb MTN-də döyəndən sonra məcburiyyət qarşısında 3 milyonu Çovdarova verib.

XS
SM
MD
LG