Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:32

'Türkiyənin süqutu illərdir gedən prosesin nəticəsidir'


R.T.Erdoğan tərəfdarlarının yürüşü 2016
R.T.Erdoğan tərəfdarlarının yürüşü 2016

Avstraliyanın «The Sidney Herald Morning» qəzeti Türkiyənin süqutunun bu günün hadisəsi deyil, illərdir gedən hazırlığın nəticəsi olduğunu yazır. Həm də baş verənlərə görə Recep Tayyip Erdoğan hökumətini günahlandırır.

Müəllif Paul McGeough Türkiyə kimi ekzotik ölkənin alova büründüyünü, istirahətə buraya axışanların indi dünyanın başqa yerlərinə üz tutmağa başladığını deyir və hesab edir ki, bir gün indiki hərc-mərcliyi araşdıracaq tarixçilər onun arxasında elə Türkiyənin özünün, daha doğrusu, indiki hakimiyyətin dayanması qənaətinə gələcəklər.

REFERENDUMDAN SONRA OLACAQLAR

Müəllif Türkiyədə baş verənləri – terror aktlarını sadalayır, hava limanına hücumu, Rusiya səfirinin qətlini, partlayışları, «Reina» klubuna basqını yada salır. O, Qərbmeyilli, nisbətən liberal, turistlərin sevimli məkanı olan Türkiyənin jurnalistləri və ziyalıları həbsə atan, sərt qaydalarla idarə olunan avtoritar rejimə necə çevrildiyini sual edir. Özü də cavab verir –islam və demokratiyanın birliyinin rəmzi olan ölkənin qeyri-tolerantlıq, repressiya və avtokratiyadan əziyyət çəkən ölkəyə illərlə yeridilən siyasət nəticəsində döndüyünü yazır.

Müəllif R.T.Erdoğan-ın tam hakimiyyətə nail olduğunu, hətta razı qalmadığı seçki nəticələrini ləğv edib, digərini keçirdiyini, hər terror hücumundan bir pillə kimi yararlandığını vurğulayır. O, Rusiya prezidenti Vladimir Putin-dən nümunə götürərək baş nazir postundan prezidentliyə keçib, indi də bu azmış kimi, bütün səlahiyyətlərin prezidentə verilməsinə çalışır. Müəllifin fikrincə, referendumdan sonra olacaqlar hökumətin niyyətini anlamağa yetər; səsverməyə çıxarılan təkliflərə razılıq verilsə, Erdoğan hakimiyyətə tam yiyələnəcək, vitse-prezidentləri, nazirləri və digər rəsmiləri təyin etmək, ya da işdən qovmaq səlahiyyətinə, hakim partiyaya liderliyini qorumaq, fövqəladə durumu istədiyi qədər uzatmaq və hakimiyyətdə 2029-cu ilə qədər qalmaq ixtiyarına sahiblənəcək.

Əlvida, Jefferson; salam, Saddam.

R.T.Erdoğan
R.T.Erdoğan

3 SINAQ

Qəzet gecə klubuna terror hücumundan sonra Erdoğan-ın bu hadisənin də xalqını birləşdirəcəyini elan etdiyini xatırladır. Halbuki, Türkiyədə terror hücumları getdikcə intensivləşir. Həm daxildəki kürd separatçıları, həm də xaricdəki «İslam Dövləti» (İŞİD) yaraqlıları dayanmaq bilmirlər.

Müəllif Erdoğan-ın hakimiyyət hərisliyi bir yana, məhz onun hökumətinin səhvləri nəticəsində yaraqlıların Türkiyə ərazisindən Suriyaya keçə bildiyini, indi də Türkiyəyə hücumları artırdığını vurğulayır. Kürdlərin də onlara qarşı müharibə elan olunduğuna görə fəallaşdığını, hərbçilərin də elə bu hərc-mərclikdən istifadə edərək çevrilişə cəhd göstərdiyini deyir.

Çevriliş cəhdinin nəticələri də göz qabağındadır, müəllif P.McGeough 100 mindən çox jurnalistin, hərbçinin, ədliyyə və tibb işçisinin, müəllimin, hətta prezidenti tənqid edən çayçının həbsə atıldığını, ya da işdən qovulduğunu xatırladır.

Qəzet Erdoğan-ın bacara bilmədiyi 3 başlıca sınaqla üzləşdiyini qeyd edir: İŞİD, kürd separatçıları və çevriliş cəhdinin arxasında dayandığını güman etdiyi ilahiyyatçı Fethullah Gülen.

MƏQSƏDLİ SİYASƏT

Və bütün bunların fonunda, zorakılıq qorxusunun artmasıyla milli valyutanın dəyərdən düşməsi, turizm və sərmayə axınının azalmasının bir-birinə qarışdığı dövrdə hökumətin atdığı addımlar ölkənin təhlükəsizliyinə yardım etmir. Əksinə, «yerli dissidentlərə basqı ölkədəki qeyri-stabilliyi, təhlükəli radikallaşmanı bir az da gücləndirir». Türk yazar və Avropa Şurasının Xarici Əlaqələr üzrə əməkdaşı Aslı Aydıntaşbaş «The New York Times»a müsahibəsində belə deyib.

Türkiyə ordusu Suriyaya ilə sərhəddə.
Türkiyə ordusu Suriyaya ilə sərhəddə.

«Amma Türkiyə ada deyil», - qəzet yazır. Müəllif Türkiyənin Osmanlı imperiyasının süqutundan bəri geosiyasi qovşaqda özünəməxsus yer tutduğunu, həm də NATO-ya üzv olmaqla yanaşı, Avropa Birliyinə can atdığını, bununla da Qərbə meylləndiyini yada salır. İndi durum dəyişib. Müəllifin fikrincə, hökumət bilərəkdən fərqli siyasət yeridir, AB-nin guya Türkiyədən imtina etdiyini iddia edərək, Şanxay Əməkdaşlığı Təşkilatına üzv ola biləcəyinə eyham vurur.

«Əslində, Türkiyənin Qərbi vuracaq dəyənəyi var», - yazan müəllif ABŞ-ın Suriya və İraqda İŞİD-lə mübarizədən ötrü Türkiyənin müdafiə vasitələrinə ehtiyacı olduğunu, yeni administrasiyanın Erdoğan-ın Gülen-in ekstradisiyasıyla bağlı müraciətinə cavabından sonra durumun dəyişə biləcəyini vurğulayır.

TÜRKİYƏNİ SİVİL DÜNYADAN AYIRMAQ

AB-nə gəldikdə, qəzet yazır ki, qurum Türkiyəni üzv olaraq istəmədiyini açıq etiraf edə bilməz, çünki söhbət Ankaranın Avropaya, hələ ki, buraxmadığı milyonlarla qaçqından gedir.

Ancaq Erdoğan da Avropaya yalnız hədə-qorxu gəlir, qaçqın axınının qarşısını almaqdadır.

«Onun məqsədi Türkiyəni Qərbdən, sivil dünyadan ayırmaqdır, onu heç bir maneəsiz idarə edə biləcəyi, dünyəviliyin olmadığı, xalqın dini təriqətlərə bölündüyü Yaxın Şərq ölkəsinə çevirməkdir». Bunu müxalifətdə olan CHP lideri Kemal Kılıçdaroğlu «The Wall Street Journal»a müsahibəsində deyib.

Qəzet qorxunun hökm sürməsinə baxmayaraq, hətta Erdoğan-ın keçmiş həmkarlarından da bəzilərinin onu tənqid etməkdən çəkinmədiyini vurğulayır. Məsələn, hakim partiyadan –AKP-dən keçmiş millət vəkili, hakim Osman Can «The Wall Street Journal»a müsahibəsində Türkiyədəki institutların süquta uğradığını söyləyib: «İndi bizdə ağıllı siyasi qərarlar verə biləcək institut yoxdur. Hər şey bir nəfərin – Erdoğan-ın əlindədir. Və bütün qərarları bir şəxs verirsə, Türkiyənin gələcəyi ola bilməz».

XS
SM
MD
LG