Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:33

Gənclər məhkəmədə sərbəst buraxıldıqlarını deyirlər


Ə.Məmmədli
Ə.Məmmədli

Fevralın 1-i və 2-də saxlandıqları bildirilən Tələbə Güc Mərkəzinin üzvü Əhməd Məmmədli, gənclər Celil Zabidov, Orxan İsgəndərli və Samir Axundzadənin sərbəst buraxıldığı açıqlanıb.

Bu barədə Azadlıq Radiosuna danışan Əhməd Məmmədlinin sözlərinə görə, onlar Lənkəran Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb:

“Saxlananda bizim barəmizdə karantin qaydaların pozulması ilə bağlı protokol tərtib olunub. Qeyd edilib ki, biz sosial məsafəni pozmuşuq. Bu isə tamamilə qanunsuz idi, çünki biz üç nəfər idik və sosial məsafə kifayət qədər çox idi. Cəlil Zabidov isə bu gün, fevralın 2-də saxlandı. Biz bu gün bunu məhkəmədə də bildirdik. Hakim bizim sözlərimizi nəzərə alaraq bizi sərbəst buraxdı".

Əhməd Məmmədli qeyd edib ki, saxlanandan sonra onlar Lənkəran Rayon Polis Şöbəsinə gətirilib:

"Orada gecə saat 23:30-a qədər bizi sorğu-suala tutdular. Dedilər, siz müxalifətçisiniz, haradan maliyyələşirsiniz və sair. Bu gün,fevralın 2-də , günorta saatlarından sonra isə məhkəməyə gətirildik".

Bu açıqlamaya, hələlik məhkəmə və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

2019-cu il martın 24-dən koronavirusla bağlı Azərbaycanda karantindir.

Nurlan Libre: "Lənkərana niyə gəldiyimizi soruşdular"

"Fevralın 2-də məni və siyasi fəal Rüstəm İsmayılbəylini Lənkəran rayon Polis Şöbəsindən sərbəst buraxdılar. Zorla taksiyə əyləşdirərək Bakıya yola saldılar".

Bunu Lənkəranda olan reportyor Nurlan Libre bildirib. Onun deməsinə görə, fevralın 2-si səhər saatlarında Lənkərana çatıblar: "Amma Heydər Əliyev Parkında bizi polis saxladı. Adını da qoydular ki, şübhəli şəxsik. Polis şöbəsinə gətirdilər. Lənkərana niyə gəldiyimizi soruşdular. Sonra məni və Rüstəm İsmayılbəylini sərbəst buraxdılar".

Onun deməsinə görə, fəal tələbələrdən Samir Axundov və D18 Hərəkatının üzvü Cəlil Zabidov da saxlanıb. Reportyor onların hər ikisinin isə buraxılmadığını söyləyir.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Yeni saxlananların olduğu bildirilir

Reportyor Nurlan Libre və siyasi fəal Rüstəm İsmayılbəylinin bu gün, fevralın 2-də Lənkəran rayonunda saxlandığı deyilir.

Onların dünən, fevralı 1-də saxlandığı bildirilən Tələbə Güc Mərkəzinin (TGM) sədri Əhməd Məmmədlinin məsələsini aydınlaşdırmaq üçün Lənkəran rayonuna getdikləri və orada tutulduqları qeyd edilir.

"Turan" agentliyinin xəbərinə görə, deyilənlərə aydınlıq gətirmək məqsədilə Lənkəran rayon Polis Şöbəsi ilə əlaqə saxlasalar da, oradan Daxili İşlər Nazirliyinə (DİN) müraciət etməyin lazım olduğunu söyləyiblər. DİN-dən isə bildirilib ki, bu məsələ ilə bağlı hazırda araşdırma aparılır və məlumat olan kimi mediaya bildiriləcək.

+++

Fevralın 1-də Tələbə Güc Mərkəzinin sədri Əhməd Məmmədlinin Lənkəran Dövlət Universitetinin qarşısında təşkilatın bəyanatını səsləndirməyə gedərkən saxlanıldığı deyilir.

Bu barədə Azadlıq Radiosuna təşkilatdan məlumat verilib.

Məlumata görə, Əhməd Məmmədlini Lənkəran Dövlət Universitetindən əraziyə çağırılan polis əməkdaşları aparıblar.

Təşkilatdan o da bildirilib ki, bəyanat tələbələrin hüquqların pozulması ilə bağlı olub:

“Yanvar ayı ərzindəki imtahan sessiyası boyunca bütün ölkə universitetlərinin tələbələrinin illik ödənişlə bağlı problemləri yaşanıb. Tələbələrin ən çətin və ədalətsiz şərtlər altında imtahan verdiyi universitetlərdən biri Lənkəran Dövlət Universiteti idi”.

“İllik ödənişləri tamamlaya bilməyən tələbələrin imtahana buraxılmayacağı bildirilib”

Qurum iddia edir ki, imtahan ayı başlayan kimi müəyyən çətinliklər səbəbindən illik ödənişləri tamamlaya bilməyən tələbələrin imtahana buraxılmayacağı bildirilib:

“İmtahan sessiyasının gedişatında tələbələrin qiymətlərinin saxtakarlıqla kəsilməsi isə, xüsusi narazılığa səbəb oldu. Bu narazılığı onların adından çatdıran Tələbə Güc Mərkəzinə universitet rəhbərliyi tərəfindən "sizə hesabat vermək məcburiyyətində deyilik, necə edəcəyimizi özümüz bilərik" deyə sərt bir cavab gəldi”.

Təşkilat üzvlərinin sözlərinə görə, Tələbə Güc Mərkəzi, Lənkəran Dövlət Universitetinin tələbələri ilə həmrəylik nümayiş etdirmək üçün fevralın 1-də universitet qarşısında öz bəyanatını səsləndirmək qərarına gəlib.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, isə Lənkəran Dövlət Universitetindən bildirilib ki, imtahan sessiyası müddətində hər fənn üzrə tələbələrin kollokvium və imtahan yazılarını bir neçə mütəxəssis yoxlayır, nəticələr elan olunur:

“Nəticəsindən narazı olan tələbələrin şikayətlərinin araşdırılması üçün Universitetinin Apellyasiya Komissiyası yaradılıb. Universitet rəhbərliyi komissiyanın fəaliyyətini daim nəzarətdə saxlayır”.

Şikayət araşdırılır

Universitetdən habelə qeyd edilib ki, yanvarın 28-də iki tələbə “Əski əlifba” fənni üzrə kollokvium nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət edib:

“Hazırda onların şikayəti araşdırılır və nəticələr barədə onlara məlumat veriləcək”.

Amma Əhməd Məmmədlinin saxlanması və ödənişlə bağlı problemin yaranmasına dair deyilənlərə isə unversitetden hər hansı cavab almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyindən isə agentliyə bildirilib ki, bu məsələ ilə bağlı məlumat veriləcək.

Azərbaycandakı tələbələrin təqribən yarısının ödənişli əsaslarla təhsil aldığı bildirilir.

XS
SM
MD
LG