Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:52

Türkiyə Ermənistanla sərhəd razılaşmasının icrasına hələ də başlamayıb


Ermənistan və Avropa İttifaqı rəsmiləri ötən ay Türkiyə-Ermənistan sərhəd keçidində
Ermənistan və Avropa İttifaqı rəsmiləri ötən ay Türkiyə-Ermənistan sərhəd keçidində

Türkiyə Ermənistanla sərhədin qismən açılmasına dair razılaşmanın icrası üçün addımlar atmayıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan Milli Məclisinin spiker müavini Ruben Rubinyana istinadla xatırladır ki, bu razılaşmaya görə Ermənistan və Türkiyənin diplomatik pasportları olan vətəndaşları və üçüncü ölkələrin vətəndaşları sərhəddən keçə bilərlər.

Rubinyan və Türkiyənin yüksək vəzifəli diplomatı Serdar Kılıc bu barədə razılaşmanı bir neçə dövrə danışıqlardan sonra 2022-ci ilin iyulunda imzalamışdılar.

Keçid məntəqəsi hazır olsa da

Türkiyə-Ermənistan sərhədinin rəsmi açılışına hazırlıq çərçivəsində Ermənistan hökuməti Marqara sərhəd keçidinin tikintisi üçün özəl şirkət dəvət etmişdi. Marqara sərhəd kəndi Yerevanın 40 kilometrliyindədir.

Rubinyan iyunun 11-də bu barədə müxbirlərə deyib:

“Keçid məntəqəsi hazırdır, lakin biz bu razılaşmanın icrası üçün Türkiyə tərəfindən atılan heç bir addım görmürük”.

Rubinyan və Kılıc arasında 2022-ci ildə əldə olunmuş başqa bir razılaşma iki ölkə arasında yük daşımaları üçün hava nəqliyyatının açılmasını nəzərdə tuturdu.

Bu razılaşma da hələlik icra olunmur, hərçənd Türkiyə 2023-cü ilin yanvarında Ermənistana və Ermənistandan hava ilə yük daşımalarına icazə vermişdi. Ankara hələ də Ermənistan malları üzərində qadağanı saxlayır.

Sülh müqaviləsinə bağlı proses

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və başqa Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ankara-Yerevan münasibətlərinin bundan sonrakı yaxınlaşması Ermənistan-Azərbaycan sülh müqaviləsinin bağlanmasından asılı olacaq.

2023-cü ildə Türkiyə dövlətlərinin Qazaxıstanda keçirilən sammitində Ərdoğan habelə Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisi ilə gömrük və pasport yoxlanışı olmayan dəhlizin açılmasını tələb etmişdi.

Yerevan isə israr edir ki, onun ərazisindən keçən hər hansı nəqliyyat kommunikasiyaları Yerevanın nəzarətində olmalıdır.

Ermənistan və Türkiyə xarici işlər nazirləri Ararat MirzoyanHakan Fidan martın 1-də Antalyada keçirilən diplomatik forumun çərçivəsində dalana dirənmiş bu prosesi müzakirə etmişdilər.

Həmin konfransda Rubinyan və Kılıc da iştirak edirdilər.

XS
SM
MD
LG