Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:55

Ukrayna Xarkov vilayətində 37 yaşayış məntəqəsinin təxliyəsini elan edib


Ukrayna hökuməti Xarkov vilayətinin Kupyansk rayonunda 37 yaşayış məntəqəsinin icbari təxliyəsini elan edib.

Bu barədə sərəncam Kupyansk şəhər hərbi administrasiyasının teleqram kanalında dərc olunub.

Son günlər Rusiya ordusunun Kupyansk istiqamətində cəbhəni yarmaq cəhdləri və şəhərin atəşə tutulmasının gücləndirildiyi xəbər verilirdi.

Xəbər verilir ki, evakuasiya sərəncamı Oskol çayının sol sahilindəki yaşayış məntəqələrinə aiddir.

Bu əraziyə Kupyansk şəhərinin özü və Kupyansk dəmir yolu qovşağı da düşür.

Bundan əvvəl Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinehubov demişdi ki, ümumilikdə 11 min sakin evakuasiya edilməlidir.

Kupyansk şəhəri və Kupyansk rayonunun böyük bir hissəsi müharibənin başlanğıcında işğal olunmuşdu.

Ukrayna ordusu bu əraziləri ötən sentyabrda işğaldan azad edə bilmişdi.

Müdafiə xətti yarılmasa da...

Son həftələrdə Rusiya ordusunun bu istiqamətdə son dərəcə böyük qüvvə cəmləşdirdiyi barədə məlumatlar yayılırdı.

Liman şəhərinin yerləşdiyi bu bölgədə cəbhə xətti ötən ildən bəri dəyişməmişdi.

Lakin indi Rusiya qüvvələrinin hücuma keçdiyi və Novoselovskoe kəndini ələ keçirdiyi barədə məlumatlar gəlir.

Ukrayna Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti yarılmayıb , amma orduların təmas xətti qərbə tərəf dəyişib.

Hazırda cəbhə xəttindən Kupyansk şəhərinə 10 kilometr məsafə var.

Çox böyük zərbə qüvvəsi

Ukrayna quru qoşunlarının komandanı general Aleksandr Sırski bildirib ki, “düşmənin məqsədi müdafiə xəttini yarmaq və Kupyansk şəhərinə çıxmaqdır”.

Onun sözlərinıə görə Rusiya bu istiqamətdə böyük zərbə qüvvəsi cəmləşdirib.

Bu da xəbər verilir ki, Rusiya ordusu son günlərdə Kupyansk rayonunun şəhər və kəndlərinin atəşə tutulmasını gücləndirib.

Avqustun 10-da Kupyansk şəhərinə endirilən aviasiya zərbəsi nəticəsində şəhər bələdiyyəsinin binasına ziyan dəyib.

Avqustun 6-da Kupyanskın 3 sakini həlak olub.

XS
SM
MD
LG