Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:52

Trampın qələbəsini gözə alan NATO Ukraynaya uzunmüddətli dəstəyi götür-qoy edir


NATO hazırda Pentaqonun rəhbərlik etdiyi Ukrayna Kontakt Müdafiə Qrupunun rəhbərliyini də öz əlinə ala bilər.
NATO hazırda Pentaqonun rəhbərlik etdiyi Ukrayna Kontakt Müdafiə Qrupunun rəhbərliyini də öz əlinə ala bilər.

CNN yazır ki, NATO baş katibi Yens Stoltenberq Ukraynaya uzunmüddətli dəstək üçün bir sıra variantı gözdən keçirir. Məsələdən xəbərdar üç qaynağın bilgisinə görə, bu variantlar arasında alyans üzvlərinin 5 il ərzində 100 milyard dollarlıq fond yaratması da var.

Müzakirələrlə bağlı məlumatlı yüksəkvəzifəli bir Avropa diplomatı bildirib ki, gözdən keçirilən dəyişikliklər ayrı-ayrı NATO üzvlərinin Ukraynaya hazırkı dəstəyi qısa zamanda dəyişdirə, yaxud poza bilməsini çətinləşdirəcək.

Fond Ukraynanın Rusiyaya qarşı müdafiəsini müddətsiz maliyyələşdirəcək qədər böyük olmasa da, NATO-nun ölkəyə təməl dəstəyini təmin edəcək. NATO rəsmiləri Donald Trampın noyabr seçkilərində prezident seçilə biləcəyindən və ABŞ-nin Kiyevə dəstəyi dayandıracağından narahatdırlar. Bu baş verərsə, sözügedən fond Ukraynanın müdafiəsindən ötrü həyati önəm daşıyacaq.

Çoxillik yardım proqramı?

Stoltenberq ötən həftə alyansın Ukraynaya daha çox dəstək verməklə bağlı öhdəlik götürməli, könüllü təşəbbüslərə daha az arxalanmalı olduğunu bildirib.

"Biz NATO-nun hərtərəfli yardım paketini çoxillik yardım proqramına çeviririk", - o, aprelin 3-də NATO xarici işlər nazirlərinin Brüssel görüşü öncəsi media üçün brifinqdə belə deyib.

"Bizim Ukraynaya etibarlı təhlükəsizlik dəstəyimiz olmalıdır", - bunları söyləyən Stoltenberq NATO müttəfiqlərinin artıq Ukraynaya toplam hərbi dəstəyi 99 faiz təmin etdiklərini bildirib.

Konqresdəki Tramp müttəfiqlərinin Ukraynaya davamlı dəstəyə aqressiv müqaviməti nəticəsində ABŞ-nin Ukraynaya yardımı ləngiyir. Keçmiş prezident hakimiyyətə qayıdacağı halda özünün Ukrayna siyasətinin nədən ibarət olacağı barədə aydın açıqlama verməsə də, ABŞ-nin Kiyevə milyardlarla dollarlıq yardımına qarşı olduğunu açıqca dilə gətirib.

Tramp administrasiyasının bəzi keçmiş rəsmilərinin fikrincə, o, ABŞ-nin Ukraynaya dəstəyini dərhal geri çəkməyəcək. Onlar Trampın münaqişənin sürətlə sona çatmasını istəyəcəyini və bunun üçün tərəflərin hər biri ilə söhbət edəcəyini deyirlər. Onlar etiraf edirlər ki, nəticədə Ukrayna özünün hazırda işğal altında olan ərazilərinin bir bölümünü Rusiyaya güzəştə getməyə məcbur qala bilər.

Bu addımlar atılarsa...

Qaynaqların bilgisinə görə, NATO hazırda Pentaqonun rəhbərlik etdiyi Ukrayna Kontakt Müdafiə Qrupunun rəhbərliyini də öz əlinə ala bilər. Bu qurum Ukraynaya silah çatdırılması logistikasını əlaqələndirən mərkəzi qovşaqdır.

Belə bir addım, Tramp prezidentliyi qazanarsa, Ukraynaya zəruri silah yardımının çatdırılması işinə onun təsirini azaltmağa yönəlib. Söhbət dünyanın onlarla ölkəsinin Ukraynaya göndərdiyi silah dəstəyindən gedir.

Qaynaqlardan birinin sözlərinə görə, NATO ölkələrinin ayrı-ayrılıqda Ukrayna ilə bağlı müstəqil öhdəlik götürməsi də gözdən keçirilir. Bu, Ukraynaya bütün dəstəyin NATO xətti ilə ötürülməyəcəyi və ayrı-ayrı alyans üzvlərinin kəsə bilməyəcəyi yardım mənbələrinin yaradılması demək olacaq.

XS
SM
MD
LG