Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:58

Yarıb keçmə: Ukraynanın irəliləyişində tərəqqinin parıltısı


Ukrayna hərbçiləri Zaporojye vilayətində Rusiya qoşunlarını minaatandan atəşə tutur.
Ukrayna hərbçiləri Zaporojye vilayətində Rusiya qoşunlarını minaatandan atəşə tutur.

Ukraynanın cənubundakı Zaporojye bölgəsində Robotıne və Verbove kəndləri arasındakı ərazi açıq və düzdür. Buradakı düzbucaqlı tarlalar artilleriya zərbələrindən yaranmış kraterlərlə doludur. Ətrafdakı ağaclarsa mərmi zərbələrindən didik-didik olub. Sahələrin ortasından səngərlər, tunellər və hərbçilərin "əjdaha dişi" adlandırdığı üçkünc beton bloklar keçir. Ərazidə ağlasığmaz dərəcədə çox sayda mina var.

"Surovikin xətti" kimi tanınan bu cür üçqat istehkamları ötən il 1200 kilometrlik cəbhə xətti boyunca Rusiya generalı Sergey Surovikin tikdirib. Məqsəd ukraynalıların öz torpaqlarını geri almalarını çətinləşdirməkdir.

Ukraynanın ən böyük əks-hücumuna başlamasından üç ay keçmiş Orixiv yaxınlığında kiçik, ancaq mühüm qələbə qazanılıb: "Surovikin xətti" keçilib.

Verbove ətrafında bütün "Surovikin xətti"ni keçmək kəndi ələ keçirmək və Robotıne ətrafında azad edilmiş ərazilərin genişləndirilməsi demək olardı. Robotıne avqustun 28-də azad edilib.

Nəticədə Ukrayna ordusu Orixivdən Robotıneyə, oradan da cənuba, Tokmaka gedən əsas magistral yolu təhdid edə bilər. Tokmaksa dəmiryol qovşağı və yol kəsişməsi olması baxımından əhəmiyyətlidir. Bundan sonra Ukrayna ordusu buradan daha 50 kilometr cənubda yerləşən Melitopolu vurmağa daha yaxın olacaq və hətta Rusiya ordusunun canlı qüvvə və təchizatı işğal altında olan Krım yarımadasına daşımaq üçün istifadə etdiyi sahilboyu magistral yolu da təhdid edə biləcək.

"Tokmak uğrunda döyüş çox ağır olacaq"

"Fakt bundan ibarətdir ki, Rusiya müdafiə xəttinin təkcə birinci xətti keçilməyib, hazırda ikinci xəttin daxilində də döyüş gedir", – Ukrayna ordusunun "Aydar" batalyonu kimi tanınan birliyinin keçmiş zabiti Yevhen Dikiy deyir.

"…Tokmak uğrunda döyüş çox ağır olacaq. Onlar əllərindəki bütün ehtiyatları ora atacaqlar. İndi əsas sual kimin ehtiyatlarının daha tez bitəcəyidir. Çünki biz bu hücumda çox ciddi itkilər veririk, ancaq rusların itkiləri də çox ciddidir", – Dikiy "Nastoyaşeye Vremya"ya müsahibəsində deyib.

"Rusların böyük sıçrayışdan və Zaporojyedə nəzarətin azlığından qorxması fikri ilə mən də razıyam. Ukrayna "vur, əy, acından öldür" prinsipi ilə döyüşür. Ruslar Ukraynanın məhz bu taktikasından qorxur və buna əks reaksiya verməyə çalışırlar", – Polşa Ordusunun ehtiyat polkovnik-leytenantı, hərbi ekspert Maçiey Korovay (Maciej Korowaj) deyir.

53-cü briqadanın ukraynalı əsgəri Donetsk yaxınlığındakı cəbhə xəttində səngərdən atəş açır.
53-cü briqadanın ukraynalı əsgəri Donetsk yaxınlığındakı cəbhə xəttində səngərdən atəş açır.

Ukraynanın Tavriya qoşunlarının komandanı, briqada generalı Oleksandr Tarnavskiy də sentyabrın 2-də "The Guardian"da dərc edilən müsahibəsində qoşunların Robotıne yaxınlığında birinci "Surovikin xətti"ni qırdığını deyib.

"Düşmən təkcə Ukraynadan deyil, Rusiyadan da rezervlərini çağırır. Ancaq gec-tez rusların ən yaxşı əsgərləri tükənəcək. Bu bizə daha çox və daha sürətlə hücum etmək imkanı verəcək. Bizim üçün hər şey öndədir", – Tarnavskiy deyib.

Ukraynanın irəliləməsi və ciddi sıçrayışa yaxın olması haqda xəbərləri peyk görüntüləri və açıq informasiya mənbələri də təsdiqləyir. Bəziləri hərbi birliklər, yaxud təhlükəsizlik qurumları ilə əlaqəli olan rus hərbi bloqerləri də Ukraynanın bu irəliləyişini qeyd edir.

Kənd-kənd, gündə 700-1200 metr...

Tanınmış rusiyalı bloqer Yuriy Kotyonok Telegram postunda Verbove və Novoprokopivka arasında vəziyyətin ciddi olduğunu, Rusiyanın bu əraziyə rezervlərini topladığını, ancaq onların kifayət etmədiyini yazıb.

Ukraynalıların rusiyalıların tikintisinə aylarla vaxt sərf etdiyi "Surovikin xətləri" ilə üzləşməsi əks-hücumun sürətini ciddi zəiflədib. Buna görə də irəliləyiş çox yavaş, kənd-kənd, bir hesablamaya görə, təqribən gündə 700-1200 metr qədər baş verir.

Ukraynanın "Tavriya" birliklərinin sözçüsü polkovnik Oleksandr Ştupun sentyabrın 4-də Ukrayna televiziyasına açıqlamasında deyib ki, Verbove ətrafındakı "Surovikin xətti"nin ikinci zolağı birinci qədər güclü deyil.

Əks-hücumun sürətinin bu qədər yavaş olması Qərb paytaxtlarında məyusluq doğurub. Bu narazılıqdan istifadə etməyə çalışan Putin sentyabrın 4-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə Ukraynanın əks-hücumunu "uğursuz" adlandırıb.

Ancaq ötən həftə Rusiya komandirlərinin azı bir desant birliyini – 76-cı hava hücum briqadasını Tokmakın şimalında quru qoşunlarına dəstək üçün Kreminna şəhərinə köçürməsi haqda xəbərlər Putinin iddiasının yalan olduğunu göstərir.

"Rusiya hava birliklərinə aid ehtiyatların gətirilməsi zədələnmiş cəbhə xəttindəki boşluqları doldurmaq məqsədi güdür. Rusiya ordusu əməliyyat və strateji ehtiyatlarını işlədib bitirib. Onlar özlərini xilas etmək istəyirlərsə, başqa istiqamətlərdən ən yaxşı birliklərini götürməlidirlər. Döyüşlərin intensivliyi olduğu kimi qalsa, nəzəri olaraq payızın sonunadək Rusiya ordusu Zaporejye-Azov istiqamətini əldən buraxmalı olacaq", – Korovay deyir.

Londonda yerləşən beyin mərkəzi – Kral Birləşmiş Xidmətlər İnstitutu (Royal United Services Institute) sentyabrın 4-də dərc etdiyi hesabatında Rusiya ordusunun da hücumun ilk həftələrinə nisbətən performansını daha da gücləndirdiyini yazıb.

Ukrayna əsgərləri Zaporojye vilayətində cəbhə xəttində Rusiya mövqelərini atəşə tutur.
Ukrayna əsgərləri Zaporojye vilayətində cəbhə xəttində Rusiya mövqelərini atəşə tutur.

Yeraltı tunel şəbəkələri düzəldiblər

Hesabatın müəllifləri Cek Uetlinq (Jack Watling)Nik Reynolds (Nick Reynolds) yazırlar ki, rusiyalılar Ukrayna hücumunu qıf kimi müəyyən dəhlizlərə yönləndirmək və burada onları artilleriya və tanklarla hədəfə ala bilmək üçün mürəkkəb mina sahələri yaradıblar. Bundan əlavə, onlar hər yerdə səngərlər və yeraltı tunel şəbəkələri düzəldiblər. Rusiyalılar bu tunellərdən əsgərləri dəyişmək, silah-sursat və avadanlıq gətirmək üçün istifadə edirlər. Bəzi yerlərdə isə Ukrayna qoşunlarının xətti qırıb həmin hissəyə qədər gələcəyi halda uzaqdan partlada biləcəkləri minalı səngər tələlər də düzəldiblər.

Hesabatda rusların elektron silahlardan da daha yaxşı istifadə etməyə başladığı qeyd olunur. İndi onlar radar və dronları, üstlərinə gələn, GPS-lə işləyən raketləri daha yaxşı çaşdıra bilirlər. Bundan başqa, onlar "Ka-52" hücum helikopterlərindən istifadə edirlər. Bu helikopter ağaclıq xəttinin üzərindən peyda olur, güclü tank əleyhinə raketi atıb hündürlüyünü azaldır və beləliklə vurulmasını çətinləşdirir.

"Bu hücumun həlledici miqyasda torpaq azad edə biləcəyi ehtimalının az olduğunu nəzərə alsaq, həm Rusiya, həm də Ukrayna indi gücün döyüşlərin növbəti raunduna, 2024-cü il və daha sonraya necə keçiriləcəyi sualı ilə üz-üzədir", – Uetlinq və Reynolds yazır.

XS
SM
MD
LG