Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:17

Trump Dünya Səhiyyə Təşkilatına ödənişi dayandıracağını deyir


ABŞ prezidenti Donald Trump deyib ki, o, öz administrasiyasına Birləşmiş Ştatların Dünya Səhiyyə Təşkilatına (DST) ödənişlərinin dayandırılması barədə göstəriş verib.

Prezident bildirib ki, bu qərar DST-nin pandemiya ilə bağlı fəaliyyətinin qənaətbəxş olmaması ilə əlaqədar verilib.

Trump aprelin 14-də bəyan edib ki, “DST özünün təməl vəzifəsinin öhdəsindən gələ bilməyib və buna görə də ondan hesabat tələb olunmalıdır”.

O əlavə edib ki, ödənişin dayandırıldığı 60-90 gün ərzində DST-nin fəaliyyəti müzakirə olunacaq.

DST deyib ki, “fəaliyyətimiz davam edəcək”

Trump iddia edib ki, DST Çindən gələn məlumatları daha yaxşı təhlil etsəydi, koronavirus epidemiyasını başlandığı yerdə dayandırmaq və insan itkilərinin qarşısını almaq olardı.

ABŞ prezidenti habelə deyib ki, BMT-nin səhiyyə agentliyi virus barədə Çinin “dezinformasiyalarını” yayıb və başqa təqdirdə qarşısı alına biləcək epidemiyanın daha geniş ərazilərə yayılmasına səbəb olub.

Qərargahı Cenevrədə yerləşən DST bu ittihamlarla və Trump-ın qərarı ilə bağlı hələki şərh verməyib.

Lakin bundan əvvəl, aprelin 14-də ABŞ-ın maliyyələşdirməni kəsə biləcəyinə dair xəbərləri şərh edərkən DST sözçüsü Margaret Harris demişdi ki, “heç nəyə baxmayaraq bizim fəaliyyətimiz davam edəcək”.

Birləşmiş Ştatlar hazırda koronavirus yoluxmalarının ən çox qeydə alındığı ölkədir.

Johns Hopkins Universitetinin son məlumatına görə indiyədək ABŞ-da 600 min nəfər COVID-19 virusuna yoluxub və bunlardan 25,500 nəfəri vəfat edib.

Trump tonunu aşağı salıb

Trump eyni zamanda bildirib ki, o tezliklə ölkədə karantinin qaldırılması, bizneslərin açılması və məhdudiyyətlərin götürülməsi üçün yeni qaydaları təqdim edəcək.

O deyib ki, bunu ştat qubernatorları ilə məsləhətləşmələrdən sonra edəcək.

Trump bundan bir gün əvvəl özünün təkbaşına karantini qaldırmaq səlahiyyətinə malik olduğunu deməklə tənqidlərə tuş gəlmişdi.

Prezident bildirib ki, deyilən tədbirlər “vaxtında və lazımınca” mayın 1-dən əvvəl başlana bilər.

Bundan əvvəl, aprelin 14-də ABŞ hökumətinin baş infeksion xəstəliklər eksperti, doktor Anthony Fauci Associated Press agentliyinə müsahibəsində demişdi ki, mayın 1-i tarixi ona bir qədər “aşırı nikbin” görünür.

Fauci-nin bu sözləri bundan əvvəl fikir söyləmiş bir çox qubernatorların dedikləri ilə uyğun səslənirdi.

Qubernatorların fikrincə, karantinin qaldırılmasından əvvəl səhiyyə rəsmiləri virusun çevik bir şəkildə test edilməsini, yeni yoluxmaların lokallaşdırılmasını və yoluxmaların izlənməsini təmin etməlidirlər.

Fauci deyib ki, “biz karantini nəyə isə əsaslanıb qaldıra bilərik”.

XS
SM
MD
LG