Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:50

Rusiya Ukraynada çox ağır itkilər verir – mənbələr


Ukrayna prezidenti Volodimir Zelenski Britaniyanın baş naziri Rişi Sunakla telefon söhbətində deyib ki, Rusiya ordusu Avdeyevka şəhərini mühasirəyə almaq cəhdlərində “minimum bir briqadasını” (bir briqadada 1-4 min hərbçi olur-red) itirib.

Zelenski qeyd edib ki, Rusiya Donbası işğal etmək üçün cəhdlərini davam etdirəcək.

O Britaniyaya Ukraynaya verdiyi dəstək və yardımlar üçün təşəkkürünü bildirib.

Zelenski hərbi əməliyyatlara rəğmən habelə Qara dənizdəki “taxıl dəhlizi” ilə ticarət gəmilərinin hərəkətinin saxlanmasına çalışacağını vəd edib.

Bu arada ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi Ağ Evdə keçirilən brifinqdə Rusiya ordusunun Ukraynada, o cümlədən Avdeyevka, Liman və Kupyansk istiqamətində hücuma keçmək cəhdlərinə dair xəbərləri şərh edib.

Kirbi deyib ki, Rusiyanın hücuma keçmək cəhdləri ABŞ administrasiyası üçün sürpriz olmayıb, çünki Putin Ukraynanı qəsb etmək niyyətindən dönməyib.

Ən azı 125 zirehli texnika

Kirbinin sözlərinə görə ABŞ Ukraynaya müdafiə üçün lazım olan bütün vasitələri Kiyevə verir. Bunlar Hava Hücumundan Müdafiə (HHM) sistemləri, tank əleyhinə Javelin raketləri, artilleriya mərmiləri, HIMAR qurğuları üçün raketlər və başqa silah-sursatdır.

Ağ Evin rəsmisi vurğulayıb ki, Ukrayna silahlı qüvvələri Rusiyanın Avdeyevka istiqamətində irəliləməyə cəhd edən tank karvanlarını uğurla dəf edir və Rusiya oktyabrın 11-dən bəri bu istiqamətdə ən azı 125 zirehli texnikasını itirib:

"Biz Rusiyadan yeni hücumlar gözləyirik. Yadda saxlamaq lazımdır ki, Rusiyanın hələ də hücum imkanları var və o yaxın aylarda müəyyən taktiki uğurlar əldə etmək imkanına malikdir”.

Rusiya komandirləri öz əsgərlərini edam edirlər

Kirbi xüsusilə vurğulayıb ki, Rusiya insan itkilərinə laqeyd olduğunu nümayiş etdirməkdə davam edir və son hücumlarında minlərlə əsgər itirib.

Onun sözlərinə görə bunlardan bəzilərini Rusiya komandirlərinin özləri güllələyirlər:

"Bizdə olan informasiyaya görə Rusiya komandirləri əmrləri icra etməkdən boyun qaçıran əsgərləri edam edirlər və Ukrayna artilleriyasının atəş xəttindən geri çəkilmək istəyən bütöv birləşmələri edamlarla hədələyirlər”.

Kirbi bildirib ki, Rusiya səfərbərlərinin döyüş hazırlığı və döyüş əhval-ruhiyyəsi aşağı səviyyədədir və onlar pis silahlanmış və hazırlıqsız əsgərləri “canlı dalğalarla” atəş altına göndərməkdə davam edirlər.

Ağ Evin nümayəndəsi vurğulayıb ki, Rusiya silahlı qüvvələri Ukrayna silahlı qüvvələrindən sayca çoxdur və Rusiya cəbhəyə daha çox canlı qüvvə göndərmək iqtidarındadır.

Onun sözlərinə görə Rusiya nəyin bahasına olursa olsun uğur qazanmaq üçün hazırlıqsız gəncləri ölümün qarşısına atır.

Ukrayna silahlı qüvvələri baş qərargahının son məlumatına görə oktyabrın 27-də Avdeyevka istiqamətində Rusiya ordusunun 20-dən çox həmləsi dəf edilib.

Avdeyevka Ukraynanın ən güclü müdafiə qurğularına malik rayonudur və Rusiya qüvvələri buranı müharibənin əvvəlindən bəri zəbt edə bilmir.

Lakin son iki həftədə Rusiya ordusu çox ağır itkilərinə baxmayaraq şəhər üzərinə güclü hücuma keçib.

Uqledardakından da ağır itkilər

ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (ISW) bildirir ki, Rusiya ordusu oktyabrın 10-dan 20-dək Avdeyevka yaxınlığında 109-dan çox zirehli texnikasını itirib.

ISW ekspertləri bu vəziyyəti yanvar-fevral aylarında Uqledar şəhəri yaxınlığında yaranmış vəziyyətlə müqayisə edirlər. Rusiya Uqledar yaxınlığında çox böyük canlı qüvvə və hərbi texnika itirmişdi.

Ekspertlərin fikrincə yaz aylarında Rusiya ordusunun hücuma keçə bilməməsi məhz bu itkilərə görə idi.

ISW-nin hesabatında deyilir ki, rusiyalılar Avdeyevka yaxınlığında Uqledarda olduğundan daha ağır itki veriblər və Rusiyanın hərbi müdafiə sənayesi itkilərin yerini doldurmaqda acizdir.

Ekspertlərin fikrincə məhz bu səbəbdən Rusiya Avdeyevka istiqamətinə əlavə qüvvələr gətirib.

XS
SM
MD
LG