Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:47

Ukrayna müharibəsində ölü və yaralıların sayı 1 milyonu keçib?


2022-ci ildə Moskvanın Ukraynaya genişmiqyaslı müharibəsi başlanandan bəri iki ölkədən “itkilərin” sayı 1 milyon nəfəri keçmiş ola bilər.

Bunu qeyri-rəsmi hesablamalara və Qərb kəşfiyyatının məlumatlarına istinadla ABŞ-ın The Wall Street Journal qəzeti yazıb.

Qəzet “itki” dedikdə həm həlak olanların, həm də yaralanaraq sıradan çıxanların sayını nəzərdə tutur.

WSJ həlak olmuş Ukrayna hərbçilərinin sayını 80 min nəfər, rusiyalıların sayını 200 min nəfər olaraq göstərir.

Ukrayna və Rusiya tərəfindən hər biri 400 min nəfər olmaqla yaralanın olduğu qeyd edilir.

Məqalədə deyilir ki, Rusiya ordusu böyük itkiləri ağır keçirir. Lakin daha az əhaliyə malik Ukrayna üçün bu itkilər daha ağır ola bilər.

Döyüş meydanlarındakı itkilər və əhali axını hər iki ölkənin gələcəyinə böyük ziyan vurur.

48 milyonluq Ukrayna əhalisinin 25-27 milyonu qalıb?

Məqalədə deyilir ki, 2001-ci ilin siyahıyaalmasına görə Ukrayna əhalisinin sayı 48 milyon nəfər idi, amma hazırda bu rəqəm Rusiyanın işğal etdiyi əraziləri çıxmaqla 25-27 milyon nəfər ola bilər.

Qəzetin təxminlərinə görə müharibə başlanandan Rusiyanı, əsasən gənc peşəkarlardan ibarət 600 min nəfər tərk edib.

Rusiya və Ukrayna müharibə itkiləri barədə məlumatları açıqlamırlar. Buna baxmayaraq təhqiqatçı və könüllülərdən ibarət bir neçə komanda açıq mənbələrə istinadla ölənlərin adbaad siyahısını tutur.

BBC-nin Rus xidmətinin, habelə Mediazona və könüllülərin apardığı belə siyahılardan birində 69 min Rusiya əsgər və zabitinin adları var.

Həlak olmuş ukraynalı hərbçilərin sayını anonim UAlosses layihəsi aparır. Həmin siyahıda 55 min 812 nəfərin adları qeyd olunub.

XS
SM
MD
LG