Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:04

Türkiyə Rusiyanın Ukraynadan taxıl oğurlaması iddialarını araşdırır


Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu

Ukraynanın Ankaradakı səfiri iyunun əvvəllərində demişdi ki, Rusiyanın Ukraynadan oğurladığı taxılın alıcıları arasında Türkiyə də var

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu iyunun 23-də deyib ki, Ankara Rusiyanın Ukraynadan oğurladığı taxılı Türkiyə daxil bir neçə ölkəyə daşımasına dair iddiaları araşdırır.

Reuters agentliyi yazır ki, nazirin sözlərinə görə indiyədək oğurluq taxılın daşınması halları üzə çıxmayıb.

Ukraynanın Ankaradakı səfiri iyunun əvvəllərində demişdi ki, Rusiyanın Ukraynadan oğurladığı taxılın alıcıları arasında Türkiyə də var.

Səfir Türkiyədən bu məsələnin araşdırılmasını və məsuliyyət daşıyan şəxslərin aşkara çıxarılmasını xahiş etmişdi.

Rusiya bundan əvvəl Ukraynadan taxıl oğurladığına dair ittihamları rədd edib.

Ankarada Britaniyanın xarici işlər naziri Liz Trassla birgə keçirdiyi mətbuat konfransında Çavuşoğlu Ukraynanın oğurluq taxılın Türkiyəyə gətirilməsinə dair iddialarını inkar edib.

Hələki oğurluq taxıl tapılmayıb

Nazir deyib ki, Türkiyə hələlik belə halları müşahidə etməyib və aparılan təhqiqatların nəticələri barədə Kiyevi məlumatlandırıb:

"Biz hər bir belə iddianı ciddi qəbul edir və onların əsasında təhqiqatımızı aparırıq. Biz gəmilərin portlardan çıxışını müşahidə edirik və sözü gedən yüklərin sənədlərə əsasən Rusiyadan gəldiyini görürük. Biz Ukrayna taxılının və ya Rusiyanın Ukraynadan götürdüyü hər hansı başqa malların qanunsuz olaraq beynəlxalq bazarlarda satılmasının əleyhinəyik və Türkiyə olaraq belə yüklərin bizə gəlməsinə yol verməyəcəyik”.

Ukrayna XİN hələki Çavuşoğlunun bəyanatına münasibət bildirməyib.

Kiyev Rusiya Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəyə başlayandan sonra Türkiyəni Moskvanın üzərinə qoyulmuş sanksiyalara qoşulmamasına görə tənqid edib.

Bununla yanaşı Ukrayna Türkiyəyə hərbi və siyasi dəstəyinə, habelə vasitəçilik cəhdlərinə görə təşəkkürünü bildirib.

Danışıqlar davam edir

Rusiya və Ukrayna dünyada istehlak olunan taxılın təxminən üçdə birini yetişdirir. Bundan başqa Rusiyadan gübrə, Ukraynadan isə qarğıdalı və günəbaxan yağı ixrac olunur.

Lakin Ukraynanın dəniz limanları Rusiya tərəfindən blokadaya alındıqdan sonra Ukraynanın 20 milyon tonadək taxılı terminallarda qalıb.

BMT hər iki ölkəyə, habelə onların dəniz qonşusu Türkiyəyə müraciət edərək Ukrayna taxılının limanlardan çıxması üçün dəniz dəhlizlərinin açılmasına çağırıb.

Ankara bunun üçün BMT-nin təklif etdiyi planı bəyənib və Kiyev və Moskva ilə danışıqlar aparıb.

Lakin xəbər verilir ki, hələki razılaşma əldə olunmayıb.

Çavuşoğlu iyunun 23-də deyib ki, hazırda Ankara Ukrayna taxılının limanlardan çıxarılması üçün Moskva ilə danışqılar aparır.

Bundan əvvəl Rusiyanı Ukraynadan taxıl oğurlamaqda ABŞ və Britaniya ittiham etmişdilər.

XS
SM
MD
LG