Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:26

Ukrayna ordusu bir kəndi azad edir. Rusiya dronlara görə strateji aviasiyasını köçürür


47-ci briqadanın üzvü Rabotine kəndində
47-ci briqadanın üzvü Rabotine kəndində

Rusiyanın Müdafiə Nazirliyi avqustun 22-də bildirib ki, gecə ərzində Rusiya üzərində dörd zərbə dronu vurulub.

Dronlardan ikisinin Ukrayna ilə həmsərhəd Bryansk vilayətində, ikisinin isə Moskva yaxınlığında vurulduğu xəbər verilir.

Moskva şəhərinin meri Sergey Sobyanin dəqiqləşdirib ki, dronlar Moskvadan qərbdə vurulub.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov xəbər verir ki, Krasnoqorskda hava hücumundan müdafiə qüvvələri dronu vurduqdan sonra partlayışın dalğası çoxmərtəbəli binada pəncərələrin şüşələrini sındırıb və ya yaxınlıqda park olunmuş avtomobillərə ziyan dəyib.

Krasnoqorsk Moskvanın qərb ətraflarında yerləşir və paytaxtdan 30 kilometr aralıdadır.

Bugünlərdə Moskva üzərinə dron hücumlarına görə paytaxtın hava limanlarında 90-dək reys dayandırılıb və ya başqa aeroportlara səmtləndirilib.

Rusiya Moskva üzərinə dron hücumlarına görə Kiyevi ittiham etsə də Ukrayna bu xəbərləri rəsmi qaydada təsdiq etmir.

Strateji bombardmançı görünmür

Bu arada AzadlıqRadiosu Rusiyadakı Soltsı hərbi hava bazasının avqustun 21-də çəkilmiş peyk fotolarını dərc edib.

Bundan iki gün əvvəl bu bazada Rusiyanın Tu-22MZ strateji bombardmançı təyyarəsinin dron zərbəsi ilə məhv edildiyi xəbər verilmişdi.

Avqustun 21-də və 16-da çəkilmiş fotolarda məhv edilmiş təyyarənin yeri görünür və bildirilir ki, bu hücuma görə Rusiya strateji təyyarələrini başqa aerodroma aparmalı olub.

Bu da xəbər verilir ki, avqustun 21-də əldəqayırma partladıcı qurğusu olan dron Kaluqa vilayətindəki Şaykovka aerodromuna hücum edib.

Rusiya bu aerodromda da özünün strateji aviasiyasını saxlayır.

Ukrayna bu hücumun Kiyev tərəfindən edildiyini təsdiqləyib.

The Barents Observer saytı rusiyalı pilotlar və dispetçerlər arasında radiodanışıqlara istinadən yazır ki, Tu-22MZ təyyarələri dron zərbələri təhlükəsinə görə Soltsı hava bazasından Murmansk vilayətindəki Olenya uzaqmənzilli aviasiya bazasına köçürülüb.

Ötən payız Tu-16 və Tu-96 strateji bombardmançı təyyarələri də Ukraynanın Engels 2 bazasına dron zərbəsindən sonra Saratov vilayətindən bu aerodroma aparılmışdılar.

Ukrayna qüvvələri avqustun 22-də Rabotino kəndini döyüşlə işğaldan azad etdikdən sonra buradakı mülki əhalinin evakuasiyasına başlayıblar.

47-ci briqadanın döyüşçüləri adamları kənddən Bradley PDM-lərində çıxarıblar.

47-ci mexanikləşdirilmiş briqadanın mətbuat xidməti kənddə çəkilmiş videonu yayıb.

Kadrlarda uzun müddət işğal şəraitində qalmış sakinlərin öz qohumlarına zəng etdikləri və xilas edildikləri barədə məlumat verdikləri görünür.

Britaniya hərbi kəşfiyyatı avqustun 15-də xəbər vermişdi ki, Rabotinonu Ramzan Kadırovun Axmat-Şərq batalyonu müdafiə edir.

***

Avqustun 22-də Ukrayna ordusu ölkənin cənubundakı strateji Rabotino kəndini iki ay çəkən ağır döyüşlərdən sonra azad edib. Bu arada Rusiya Ukraynanın bir neçə vilayətini raket və dron zərbələri endirməkdədir. Azı bir nəfər öldürülüb, bir neçə nəfər yaralanıb.

Müdafiə nazirinin müavini Hanna Malyar avqustun 22-də deyib ki, Ukrayna qoşunları Rabotino kəndini azad ediblər. Bu kənd Zaporojye vilayətindəki Melitopol şəhərinə aparan vacib yolun üzərində yerləşir.

Melitopola nəzarət bərpa olunsa...

“Krımın darvazası” kimi tanınan Melitopol ötən ilin martında bir neçə günlük ağır döyüşlərdən sonra Rusiya qüvvələri tərəfindən tutulub.

“47-ci briqadanın əsgərləri Rabotinoya giriblər”, – Malyar Telegram-da yazıb.

47-ci briqadanın internetə yerləşdirdiyi videoda gözüyaşlı qadınlar əsgərləri qarşılayır. Briqada dinc sakinlərin kənddən evakuasiyasını təşkil etdiyini bildirib.

ABŞ-ın Hərbi Araşdırmalar İnstitutu (ISW) Ukrayna əsgərlərinin avqustun 20-21-də Rabotinoda “əhəmiyyətli taktiki uğurlar” qazandığını təsdiqləyib.

Əgər Ukrayna qüvvələri irəliləyərək Melitopola nəzarəti bərpa etsələr, iki vacib magistral yolun üstündə yerləşən, böyük dəmiryolu qovşağı olan bu şəhərdən tramplin kimi yararlanaraq Zaporojye vilayətini tam azad edə bilərlər.

Dron və raket zərbələri davam edir

Ukrayna ordusu və regional rəsmilər avqustun 22-də Rusiyanın bir sıra vilayətlərə dron və raket zərbələri endirdiyini bildirib. Rusiyanın Müdafiə Nazirliyi isə Moskva və Bryansk vilayətlərinə dron hücumlarının dəf olunması haqda məlumat yayıb, paytaxtda üç aeroport müvəqqəti bağlanıb.

Şimali Çerniqov şəhərinin atəşə tutulması nəticəsində bir nəfər həlak olub. Avqustun 19-da Rusiyanın bu şəhərə raket zərbəsində biri uşaq olmaqla azı 7 nəfər həlak olub, 129 nəfər yaralanıb.

Rusiya qüvvələrinin Krivoy Roq, Zaporojye, Kupyansk, Vovçansk şəhərlərini atəşə tutduğu xəbər verilir. Yaralılar var.

Bu arada Ukraynanın şərqində və cənubunda qızğın döyüşlərin getdiyi, Baxmutda Rusiyanın əkshücumunun qarşısının alındığı bildirilir. Şərqi Donetsk vilayətində yerləşən bu şəhər bir neçə ay çəkən ağır döyüşlərdən sonra mayda Rusiya qüvvələrinin əlinə keçib.

XS
SM
MD
LG