Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:52

Telefon aludəçiliyi: dövrün xüsusiyyəti, yoxsa...


Telefonunuz sizə həzz verən şeydən boyunduruğa çevrilə bilər.
Telefonunuz sizə həzz verən şeydən boyunduruğa çevrilə bilər.

Müasir mobil telefonlar o qədər güclü, hər şeyi əhatə edən cihazlardır ki, onlardan imtina etmək az qala qeyri-mümkündür. Telefonunuz itəndə özünüzü itirmiş kimi olursunuz. Bəs görəsən, bu dövrün xüsusiyyətidir, yoxsa aludəçiliyin əlaməti?

Healthline saytı telefon aludəçiliyinin əlamətləri haqda məqalə dərc edib.

Sayt Google Trends-ə istinadən yazır ki, son 5 ildə "mobil telefon aludəçiliyi" haqda məlumat axtaranların sayı artıb.

Davranış aludəçilikləri

Sayt daha sonra yazır ki, telefondan patoloji istifadə yeni terminlərin yaranmasına yol açıb:

nomofobiya: telefonsuz qalmaq qorxusu

tekstafreniya: mesaj göndərə, yaxud qəbul edə bilməmək qorxusu

fantom vibrasiyalar: telefonunuzdan siqnal gəlmədiyi halda vibrasiya hissi

Mobil telefondan həddindən artıq istifadə çox sayda insan üçün ciddi problemdir. Ancaq mütəxəssislər bunun həqiqətən aludəçilik olub-olmaması haqda yekdil qərara gəlməyiblər. Tibb mütəxəssislərinin çoxu davamlı maddə istifadəsini nəzərdə tutmayan halları "aludəçilik" adlandırmağa tərəddüd edirlər.

Məqalədə qeyd edilir ki, mobil telefondan ifrat istifadə ilə davranış aludəçilikləri (məsələn, qumar aludəçiliyi) arasındakı mühüm oxşarlıqları gözdən qaçırmaq olmaz. Bu oxşarlıqlar bunlardır:

davranış üzərində nəzarətin itirilməsi

davranışı məhdudlaşdırmaqda ciddi çətinlik çəkmək

eyni hissi əldə etmək üçün bu davranışa tez-tez qayıtmaq

bu davranışdan qaynaqlanan ciddi mənfi nəticələr

bu davranışdan uzaq olanda gərginlik və narahatlıq yaşamaq

bir müddət davranışdan uzaq qaldıqdan sonra ona yenidən qayıtmaq

Ancaq mobil telefondan istifadə ilə davranış aludəçiliyi arasında daha bir mühüm ortaq cəhət var: beyində yaranan kimyəvi maddələr.

Həzz, yoxsa boyunduruq

İnsan beyni özümüzü yaxşı hiss etməyimizə yol açan "dofamin" adlı kimyəvi maddələr ifraz edir. Bu maddə, əsasən, rahatlıq, məmnunluq gətirən davranışlar zamanı ayrılır. Bir çox insanlarda dofamin sosial ünsiyyət zamanı ayrılır.

Çox sayda insan öz telefonlarından sosial ünsiyyət üçün istifadə etdiyi üçün ondan istifadə zamanı dofamin ayrılır.

Mobil əlavələri dizayn edənlər də bu fenomeni nəzərə alırlar. Hətta bəzi mobil əlavələrə sosial mükafatlar da əlavə edilib. "Layklar" və "şərhlər" bu qəbildəndir. Biz onları əvvəlcədən gözlənilməyən ardıcıllıqla aldığımız üçün telefonumuzu daha tez-tez yoxlayırıq.

Ancaq bu halqa bir nöqtədə dəyişə də bilər. Telefonunuz sizə həzz verən şeydən boyunduruğa çevrilə bilər.

Tədqiqatçıların bir məsələdə rəyi yekdildir: yeniyetmələr mobil telefondan istifadə zamanı daha çox aludəçiliyə bənzər davranışlar nümayiş etdirirlər.

Yeniyetmələr arasında mobil telefondan ifrat istifadə o qədər geniş yayılıb ki, 13-yaşlı uşaqların 33%-i telefonunu sutka ərzində söndürmür. Üstəlik, yeniyetmənin nə qədər erkən yaşda telefonu olarsa, o bir o qədər çox problemli davranış nümayiş etdirəcək.

Araşdırmalar həmçinin, özünü sevməyən, impulslarına nəzarəti zəif olan, narahatlıq, depressiya kimi hallardan əziyyət çəkən, həddindən artıq ekstrovert olan adamların bu problemlə daha çox üzləşdiyini göstərir. Ancaq mobil telefondan ifrat istifadənin bu halları yaratdığı, yoxsa bu halların insanları mobil telefon aludəçiliyinə sürüklədiyi haqda hər hansı bir nəticəyə gəlinməyib.

Yan təsirlər

Bəs mobil telefondan ifrat istifadə problemi ilə üzləşib-üzləşmədiyimizi necə anlaya bilərik?

Tək olanda, yaxud darıxanda telefonunuzu götürürsünüz.

Gecə bir neçə dəfə oyanıb telefonunuzu yoxlayırsınız.

Telefonunuzu götürə bilməyəndə narahat, əsəbi olursunuz.

Telefondan istifadəyə görə qəza yaşamış, yaxud xəsarət almısınız.

Telefonla get-gedə daha çox vaxt keçirirsiniz.

Telefondan istifadə işinizə, dərsinizə və münasibətlərinizə təsir edir.

Həyatınızdakı insanlar telefondan istifadənizdən narahatdırlar.

İstifadəni azaltmaq istəyəndə tez təslim olursunuz.

Mobil telefondan ifrat istifadənin mənfi yan təsirləri də heç kimə sirr deyil. Sükan arxasında mesaj göndərən adamın gözü yoldan, əlləri sükandan, diqqəti isə maşın sürməkdən ayrılır. Bu növ fikir yayınması orta hesabla gündə doqquz nəfərin ölümünə səbəb olur.

Ancaq mobil telefondan ifrat istifadənin mənfi yan təsirləri bununla məhdudlaşmır. Telefonuna aludə olan insanlarda narahatlıq, depressiya, yuxu pozuntuları, münasibətlərində münaqişələr, dərslərində və işlərində axsama müşahidə olunur. Telefonu əlinizə almasanız belə, gələn mesaj və siqnallar sizi işinizdən yayındırır.

XS
SM
MD
LG