Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:47

Türkiyə dünyanın ilk drondaşıyan gəmisini dənizə buraxdı


Prezident Rəcəb Tayyib Ərdoğan gəminin İstanbulda keçirilən inauqurasiya mərasimində
Prezident Rəcəb Tayyib Ərdoğan gəminin İstanbulda keçirilən inauqurasiya mərasimində

Türkiyə aprelin 10-da özünün ilk universal desant gəmisini dənizə buraxıb.

Reuters agentliyi yazır ki, bu gəmi Qara dənizin qarşı sahilində olan Ukraynada müharibənin getməsi ilə bağlı artan regional gərginlik şəraitində Türkiyəyə özünün dron qüdrətini yüksəltmək imkanı verəcək.

Bu səbəbdən bir çox hərbi ekspertlər TCG Anadolu desant gəmisini “dünyanın ilk drondaşıyan gəmisi” adlandırırlar.

Bu gəmi göyərtəsində yüngül təyyarələr, əsasən helikopter və dronlar daşıya biləcək.

232 metr uzunluğu, 32 metr eni olan gəmidə habelə 1400 nəfərlik hərbi heyət və ya bir batalyon, döyüş maşınları və başqa avadanlıq yerləşdirilə bilər.

Prezident Rəcəb Tayyib Ərdoğan gəminin İstanbulda keçirilən inauqurasiya mərasimində deyib:

"Bu gəmi bizə ehtiyacımız olduğu halda dünyanın istənilən guşəsində hərbi və humanitar əməliyyatları həyata keçirmək imkanı verəcək. Bu gəmi Türkiyənin regional liderliyinin möhkəmlənməsinin rəmzi olacaq”.

Prezident əlavə edib ki, gəminin tikintisində 70 faiz yerli materiallardan istifadə olunub.

Bu da qeyd olunur ki, gəmidən xilasetmə missiyalarında da istifadə etmək mümkün olacaq.

Onun göyərtəsində bütöv bir hospital fəaliyyət göstərəcək.

Gəminin hər birində 1 tank olan 4 desant kateri var. Gəmi 13-ü tank, 27-si zirehli amfibiya maşını, 6-sı zirehli transportyor, 33-ü müxtəlif maşınlar və 15-i yükdaşıyan treyler olmaqla ümumilikdə 94-dək texnikanı daşıya biləcək.

TCG Anadolu gəmisinin hava donanmasına gəlincə isə bura 11 dron daxildir, onun anqarında 30-dək helikopter daşına bilər.

Universal desant gəmisi İstanbuldakı Sedef tərsanəsində Türkiyə-İspaniya konsorsiumu tərəfindən İspaniyanın Juan Carlos I yüngül təyyarədaşıyanının dizaynı əsasında tikilib.

F-35 olmasa da...

Ankaranın ilkin planı özünün ən böyük döyüş gəmisində F-35 B-modelli qırıcıların yerləşdirilməsi idi.

Bu təyyarələr də dronlar kimi qısa uçuş xətlərindən havaya qalxa bilir.

Lakin 2019-cu ildə ABŞ Rusiyadan S-400 raket sistemi aldığına görə NATO müttəfiqi olan Türkiyəni F-35 proqramından xaric etdikdən sonra Ankaranın inauqurasiya planı dəyişib və əvəzində TCG Anadolu gəmisi drondaşıyan gəmiyə konvertasiya edilib.

Bu da qeyd olunur ki, Türkiyə yeni gəmiyə helikopterlərdən başqa Bayraktar TB3 və Kızılelma döyüş dronları, habelə Turkish Aerospace Industries şirkətinin istehsalı olan Hürjet yüngül döyüş qırıcısı yerləşdirməyi planlaşdırır.

Reuters yazır ki, TCG Anadolu dünyada donanması əsasən dronlardan ibarət ilk döyüş gəmisi olacaq.

NATO-nun ikinci böyük ordusuna malik Türkiyənin münaqişəli Suriya və İraqla sərhədi, Aralıq və Qara dənizlərə çıxan sahil xətti var.

Ukraynada 14 aydır ki, davam edən müharibədə özünü vasitəçi kimi təqdim edən Türkiyə eyni zamanda Kiyevə döyüş dronları verib.

XS
SM
MD
LG