Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:21

Rusiyada Kremlə bağlı media Ukraynanın Kurska müdaxiləsini kiçiltməyə çalışır


Kursk vilayətində Rusiya Silahlı Qüvvələrinin zirehli texnika kolonu
Kursk vilayətində Rusiya Silahlı Qüvvələrinin zirehli texnika kolonu

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Kursk vilayətinə görünməmiş müdaxiləsini "provokasiya", sərhəd regionlarında "sabitliyi pozmaq cəhdi", terrorçuluq aktı adlandırıb. Amma o, baş verənləri daha cəlbedici şəkildə də təsvir edə bilərdi: İkinci Dünya savaşından bəri Rusiyanın xarici qüvvələr tərəfindən ilk işğalı kimi.

AzadlıqRadiosunun jurnalisti Robert Koulson (Robert Coalson) yazır ki, Putin müdaxiləni Rusiyanın öhdəsindən gələ biləcəyi bir şey kimi təsvir edib, amma Kiyevin sərhədin bu tayına hücumunun qarşısı, bir həftədir davam etməyinə baxmayaraq, hələ də alınmayıb.

Elə Rusiyanın dövlətin nəzarətində olan media orqanları da bu cığırla gedir, müdaxilənin miqyasını kiçiltməyə çalışır, yerli auditoriyanı inandırır ki, elə də böyük bir iş baş verməyib – əməliyyat Rusiyanın müharibədəki hədəflərinə zərbə vurmayacaq, Kremlə utanc gətirmir, Ukrayna tərəfi üçün pis bir səhv kimi başa çatacaq.

Rusiya ərazisinə ən böyük müdaxilə belə təqdim olunur

"Kursk vilayətinin sərhəd ərazisi Ukrayna döyüşçülərinin meyitləri ilə doludur və düşmənimizin yandırılmış texnikasının qəbiristanlığına çevrilib", – "Arqumentı i faktı" tabloidi avqustun 12-də yazıb. Qəzet qeyd edir ki, son bir neçə saat ərzində "nəhəng sayda" ukraynalı döyüşçü öldürülüb. Media orqanı Ukraynanın bu əməliyyatda 2 minə yaxın əsgər itirdiyini yazır. Bu isə Kiyevin ərazidə olan qüvvələrinin sayı ilə bağlı bəzi məlumatlardan daha çoxdur.

Ukrayna avqustun 6-da qəflətən Rusiyanın Kursk vilayətinə girib. Bu, Rusiya 2022-ci ilin fevralında Ukraynanı tammiqyaslı işğal etməyə başlayandan ən böyük müdaxilə sayılır.

R.Koulson yazır ki, müstəqil xəbər işinin məhdudlaşdırıldığı Rusiyada Kremlin nəzarətində olan digər media orqanlarının xəbərləri elə "Arqumentı i faktı"dan çox da fərqlənmir. Onlar Ukrayna ordusunun uğursuzluğa düçar olduğunu, Kiyevin minimum nəticələr üçün nəhəng resurslar cəlb etdiyini yazırlar. Bəziləri ehtimal edirlər ki, müdaxilənin əks təsiri olacaq, Rusiya müharibədəki hədəflərini genişləndirəcək.

Kreml əvvəlcə bu müdaxilə barədə nə deyəcəyini qərarlaşdıra bilmədi, sonradan isə sakitlik və inam aşılamaq yolunu seçib. Putin avqustun 12-də deyib ki, "düşmən mütləq adekvat cavabını alacaq, qarşımıza qoyduğumuz bütün məqsədlərə şübhəsiz çatacağıq".

Kursk vilayətinin təxliyə olunan sakinləri Tula dəmiryol stansiyasına gətirilir
Kursk vilayətinin təxliyə olunan sakinləri Tula dəmiryol stansiyasına gətirilir

Narahatlıq işartısı, günah keçisi axtarışı

"Bizdə sabitsizlik yaratmaq və panika səpmək mümkün deyil. Əksinə, onlar rusiyalıları qəzəbləndiriblər, hər kəs indi silaha sarılmağa, Rusiya ilə bu cür danışmağın mümkün olmadığını göstərməyə hazırdır", – tanınmış anti-Ukrayna aparıcı Olqa Skabeyeva "Rossiya-1" televiziyasında deyib.

Eyni zamanda bəzi xəbərlərdə narahatlıq da hiss olunur. Kurskda vəziyyəti təsvir edən Skabeyeva "mürəkkəb", "çətin" anlamını verən söz işlədib.

Bəzi məlumatlarda isə günah keçisi axtarılır, diqqət regionda hansısa çeçen qüvvəsinə, yaxud baş qərargah rəisi general Valeri Qerasimova yönləndirilir. Çoxları onu Ukraynadakı müharibəni yanlış idarə etməkdə günahlandırır.

"Nezavisimaya Qazeta" avqustun 12-də yazıb ki, Milli Qvardiya qüvvələri Kursk vilayətində Ukraynanın əks hücumlarını dəf ediblər. Qəzet xarici mətbuatdan da sitat gətirib, "The Associated Press" agentliyinə istinadla yazıb ki, Ukrayna qüvvələri Rusiya daxilində möhkəmlənə bilməzlər, çünki "onların təchizat xətləri Rusiya atəşinə tuş gələcək".

Kremldən gələn göstəriş

Rusiyadan kənarda fəaliyyət göstərən "Meduza" nəşrinin avqustun 8-də adını çəkmədiyi mənbələrə istinadla yazdığına görə, Kreml dövlət və kremlpərəst mediaya göstəriş verib ki, müdaxiləni müharibədə "yeni cəbhə" kimi təqdim etməsin, yaxud döyüşlərin Kurçatov şəhərindəki nüvə elektrik stansiyası yaxınlığında getməsinə toxunmasın.

Mediaya deyilib ki, döyüşlərə fokuslanmaqdansa, insan hekayələrini danışsınlar, məsələn, qanvermə aksiyaları, məcburi köçkünlərə sığınacaq verilməsindən yazsınlar.

Elə ölkədə ən çox satılan "Komsomolskaya Pravda" da Kursk vilayətində əməliyyatın əvvəlində Ukrayna atəşinə tuş gəlmiş monastırdan yazıb, "Onlar ritualı tank atəşi altında da dayandırmadılar" başlığı ilə.

Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Kursk bölgəsindəki vəziyyəti müzakirə edir.
Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Kursk bölgəsindəki vəziyyəti müzakirə edir.

Qərbə ittihamlar

R.Koulson yazır ki, Rusiyanın Ukraynada işğalı dövründə olduğu kimi, Qərbin ünvanına ittihamlar da yandaş mediada əskik deyil. Bəzi xəbərlərdə deyilir ki, Qərb ölkələri Kurska müdaxilədə Ukraynaya kömək edirlər. Şərhçi Aleksandr Kazakov "Birinci kanal" dövlət televiziyasına deyib ki, "bu, bir London hekayəsidir".

"London bizim ən pis düşmənimizdir. Onlar sonuncu ukraynalı ölənədək müharibənin davam etməsini istəyirlər", – Kazakov iddia edib.

Aparıcı Skabeyeva dəlil gətirmədən iddia edib ki, Ukrayna Rusiya ərazisində ABŞ hökuməti və Amerika prezidentinin tam dəstəyi və koordinasiyası ilə əməliyyat aparır.

Avqustun 9-da "Moskovski Komsomolets" (MK) Kremlin döyüş planına "eksklüziv" baxışında oxucuları əmin edir ki, hələlik, Rusiya müdaxiləyə çox güclü reaksiya verməsə də, Putin nə etdiyini bilir və doğru vaxtda cavab verəcək.

"Putin Ukraynadakı "tərəfdaşlar"ının qoyduğu qaydalarla oynamır. Putindən təcili, dramatik bəyanatlar və tədbirlər istəyirlər. Tədbirlər görüləcək, ancaq onlar Rusiya və prezidenti üçün uyğun və faydalı məqamda gələcək, düşmənə uyğun vaxtda deyil", – MK müəllifi Mixail Rostovski yazıb.

"Ukrayna ordusunun Kursk vilayətindən çıxarılması onun adekvat cavabının yalnız bir hissəsi olacaq", – məqalə belə bitir.

XS
SM
MD
LG